Nikol Paşinyan Ermənistanın sərhədin delimitasiya və demarkasiyası üzrə Rusiya vasitəsilə Azərbaycana təqdim etdiyi təklifin “güzgü prinsipi”nə əsaslandığını təsdiqlədi: qoşunlar qarşılıqlı olaraq geri çəkilir, bundan sonra delimitasiya-demarkasiya prosesi üzrə danışıqlar aparılır;
Prezident İlham Əliyev cənubdan şimala (Arazdan Murova qədər) doğru dövlət sərhədinə çıxdığımızı açıqlamışdı. İrəvanın istəyir ki:
– Azərbaycanın müharibədən sonra faktiki olaraq çıxdığı dövlət sərhədindən qoşunlarını geri çəksin;
– Sərhədin müəyyən edilməsi məsələsi yalnız bundan sonra müzakirəyə çıxarılsın;
Paşiyan təklif edir ki, sərhədlər 1991-ci ildə MDB-nin yaradılması ilə bağlı sazişə əsasən müəyyən olunsun. Ermənistan bununla sərhədin SSRİ xəritələrinə uyğun müəyyən edilməsi məsələsini gündəmdən çıxarır: qeyri-rəsmi məlumatlara görə, əsas müzakirə mövzusu 1975-ci ilin xəritəsidir və bu xəritə ilə sovetlər dövründə otlaq və əkin sahəsi ilə Ermənistana verilən ərazilər də Azərbaycana qaytarılmalıdır; 1991-ci ilin sərhədləri bu ərazilərin Ermənistanda qalmasına imkan verir;
Ermənistan “güzgü prinsipi” ilə sərhəd məsələsini sıfırlamaq və yeni danışıqlar prosesi başlatmaqla qazanclı çıxmaq istəyir. Və bu, sərhəddə eskalasiyanın yenidən başlaması riskini artırır. Çünki Azərbaycanın “güzgü prinsipi” ilə razılaşmayacağı bəllidir və mümkündür ki, Ermənistan bu istəyini aktuallaşdırmaq və Moskvanın Bakıya təzyiqinə nail olmaq üçün bütün sərhəd boyunca təxribatları genişləndirəcək.
Bunun fonunda erməni baş nazirin dəmir yolu və avtomobil yolunun açılmasına razı olduqları, eləcə də məqsədlərinin Azərbaycanla sülh sazişini imzalamaq olduğuna dair dedikləri daha çox “sülh istəyən tərəf” pozasını verməyə bənzəyir.
Burada Moskvanın İrəvananın prosesi uzatmaq istəyinə qəribə görünən səssizliyi, hətta Bakıya göndərilən təklif-tələbə “poçtalyonluq” etməsi Rusiya-Qərb qarşıdurması fonunda təsadüfi deyil:
– Müttəfiq kimi gördükləri Ermənistanı narazı salmaq və “rus ittifaqları” daxilində çatların yaranmasını istəmirlər;
– Azərbayacanın Moskva-Vaşinqton cəbhəsində manevr imkanlarını daraldırlar;
Proseslər faktiki olaraq qeyri-sabitliyin yaranması istiqamətində inkişaf edir.
Asif Nərimanlı Kafkassam