KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Asif Nərimanlı : Papanın Mesopatomiya çöllərində böyük planı.

Asif Nərimanlı : Papanın Mesopatomiya çöllərində böyük planı.

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
324 0

Papa Fransiskin dünyanın gündəmi olan İraq səfəri özü ilə bir çox sualları da önə çıxardı: Mesopatomiya səhrasında hansı tufanlar qopacaq?!

Katoliklərin müqəddəs atasının bu səfərində Vatikanın xarici siyasət prioritetləri aydın görünür:

1. İŞİD terrorundan sonra İraqdan köç edən xristianların bölgədə qalmasını təşviq etmək;
2. Rus Pravoslav Kilsəsinin artan təsirinə qarşı balans yaratmaq: Rusiyanın Suriyaya müdaxiləsindən sonra bölgədə rus kilsəsinin güclənməsi müşahidə olunur, Vatikanın indiki mərhələdə buna qarşı İraq xristianlarının köçünün qarşısını almaq və bu ölkəni pravoslavlığın təsirinə qarşı bölgədə dayaq nöqtəsi olaraq istifadə etmək gedişləri var;

Bu səfər fonunda əsl adı Corge Mario Bergoglio olan Roma Papasının adını götürdüyü, XII əsrdə yaşamış italiyalı keşiş Fransisk Assisilinin irəli sürdüyü tezis də yada düşür: Müsəlmanları xaçlı səfərlərlə deyil, birlikdə yaşayaraq, xristianlaşdırmaq mümkündür. 8 əsr sonra Fransiskin adını daşıyan Corgenin katoliklərin lideri kimi səfər etdiyi İraqda “qardaşlıq, dialoq” mesajını verməsi, “Siz bizim, biz də sizin bir parçanızıq” sloqanı təsadüfdürmü?!

Vatikanın əsrlərə söykənən siyasəti fonunda təsadüf deyil. Bu, ümumi tablodur və 2019-cu ildə Körfəzə səfər edən Papa sünni dünyası ilə yaxınlaşdıqdan sonra İraqda şiə dünyasına doğru adını götürdüyü Fransiskin izindən yola çıxır. Hərçənd, səfər pazlında hər bir parça önəmlidir.

Ən önəmli parçalardan biri Papanın Ayətullah Sistani ilə görüşü idi. Və Vatikan liderinin bölgədə nə axtardığı suallarının cavabı da məhz bu görüşdə gizlidir.

Burada birincisi hədəfə gedən istiqamət, ikincisi ana hədəf olmaqla iki məqam önə çıxır:

– İranla ittifaq, yoxsa İrana qarşı ittifaq?!
– İslam daxilində parçalanmanın dərinləşməsi planımı?!

İranla ittifaq: Vatikanın şiə dünyası ilə dialoqunun köklü tarixi var. Sistani ilə görüşü də bu prosesin davamı hesab etmək mümkündür.

İraqda İranın dini təsirində əsas oyunçu olan Sistani “Vilayəti-Fəqih” nəzəriyyəsini (İmam Mehdinin səlahiyyətli nümayəndəsi) qəbul etmədiyi üçün ölümə məhkum edilən Ayətullah Şəriətmədari və eyni “günaha” görə İraqa sürgün edilən, sonra qətlə yetirilən müəllimi Əbülqasim Xoyi deyil. O, nə qədər Qərbə açıq olsa da, Xomeyni xəttinə qarşı çıxmır və bu, Papa-Sistani görüşünə dair ehtimalları formalaşdırır:

– Katolik Baydenin Oval kabinetə gəlişindən sonra Papa İranla yaxınlaşmanı dini müstəvidə davam etdirir;
– Bayden-Papa ittifaqı İranı İslam dünyasında Türkiyəyə, həm də Türkiyəyə bu və ya digər formada dəstək verdiyi görünən ingilislərə qarşı irəli sürür;
– Sistani üzərindən İranla yaxınlaşmaq eyni zamanda, ingilislər dəstəklədiyi “bir kəmər bir yol layihəsi”nin cənub dəhlizində möhkəmlənmək, Çinə qarşı oynamaq ola bilər;

Katolik Bayden “Amerikanı qaytarmaq”, katoliklərin lideri isə din üzərindən maraqlarını həyata keçirmək istəyir.

Lakin açıq qalan sual var: Papa Xamenei ilə yox, niyə məhz Sistani ilə görüşür?

Ayətullah Sistani Xoyi olmasa da müstəqil oyunçu kimi davranır, İranın dini dairələri ilə fikir ayrılıqları var, xüsusilə son üç ildə bu fikir ayrılığı açıq müstəvidə müşahidə olunur (Haşdi Şabi qruplaşması üzərindəki fikir ayrılıqları, Sistaninin 2019-cu ildə İrandakı etirazlarla bağlı Xameneinin fətvasını batil və günah adlandırması və s.) və Qərblə münasibətlərə iranlı ayətullahların gözündən baxmır.

Bu kontekstdə “İranla ittifaq” ehtimalını zəiflədən məqamlar da önə çıxır:

– ABŞ-ın İranla “nüvə anlaşması” məsələsində mövqeyi Obama dövründəkindən fərqlənir: Bayden Amerikası İrana nisbətdə İsrailin mövqeyinə daha yaxın çıxışlar edir; Vaşinqton-Tehran danışıqlarında anlaşılmazlıq aydın görünür;
– Yəməndə İranın dəstəklədiyi husilər yanvar ayında terror təşkilatları siyahısına daxil edildi, fevral ayında siyahıdan çıxarıldı: Vaşinqtonun husilərlə gizli danışıqlar apardığına dair məlumatlar fonunda bu addım gizli razılaşmanın olmasını da istisna etmir;
– Suriyada İranın dəstəklədiyi qruplaşmaların mövqeləri bombalanır;
– Və Papa İraqdan sonra Livana səfər edəcək: İranın bölgədə silahlı gücü olan Hizbullahın vətəninə;

Burada İranın sərgilədiyi qarışıq və fikir yayındırıcıdır, bunu anlamaq üçün bu ölkənin daxili siyasi mənzərəsinə baxmağa zərurət var: “nüvə anlaşması” islahatçı qanadı təmsil edən Ruhani hakimiyyətinin “meyvəsidir”; Xameneinin liderlik etdiyi mühafizəkar qanad “nüvə anlaşması”na əvvəldən isti münasibət göstərmirdi; Obamanın dövründə İranda güclən islahatçılar Trampın dövründə zəiflədi və Baydenin gəlişi ilə islahatçılar yenidən önə çıxmağa çalışır; (iyun ayında prezident seçkiləridir, islahatçıların “nüvə anlaşması”nı yenidən diriltmək cəhdləri, mühafizəkarların isə daha çox gözləmə mövqeyində olmasının daxili səbəbləri buradan qaynaqlanır); Və ən mühüm detal mühafizəkarların islahatçılardan fərqli olaraq, Çinə isti baxışlarıdır: mühafizəkar qanad “bir kəmər, bir yol” layihəsini Azərbaycanın yerləşdiyi Orta Dəhlizdə birləşdirəcək “Altılıq platforması”nı yaxına buraxır (İranın mövqeyi prezident seçkilərindən sonra daha aydın görünəcək);

– Qarabağ müharibəsində daha çox Xamenei cəbhəsindən Azərbaycana dəstək mesajlarının gəlməsi, Zəfər paradında Ərdoğanın Araz şeirinə məhz Cavad Zərifin yersiz və isterik reaksiyası, yenə Zərifin “Altılıq platforması” üçün regiona səfərində 5+1 formatı ilə çıxış etməsi təsadüfi deyildi.
– Bayden Amerikasının Türkiyənin regionda varlığına qarşı islahatçıların İranından istifadə etmək niyyətinin olması mümkün görünür: yenə Zərif Türkiyəni Suriyada “işğalçı” adlandırdı;

Düz və tərs məntiq, paralel və çarpaz gedişlər, uzlaşan və toqquşan maraqların olduğu mürəkkəb oyun gedir. Bunun fonunda proseslərin inkişafı İranın bölgədə şiəlik üzərindən həyata keçirdiyi siyasəti doğramaq üçün məhz ideoloji cəbhələrdən hücuma keçildiyi fikrini önə çıxarır: Papa-Sistani görüşü bu cəbhələrdən biri hesab oluna bilər;

– Nəcəf şəhəri şiə dünyasında əsas ideoloji mərkəzlərdən biri və İranın Qum şəhərinə alternativdir; Nəcəfdə yaşayan Sistani İran əsilli olsa da, zaman-zaman İraqın maraqlarına yaxın ərəb kimliyində görünür və bölgədə İran dini ideoloji liderləri qarşısına çıxarıla biləcək liderdir; Sistani üzərindən İraqın İranın dini təsirindən çıxarılması və “Mülayim İslam” layihəsində yer alan ərəb ölkələri ilə milliyyətçilik üzərindən yaxınlaşdırılması ssenarisi, eyni ssenarinin Yəmən və Livanda da həyata keçirməsi planı mümkündür;
– Trampın dövründə təməlləri atılan məzhəb daxili qarşıdurma – Nəcəf-Qum toqquşması Bayden tərəfindən Papanın vasitəçiliyi ilə aktiv mərhələyə keçirilir;

Bu geosiyasi oyunda İslam daxilində parçalanma planı ana hədəflərdən biridir.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üzərindən yürüdülən “Mülayim İslam” siyasəti ilə sünni cəbhəsi gücləndirilir, Sistani üzərindən şiə cəbhəsi, həm məzhəb daxili, həm də məzhəblərarası ixtilaflar daha da sərtləşir: sünni məzhəbində Türkiyə və ərəb dünyası, şiə məzhəbində İran və şiə ərəblər;

Burada Papanın İraq səfərini Həcc ziyarəti kimi təqdim etməsi düşündürücüdür.

Həcc ziyarəti və Ərbəin mərasimi: İran şiəliyinin təməllərindən biri halına gətirilən Ərbəin mərasimi bir çox hallarda Həcc ziyarətinə alternativ kimi təqdim olunur. Burada İranın maraqları var.

– Ərbəinin Həccə alternativ olaraq təqdim edilməsi ilə bütün şiə inanclıların Kəbəyə yox, Kərbəlaya gəlməsini təmin etmək, beləliklə, İslam aləmində ikinci dini-siyasi mərkəzə çevrilmək;
– Region ölkələrinin inanclı əhalisini mərasim ətrafında toplamaq və bu gücdən siyasi hədəflər üçün istifadə etmək;

İraq və Sistani bu siyasətdə əsas açarlardan biridir: Mərasim İraqda Sistaninin dəstəyi ilə keçirilir.

Papanın İraq səfərində Həcc ziyarəti mesajını verməsi Ərbəin mərasiminin Sistani üzərindən İranın nəzarətindən çıxarılması və bu mərasimin Həcc ziyarətinə alternativ olmasının gücləndirilməsi ilə nəticələnə bilər.

a) İslam dünyasında bölünməni ölkələr yox, ideologiyalar üzərində genişləndirmək;
b) Ərbəinin önə çıxarılması ilə İslamın 5 təməlindən biri olan Həcc ziyarətini məzhəb ziyarətinə çevirmək;

Böyük tablo belə görünür. Mesapotomiya çöllərinə yeni tufan yaxınlaşmaqdadır…

Asif Nərimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir