KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Araz Aslanlı: Türkiyə-İsrail münasibətləri: keçmiş, bu gün və gələcək

Araz Aslanlı: Türkiyə-İsrail münasibətləri: keçmiş, bu gün və gələcək

Kafkassam Editör Kafkassam Editör - - 41 dk okuma süresi
266 0

Türkiyə-İsrail münasibətləri həm hər iki ölkənin xarici siyasəti, həm də beynəlxalq münasibətlər sistemi baxımından ən çox diqqət mərkəzində olan mövzulardan biridir. Bu materialda, son illərdə bir sıra səbəblərdən (xüsusilə Davosdakı məşhur hadisəyə görə) daha çox diqqət mərkəzində olan münasibətlərin tarixinə, yaxın dövrlərdəki proseslərə, münasibətlərdəki problemlərə və imkanlara nəzər salınmışdır.

Münasibətlərin tarixçəsi

Əslində Türkiyə-İsrail münasibətlərinin kökündəki bəzi amillər hər iki ölkənin tarixindən daha qədim tarixə malikdir.. Türkiyənin Yəhudi ölkəsi olan İsraillə münasibətlərinin kökü Yəhudilərin varlıqlarını qorumaq üçün Türklərin mərhəmətinə sığındıqları 15-ci əsrə qədər gedir. 1491-ci ildə 200.000-dən çox Yəhudi inkvizisiya məhkəmələri tərəfindən İspaniyadan qovulduqları zaman Osmanlı Dövləti (imperiyası) onları torpaqlarında yaşamağa dəvət edən tək ölkə olmuşdu. Bu prosesdən sonra Yəhudilər Osmanlı tarixində çox əhəmiyyətli bir rol oynadılar. Ticarət, sənaye və bank sektorunda daha ön planda oldular. Osmanlının son dövrlərində Yəhudilərin Osmanlıdan Qüds və digər müqəddəs torpaqlarla bağlı tələbləri olmuş və bu tələblər qəbul olunmadığı üçün Sultan Əbdülhəmidlə aralarında narazılıq yaranmışdır. Hətta Yəhudi təşkilatlarının məhz bu səbəbə görə Osmanlıya qarşı həyata keçirilən parçalama siyasətlərinə dəstək verdikləri də iddia olunur.

Türkiyə-İsrail rəsmi münasibətləri isə 28 mart 1949-cu il tarixdə Türkiyənin İsrailin müstəqilliyini tanımasıyla qurulmuşdur. Beləcə, Türkiyə İsrail dövlətini tanıyan əhalisinin əksəriyyəti Müsəlman olan ilk ölkə oldu. Türkiyə İsraili tanıdıqdan sonra 1950-ci ildə səfirlik açmış və 9 Mart 1950-ci ildə isə Seyfullah Ersin Tel-Əvivə səfir təyin olunmuşdur. Soyuq Müharibə dövründə NATO-nun üzvü və ABŞ-ın müttəfiqi kimi Türkiyə, ABŞ tərəfindən dəstəklənən ölkə kimi İsrail ilə Yaxın Şərqdə müəyyən dərəcədə əməkdaşlıq etmişdirr. Türkiyə 1963-1964-cü illərdə Kipr problemi ilə əlaqədar beynəlxalq aləmdə yalnızlıq hiss edincə və xüsusiylə BMT-dəki səsvermələrdə sadəcə bir neçə səslə dəstəklənincə xarici siyasətini bir neçə istiamətdə gözdən keçirməyə qərar verdi (səbəblərdən biri də 1964-cü il tarixli məşhur Conson məktubu hadisəsi olmuşdu). Bu çərçivədə 1967-ci ildə Türkiyə İsrailin Qüdsü işğalı və ümumiyyətlə işğal edilmiş Ərəb torpaqlarından çəkilməsiylə bağlı BMT-də keçirilən müzakirələrdə və səsvermədə Ərəb dövlətlərinin mövqeyini dəstəklədi. Buna qədər isə ABŞ-ın Türkiyədəki hərbi bazalardan istifadə edərək İsrailə dəstək vermə istəyinə “yox” cavabı verilmiş, Misir, İordaniya və Suriyaya isə ərzaq yardımı edilmişdi. 1969-cu il avqustun 21-də Məscidi-Aksanın yandırılmasına da çox sərt reaksiya verdi. 1976-cı ildə Fələstin Azadlıq Təşkilatını tanıdı. 1970-ci illər boyunca daha əvvəlki siyasətində qismi dəyişiklik edərək Fələstin dövlətinin qurulmasının zəruriliyini də müdafiə etməyə başladı. Bunda digər məqamlarla yanaşı neft amilinin də rolu olmuşdu.

Türkiyə 1980-ci ilin lyulunda İsrailin Qüdsün şərq hissəsini də işğal etməsini qınadı və bu ölkədəki səfirliyini Tel-Əvivdən Qüdsə köçürmək tələbinə sərt reaksiya verdi. 1980-ci il noyabrın 26-da isə diplomatik İsraildəki səfirliyinin müşavirini (faktiki diplomatik korpusun rəhbərini)geri çağırdı və diplomatik münasibətləri ikinci katib səviyyəsinə endirdi. Xatırladaq ki, Türkiyə 1956-cı ildə İsrail Misiri işğal edərkən səfirini geri çağırmış, diplomatək münasibətləri müşavirlik səviyyəsinə endirmişdi.
Ancaq daha sonrakı proseslər yenidən Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması istiqamətində getdi. Bunun əsas səbəblərindən biri, terrorizmə qarşı məlumat mübadiləsi və əməkdaşlıq idi. Xüsusilə, Fələstin Azadlıq Təşkilatının nəzarəti və texniki dəstəyi ilə Türkiyə dövlətinə qarşı silahlı mübarizə aparan Erməni, Kürd və Türk terror qruplarının Livanda təlim keçmələri problemli mövzu idi. Türkiyə-İsrail münaibətlərinə təkan verən amillərdən biri də ABŞ-dakı Erməni lobbisinin fəaliyyətləri qarşısında Yəhudi lobisinin dəstəyinə duyulan ehtiyac oldu. Xatırladaq ki, 1989-cu ilin sentyabrında Respublikaçılar Partiyasının Kansasdan olan Senatoru Robert Dole uydurma Erməni iddialarıyla bağlı ABŞ Konqresinə qanun təklifi təqdim etmiş və təklif Türkiyə ilə ABŞ arasında aylarla davam edən gərginliyə səbəb olmuşdu. Türkiyə, digər təşəbbüslərlə yanaşı həm də İsrailin də köməyi ilə ABŞ-dakı Yəhudi Lobbisi vasitəsiylə buna mane olmağa çalışdı. Bu Türkiyə-İsrail münasibətləri baxımından yeni bir istiqamətin güc qazanmasına səbəb oldu. Başqa bir məqam isə 1979-cu ildə İranda baş verən “İslam İnqilabı” oldu. İnqilabdan əvəl ABŞ “ikiayaqlılıq siyasəti”nə görə Şahın idarə etdiyi İran və Səudiyyə Ərəbistanına söykənən bir strategiya ilə Yaxın Şərqdə fəaliyyətini təmin etməyə və İsrailin mövqeyini və təhlükəsizliyini qorumağa çalışırdı. “İslam inqilabı”ndan sonra nəzarətdən çıxan İranın yerinə ABŞ yeni bir Müsəlman ölkəyə ehtiyac duydu və bu “boşluğu” Yaxın Şərqdə kifayət qədər imkana və tarixi dərinliyə malik, eyni zamanda NATO üzvü olan Türkiyə ilə doldurmağa qərar verdi. Xüsusilə hərbi sahədəki əlaqələrə diqqət yetirilirdi ki, Türkiyə üçün bu istigamət həm də ABŞ-ın sahib olduğu ancaq, ikinci ölkələrə vermədiyi hərbi texnologiyalara İsrail kanalı ilə sahib olmaq imkanı demək idi. Bu həm də elə bir mərhələdə baş verirdi ki, bu mərhələdə ümumiyyətlə silah ehtiyacını təmin etməkdə bir qədər çətinlik çəkən Türkiyə həm də PKK terroru problemi ilə daha çox qarşı-qarşıya qalmağa başlamışdı. Qərbdəki müttəfiqləri isə “insan hüquqları” problemlərindən bəhs edərək Türkiyəyə silah satışında məhdudiyyət tətbiq edirdilər.

