KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Asif Nərimanlı: Sərhədlə bağlı yeni sənəd: Bakı, Moskva və İrəvan nə istəyir?

Asif Nərimanlı: Sərhədlə bağlı yeni sənəd: Bakı, Moskva və İrəvan nə istəyir?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
367 0

Paşinyan Azərbaycanla sərhəd məsələsində yeni sənədin müzakirə edildiyini təsdiqlədi. Görünür, Putinin dünən Bakı və İrəvana zəngində yeni sənədin müzakirəsi aparılıb. Rusiya prezidentinin əvvəlcə Əliyevə zəng etməsi Bakının istəklərinin dinlənilməsi, ardınca bunu Paşinyanla razılaşdırmaq məqsədi daşıyıb.

Bakının sərhədlərlə bağlı üç istəyi var:

– Demarkasiya prosesinin maneəsiz həyata keçirilməsi;
– Qazaxın 7 kəndinin boşaldılması;
– Naxçıvanın Kərki kəndinin azad edilməsi;

Yayılan informasiyalar da bu yöndədir və kəndlərin qaytarılması əslində kommunikasiyanın açılması prosesinin tərkib hissəsi olmalıdır, xüsusilə Qazaxın kəndləri Rusiyanın Ermənistana çıxış üçün Gürcüstan marşrutuna alternativ gördüyü Qazax-İcevan yolunun üzərində yerləşir və öncə kəndlərin taleyinə aydınlıq gətirilməlidir.

Mümkündür ki, Bakının sənəddə yer almayacaq digər istəkləri də olacaq:

1. Qarabağdakı erməni qoşunlarının çıxarılması (10 noyabr razılaşmasının 4-cü bəndi);
2. Zəngəzur dəhlizinin həyata keçirilməsinə maneələrin yaradılmaması;

Bu iki məsələ üçtərəfli razılaşmalarda əksini tapıb. Bu baxımdan, yeni sənəddə əks olunmaya bilər, lakin şifahi danışıqların əsas müzakirə mövzularından biri olacaq.

Bu gün səhər saatlarında Rusiya müdafiə naziri Sergey Şoyqunun erməni həmkarlı Vaqraşak Arutyunyanla Qarabağdakı vəziyyəti müzakirə etməsinin də erməni qoşunlarının çıxarılması və sonrakı vəziyyətlə bağlı olduğu istisna deyil. Separatçılarn başçısı Araik Arutyunyanın erməni “hərbçilərlə” görüşü və “peşəkar ordu”nun yaradılması ilə bağlı açıqlaması da prosesə hazırlıq getdiyi ehtimalını gücləndirir.

Burada Rusiyanın addımları maraqlıdır. 4-cü bəndin icrası rusların Qarabağda əsas təsir rıçaqlarından birinin itirilməsidir, bu baxımdan, rusların niyə razılaşmaların icrasında tələsdiyi və “bütün şərtlərin icrasını tələb etdiyi” sual yaradır.

Birincisi, Bayden Administrasiyasının bölgəyə gəlmək istəkləri rusların hərəkətə keçməsini şərtləndirdi. Moskva anlayır ki, razılaşmların icrasının gecikməsi müharibədən sonra bölgədə saxlamaq istədiyi təsir gücünü zəiflədir və üçüncü tərəflərin müdaxiləsinə imkanlar yaradır.

İkincisi, Ermənistan hakimiyyətinin seçkidən sonra Rusiyadan uzaqlaşmaq xəttini tutacağı riskləri böyükdür. Paşinyanın KTMT-ni israrla prosesə daxil etmək cəhdi, cavabın mənfi olacağını bildiyi halda Putindən hərbi yardım istəyi də buna hesablanıb.

Üçüncüsü, razılaşmaların icrasının gecikməsi və kənar müdaxilələrin olması Rusiyanın bölgədəki “hakimliyini” risk altına atır.

Və Moskva sərhədlərin demarkasiya ilə bağlı yeni sənədin imzalanması və üçtərəfli razılaşmaların bütün şərtlərinin icrasına zəmanəti təzələməklə üçüncü tərəflərin onun “hakimliyinə” yarada biləcəyi riskləri önləmək istəyir.

– Sərhədlərin demarkasiyası məsələsinin şifahi, yaxud ictimaiyyətə bəlli olmayan formada razılaşdırılması Ermənistanın maneələr törətməsinə imkan yaradır və məsələnin rəsmiləşdirilməsi ilə üzərinə konkret öhdəliklər qoyulacaq;
– Moskva bununla seçkidə Paşinyan hakimiyyətinin də səslərinə təsir edir və əsas məqsədi öz komandasının, xüsusilə Koçaryanla daşnakların qurduğu seçki blokunun parlamentə düşməsini təmin etmək istəyir;
– Yeni sənəd və üçtərəfli razılaşmaların icrasının bir daha gündəmə gətirilməsi Ermənistan hakimiyyətinin seçkidən sonra da Moskvadan asılılığını davam etdirəcək;

Proseslər sərhəddə baş verənlərin və orduya anti-terror əməliyyatına hazırlıq tapşırığının Ermənistanı “məcburetmə taktikası” olduğunu bir daha aydınlaşdırır. Bakı yaranmış situasiyadan ağılla istifadə edir və ABŞ-ın bölgədəki “ayaq səsləri”nin eşidilməsindən narahat olan Moskvanı seçim qarşısında qoyur: razılaşmaların bütün şərtləri icra edilməsə rusların bölgədəki maraqları və vasitəçilik missiyası təhlükə altına düşəcək.

Nikol Paşinyanın da yeni sənədlə bağlı öz maraqları var:

– Sərhədlərin demarkasiyası məsələsinin ictimaiyyətə açıqlanmayan formada razılaşdırılması Paşinyana qarşı ictimai təzyiqə əsas yaradırdı. Məsələnin rəsmiləşdirilməsi hakimiyyəti “gizli şəkildə torpaqları verirlər” ittihamlarından xilas edəcək.

– Paşinyanın Moskvanın vasitəçiliyi ilə yeni sənədin imzalanmasına razı olması seçkidə Rusiyanın ona toxunmasına qarşı “qalxan” ola bilər. Minasyanın “Yeni son demarkasiya işlərini tənzimləyən sənədlər 30 iyuna qədər hazırlanacaq və paraflanacaq” sözlərinə inansaq, prosesin seçkidən sonra həyata keçiriləcəyi və bununla seçkidə Nikola qarşı rus təhlükəsinin neytrallaşacağını deyə bilərik.

Yeni sənəddə Ermənistanın nə istəyəcəyi suallar yaradır. Paşinyanın “Bəli, Azərbaycanla yeni müqavilə imzalanacaq. Əgər həmin sənəd anti-ermənidirsə, niyə Minasyan həmin sənədin yalnız bir hissəsini yayımlayıb?” sözləri də erməni tərəfinin “maraqlarının” təmin edilməsini istədiyi deməkdir, lakin hansı maraqlar?

Azərbaycanın Qarabağdakı ermənilər, ümumiyyətlə Ermənistanın Qarabağdakı fəaliyyəti ilə bağlı heç bir güzəştinin olmayacağı məlumdur. Ordunun anti-terror əməliyyatına hazır olması da bunu deməyə əsas verir. Sərhədlə bağlı da güzəşt olmayacaq, çünki baş verənlər və ardınca yeni sənədin gündəmə gəlməsi də Bakının istəklərinin öndə olduğu deməkdir. Mümkündür ki, Qaragöl hövzəsindən SSRİ dövründə olduğu kimi birgə istifadə ilə bağlı razılaşma olsun.

Asif Nərimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir