“Moskva Bəyənnaməsinin” simptomları və ya Britaniya parlamentində Azərbaycana sanksiyalar tətbiq olunması fikri niyə səsləndirildi?
Rusiyanın Ukraynaya hərbi təcavüzünə qarşı ən sərt mövqe tutan dövlət şübhəsiz ki, Böyük Britaniyadır. Moskva ilə London arasında münasibətlər hər zaman mürəkkəb, bəzən isə yetərincə gərgin olub. Odur ki, Putinin Ukraynanı işğal etmək planına start verməsindən sonra münasibətlərin son dərəcə kəskinləşməsi də gözlənilən idi.
Bu mənada ölkənin xarici işlər naziri xanım Liz Trassın (Liz Truss) parlamentdə Rusiyaya qarşı yeni sanksiyaları təqdim edərkən “Yaxın günlərdə müttəfiqlərimizlə hərəkətlərimizi koordinasiya etmək ümidi ilə bütün Rusiya banklarının aktivlərinin tam dondurulmasını tətbiq edəcəyik” deməsi təəccüblü və təsadüfi görünməməlidir.
Böyük Britaniya hökuməti bunu da açıqlayıb ki, ölkənin Maliyyə Nazirliyi həmçinin Rusiya Mərkəzi Bankına (MB) qarşı sanksiyalar tətbiq edəcək. Bu da öz növbəsində Rusiyanın bütün maliyyə sisteminin çökdürülməsi və onun iqtisadi mövcudluğunun sual altına qoyulmasıdır. Bunlar aysberqin görünən hissəsidir əlbəttə.
Amma bütün bu, qalmaqallar sırasında Britaniya parlamentində Ukrayna böhranı müzakirə edilərkən leyboristlərin təmsilçisi Marqaret Hodcun (Margaret Hodge) xarici işlər naziri Elizabet Trassa “Putinin səylərinə dəstək verən Qazaxıstan və Azərbaycanaın da sanksiyalar siyahısına daxil edilməsi məsələsinə baxılırmı?” sualı gözlənilməz olub.
İlk baxışdan gözlənilməz görünən bu sualın səbəblərini araşdırdıqda onun elə gözlənilən olması aydınlaşmağa başlayır. Amma araşdırma üçün daha iki fakta müraciət etməli olacağıq.
1. Böyük Britaniyanın Baş naziri Boris Consonun oliqarx Roman Abramoviçə artıq sanksiya tətbiq olunması barədə “səhv” məlumatı
və
2. Bu günlərdə Putinin əsas (bəlkə də ən əsas) “pul qabılarından” olan Roman Abramoviçin təyyarəsinin Bakıya enməsi barədə Britaniya mediasında yayılan məlumatlar.
Xatırladım ki, 2019-cu ildən etibarən İsrail vətəndaşı olan Roman Abramoviçin adı Azərbaycanla bağlı ilk dəfə deyil hallanır. Vaxtilə Türkiyə mediasında onun guya Antalya sahillərində yaxtada İlham Əliyevlə rəsmi olaraq açıqlanmayan görüşü haqda məlumatlar yayılsa da, onlar nə təsdiq, nə də təkzib olunmamışdı.
Çox güman ki, onun təyyarəsinin bu günlərdə Bakıya enməsilə bağlı məlumatlar da hakimiyyətin və onun medaisının diqqətindən kənarda qalacaq. Xatırladım ki, Abramaviçin adı Böyük Britaniyada çirkli pulların yuyulmasında hallansa da sonradan bu sübuta yetirilməmişdi.
İndi buraya sonuncu məlumatı da əlavə etdikdə mənzərə tamamlanmağa doğru gedir: 2 gün əvvəl ABŞ hökuməti İsrailə müarciət edərək bu ölkəni Rusiyalı oliqarxların öz kapitalını xilas etməsinə şərait yaratmamağa çağırdı.
Burdan isə başqa sual çıxır ki, Rusiya oliqarxlarının sanksiyalara məruz qalmış kapitalını İsrail necə xilas edə bilər? Bunun üçün həmin kapital ilk növbədə Rusiyanı tərk edərək necəsə İsrail banklarına çatmalıdır. Amma həmin pullar İsrail banklarına necə, hansı kanallarla çata bilər?
Marqaret Hodcun xarici işlər naziri Elizabet Trassa “Putinin səylərinə dəstək verən Qazaxıstan və Azərbaycanaın da sanksiyalar siyahısına daxil edilməsi məsələsinə baxılırmı?” sualı özü elə bu sualın cavabı ola bilərmi və niyə görə Qazaxıstanla Azərbaycan?
Zənnimcə, bunun üçün bir qədər arxaya baxsaq ən azı bu suala cavab axtarmağın istiqamətini seçə bilərik. Heç kəsdən, o cümlədən də Britaniya hökumətindən sirr deyil ki, bu ilin yanvarında Qazaxıstan Rusiya tərəfindən işğal olunmuşdur və hal-hazırda da Moskvanın 5-ci kolonu tərəfindən idarə olunmaqdadır.
O cümlədən də bu ölkənin bank-maliyyə sektoru. Niyə Qazaxıstan? Bu sualın bir cavabı da budur ki, neft-qaz ölkəsi olan Qazaxıstan üzərindən milyardlarla vəsaitin keçməsi diqqət çəkə və narahat suallar doğurmaya da bilər. Ölkənin maliyyə bazarının, həmçinin də oğurlanmış vəsaitlərin həcmi yetərincə böyükdür.
Azərbaycanın adının hallanmasına gəldikdə isə təzəcə imzalanmış bədnam “Moskva Bəyənnaməsinin” iki maddəsinə diqqət yetirmək məsələyə müəyyən aydınlıq gətirə bilər:
27. Rusiya Federasiyası və Azərbaycan Respublikası milli qanunvericilikləri və kredit-pul siyasətləri çərçivəsində kredit-bank təşkilatlarının fəaliyyətinə, maliyyə institutlarının əməkdaşlığının inkişaf etdirilməsinə, maliyyə-sənaye qrupları, istehsal və digər təşkilati-təsərrüfat strukturları da daxil olmaqla birgə müəssisələrin yaradılmasına yardım göstərməyə hazırlıqlarını ifadə edirlər.
28. Tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar.
Gördüyümüz kimi, “Bəyənnamənin” 27 və 28-ci maddələri Azərbaycanın da həmin işlərə cəlb olunmasına yola aça bilər. Amma “Moskva Bəyənnaməsi” hələlik hüquqi qüvvəyə malik deyil, çünki nə Rusiyanın, nə də Azərbaycanın parlamentləri tərəfindən ratifikasiya olunmayıb.
3 gün öncə Rusiya prezidenti Putinin İlham Əliyevə zəngi barədə rəsmi məlumat yayıldı. Məlumatda tərəflərin Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatla bağlı vəziyyətin inkişafının müzakirə etdiyi bildirilirdi.
Ümid edək ki, həqiqətən belədir və söhbət heç də “Moskva Bəyənnaməsinin” təcili ratifikasiyasından getməyib. Əks halda sanksiyalara məruz qalan Rusiya pullarının Azərbaycan üzərindən hətta qanuni (Moskva Bəyənnaməsinə əsasən) yolla dövriyyəsi də ölkəmizi sərt sanksiyalardan qoruya bilməz.
İstər Vaşinqton, istərsə də London və Brüssel təkcə işğalçı Rusiyaya qarşı deyil, həm də onunla istənilən məsələdə tərəfdaşlıq edənlərə münasibətdə kifayət qədər qərarlıdır. Ona görə də Britaniya parlamentində Azərbaycanın və Qazaxıstanın adının hallanmasını təsadüf saymamaq da olar. Elə ABŞ-ın İsrailə müraciətini də.
Arustun Orujlu Kafkassam