KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Arustun Orujlu: Rusiyanın məğlub olduğu sahə informasiya müharibəsidir

Arustun Orujlu: Rusiyanın məğlub olduğu sahə informasiya müharibəsidir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
314 0

Ukraynaya qarşı apardığı işğalçı müharibədə Rusiyanın artıq tam məğlub olduğu sahə informasiya müharibəsidir. Bunun da səbəbi heç də Rusiya mediasında deyil, dövlətin sərsəm informasiya siyasətindədir. Təsəvvür edin, “Roskomnadzor” ölkə medaisına müharibə ilə bağlı yalnız rəsmi məlumatları yaymağa icazə verir.

Xatırladım ki, bu federal (dövlət) qurumun işi informatika texnologiyaları, rabitə və kütləvi kommunikasiyalara nəzarət etməkdir. Başqa sözlə, senzura. Rəsmi mənbələr isə (məsələn, Müdafiə Nazirliyi) müharibənin yalnız 4-cü günündə əsirlərin olduğunu onların sayını demədən etiraf etdi.

Belə şəraitdə sosial mediadan geninə-boluna yararlanaraq öldürülən və əsir götürülən Rusiya hərbçilərinin, vurulmuş hərbi texnikanın sayı haqda yüzlərlə foto, video və s. materiallar yayan ukraynalıların qarşısında o boyda rus dövləti aciz qalmalı idi. Necə ki, qaldı da.

Amma biabırçılıq bununla da bitmir. Rusiyanın informasiya resursları dövlətinin (müharibə) siyasətini o qədər bayağı üsullarla təbliğ edir ki, əslində ukraynalılara heç ehtiyac da qalmırdı. Mən hələ onların yaydıqları materiallardakı aqressiv tonu demirəm. Təcavüzkar müharibə aparan ölkənin mediasının aqressiv tonu…

Kremlin rəsmi təbliğatına gəldikdə isə onların gördüyü işi heç Rusiyanın bütün düşmənləri də birləşsə görə bilməzdilər. Solovyovun, Simonyanın və digərlərinin hətta Rusiya əhalisinin özündə də ikrah doğuran bayağı təbliğatı Rusiyanın siyasətinə verdiyi bir xeyirin əvəzində azı beş ziyan vurdu.

Sual olunur ki, o boyda dövləti idarə edənlərin bütün bunları görmək, anlamaq və zamanında vəziyyəti düzəltmək üçün ağlı, imkanı, istəyi yox idimi? Xeyr, yox idi və yoxdur da, çünki olsaydı elə ölkələrini nəticəsi əvvəlcədən bəlli olan mənasız müharibəyə soxmazdılar.

Ağıl, çeviklik, zamanın tələblərini duymaq kimi keyfiyyətləri olsaydı o zaman dünyanın resurslarla (həm də insan resursları ilə) ən zəngin ölkələrindən biri bu gündə olmazdı. Reallığı anlasaydılar 5 günün içində ölkənin gələcək azı 20-30 ilinə balta vurmazdılar. Bəs bunun səbəbi nədir, axı illərdir o boyda ölkənin başında oturanların axmaq olduğunu demək mümkün deyil?

Axmaq deyillər əlbəttə, sadəcə bütün avtoritar hakimiyyətlər cəmiyyətlə əlaqələrini o dərəcədən itiriblər ki, ölkədə nələrin baş verdiyini, insanların necə yaşadığını, nəyə ehtiyac duyduğunu heç düşünmürlər də. Buna isə paralel dünyada yaşamaq demək olar. Həm də özlərinin yaratmış olduqları paralel vurtual dünyada.

Bu isə axmaq olmaqdan daha pis, daha acınacaqlı, daha təhlükəlidir.
Arustun Orujlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir