Son 10 gündə bölgəmizə böyük təsir edəcək siyasi hadisələr yaşandı. Belə ki, həm qonşu erməni toplumu, həm də İran xalqı siyasi seçki yarışı keçirdi və bu yarışlarda Qərbyönümlü Nikol Paşinyan yenidən hərbi yenilgiyə rəğmən, xalqdan yetki aldı. Həmçinin İranda isə Ali dini liderə yaxınlığı ilə seçilən Ədliyyə özkeçmişli İbrahim rəisi İranın prezidenti seçildi.
Bölgəmizdəki seçkilər Rusiyanı hazırkı gerçəkliklə barışdırmağa, İranı və erməni toplumunu isə yeni bir dönəmə doğru götürmüş olacaq.
Düşmən ölkədə keçirilən seçkilərdə xalqın yenidən Paşinyana mandat verməsi Moskvanın Qafqazda tez-tez “iqtidar dəyişdirmə” istəyən qafasına 3 milyonluq ölkə tərəfindən endirilmiş ikinci bir çəkic oldu. Bununla haylar Moskvanın deyil, özlərinin təyin edəcəyi liderin iradəsi əsasında öz gələcəklərini bəlirləyəcəklərini nümayişkəranə şəkildə ortaya qoymuş oldu. Digər tərəfdən, ölkəsinə torpaq qazadıran işğalçı Köçəryanın Moskvanın dəstəyinə rəğmən, seçkidə uduzması erməni xalqının öz coğrafiyasına yeni torpaqlar qazandıranların deyil, onun özünə demokratik azadlıqlar verənin dəstəkçisi olacaqlarını göstərmiş oldu. (Doğrudur, Röçəryan-Sarkisyan kimi Moskvanın siyasi ifrazat artıqları erməni xalqından qarət etdikləri milyardlıq talanlarla da bağlı xeyli imic itkisinə səbəb omuşdu. Düşündürücüdür ki, eyni taleyin cığırları ilə öz sonuna doğru indi Azərbaycan iqtidarı yürüməkdədir). Yəni, onlar – erməni xalqı seçkidəki iradələri ilə böyük ölkənin deyil, böyük səs birliyinin təsirli olduğunu həm də Azərbaycan xalqına ismarlamış oldular. Gerçəkdən də, güc bilrikdədir. Bu seçki ilə Azərbaycan iqtidarına və müxalifətinə də ciddi mesajlar göndərilmiş oldu. Bu haqda bir qədər sonra…
Artıq əminliklə deyə bilərik ki, istər Gürcüstanda, istər rəsmi İrəvanda özünə “layiqli” “arxa baxça” oluşdura bilməyən rəsmi Moskva artıq bölgəmizdən gedici olduğunun ayaq səslərini duymaqdadır. Son zamanlarda gələn siyasi açıqlamalar və həmlələrlə Qafqazda güclənən qardaş Türkiyə və Avropa üstünlüyü Moskvanın nüfuzunu yetərincə aşağı endirməkdədir. Həm güc balansında, həm də siyasi dayaqları olan iqtidarlar baxımdan yetərsiz qalan Kremlinin bir tək Azərbaycan iqtidarından sallanıqlı qalaraq son zamanlarda özünün bu bölgədəki yerini dolduran rəqibləri ilə öz oyun müqavimətini tarazlaya bilməyəcəyi açıqca görünür.
İqtidarın Ermənistandakı seçkidən alacağı dərs nələrdir? Düşünürəm ki, Ermənistandakı seçkilərdə Moskvanın iqtidar dəyişdirmək və təyin etdirməək məğlubiyyəti Azərbaycan siyasi hakimiyyətini əməllicə qorxuya salıb. Yəni, dediyim odur ki, həm tarixi şərtlər, həm yeni siyasi güc mərkəzlərinin Qafqazda nüfuz qazanması Azərbaycandakı iqtidarımızın qarşısında “yalnız Rusiya” ilə səyahətinin çox qısa olacağını açıqca sezdirməkdədir. Ayrıca, Azərbaycan müxalifətini də, əsas diqqəti mandatı xalqdan almağa yönəldərək,iqtidar olma yolundakı hesablamalarda böyük gücləri arxa plana ataraq, xalqla birbaşa çalışma istəyi ilə millətə arxalanmağa sövq edir. Dediyim odur ki, Azərbaycan xalqı da, Qafqazda olan bütün siyasi güclərə-böyük dövlətlərə özünün seçəcəyi iqtidarın iradəsi altında yürümək istədiyini əzələ nümayişi ilə göstərə bilər.
Doğrudur, Ermənistandan fərqli olaraq Azərbaycanda demokratik seçkilər yoxdur. İqtidar xalqn bu hüququnu öz saxtakarlıqları ilə zəbt edib. Ancaq dünyanın bütün yerlərində iqtidarları dəyişdirən həlledici aktyorun xalq olduğunu nəzərə aldıqda, xalqla işləmək anlayışı ilə yola çıxılarsa, əminəm ki, xalqımız öz xilası üçün ona uzadılmış bu siyasi müxalif əli CƏSARƏTLƏ taclandırıb savaş meydanlarındakı hərb komandirlərindən sonra, bu dəfə isə mübarizə və etiraz meydanlarındakı siyasi lideri tək buraxmayacaq. – Bu cümləmə heç bir şübhəm yoxdur. Azərbaycan xalqı bu kütləvi etirazlara hazırdır. Yetər ki, xalqa o “ötürmə” göndərilsin ki, ona heç bir yaşam hüququ tanımayan, zülm-işgəncə və əzab yaşadan iqtidarın yaratmış olduğu 27 illik həbs həyatı azadlıq və dünyaya səs salmaqla tamamlansın.
Xalqımız da bilir ki, iqtidar ona bu siyasi hakimiyyətdən azad olması üçün kütləvi, gur etirazdan başqa bir seçənək tanımır.
Əminəm ki, illərdir gözlərimizin önündə “beyin ölümü” yaşayan Azərbaycan siyasi iqtidarının “bədən ölümü” yaşayacağı gün çox yaxınlardadır.
Qazanan xalqımız olsun!
Arzu Sayadoğlu