Türkiyə-İsrail münasibətlərini şərtləndirən vacib amillər

Türkiyə və İsrail arasında 1990-cı illərə qədər hərbi, iqtisadi və siyasi münasibətlər mövcud olsa da münasibətlərin strateji əməkdaşlıq xarakterinə (ya da adlandırmasına) sahib olması Soyuq Müharibənin başa çatmasının beynəlxalq sistem, Körfəz müharibəsinin isə Yaxın Şərq regional sistemi üzərindəki təsiriylə baş vermişdir. Bu təsir xüsusilə 1990-cı illərin ortalarında iki ölkənin ortaq təhdidlərə tuş gəlməsinə (ya da elə qavramasına) səbəb olmuşdur.

Soyuq Müharibədən sonra yeni beynəlxalq şərait: Türkiyənin 1990-cı illərin başında İran, Suriya və Yunanıstan kimi ölkələrlə yaşadığı problemlərin yüksək səviyyəyə çatması və bu ölkələrlə problemlərinə Soyuq Müharibə dövründəki kimi NATO çərçivəsində baxa bilməyəcəyini düşünməsi; eyni zamanda problemlərin Orta Asiya və Qafqaz bölgələrində Rusiya və İranı da əhatə edəcək şəkildə genişləməsi Türkiyə üçün çətinlik yaradarkən, İsrailin də Suriya və İran nümunələrində bu təhdidləri paylaşması ortaq təhlükəyə sahib olmaq düşüncəsinin meydana gəlməsinə səbəb olmuşdur. Ayrıca, Körfəz müharibəsindən sonra Fələstin probleminin həlliylə bağlı təşəbbüslərin müəyyən effekt verməyə başlaması da Türkiyənin bu səbəbə görə İsraildən uzaqlaşmasına duyulan ehtiyacıortadan qaldırmışdır.

PKK amili: Türkiyə üçün ən ciddi problemlərdən biri olan PKK terroru və bölücülük təhlükəsi İsrail tərəfindən ortaqlıq qurulması üçün yaxşı istifadə olunacaq bir sahə kimi görülmüşdür. Bölgə ölkələri tərəfindən PKK terror təşkilatının sıxlıqla dəstəklənildiyi və terrorla mübarizə üçün lazımlı hərbi vəsaitin xüsusilə Avropa ölkələri və ABŞ tərəfindən verilmədiyi bir şəraitdə iki ölkə arasındakı əlaqələrin inkişafında bu faktor əhəmiyyətli bir rol oynamışdır.

Təhlükəsizlik: Əlaqənin strateji hesab edilməsinin və bu xarakterin açıqca elan olunmasının bəlkə də ən əhəmiyyətli səbəbi iki ölkə arasında hərbi təhsil və modernizasiya, kəşfiyyat xarakterli məlumat mübadiləsi, yüksək texnologiya məhsulu silah sistemləri də daxil olmaqla hərbi sahədəki ticarət kimi istiqamətlərə sahib olmasıdır. Ayrıca, iki ölkənin hərbi sahədəki münasibətlərinin heç bir zaman üçüncü bir ölkəyə qarşı ittifaq xarakterinə sahib olmasa da hər iki ölkənin təhdid qəbul etdiyi regional rəqiblərinə qarşı digərindən psixoloji amil kimi istifadə etdiyi də qəbul olunur.

ABŞ-ın rolu: ABŞ, iki ölkə arasındakı münasibətlərin Orta Asiya, Qafqaz və Yaxın Şərq ayaqlarında zəmanət təmin edərək və ehtiyac duyduğu məqamlarda dövrəyə girərək əlaqənin tamamlayıcı parçasını meydana gətirmişdir.

Münasibətlərin xarakterindəki dəyişikliklər

Keçən mərhələdə 1999-cu ildə PKK lideri Abdullah Öcalanın Keniyada həbs olunaraq Türkiyəyə gətirilməsində İsrail xüsusi xidmət orqanı Mossadın rolu münasibətlərdəki müsbət amillərdəndir. 2007-ci ilin noyabr ayında Türkiyəyə 3 günlük səfərə gedən İsrail prezidenti Şimon Perezin Türkiyə Böyük Millət Məclisində çıxışı isə bir İsrail prezidentinin əhalisinin əksəriyyəti Müsəlman olan bir ölkənin parlamentində etdiyi ilk çıxış olmuşdu.

Bəs bütün bunlar mövcud ikən indiki mərhələdə baş verənlər tam təsadüfdürmü, yoxsa son dövrlərdə yaşananların təbii səbəbləri də mövcuddurmu? 2000-ci illərin əvvəllərinə qədər Yaxın Şərqdəki ən güclü münasibətlərdən biri sayılan Türkiyə-İsrail münasibətləri 2000-ci ildən etibarən geriləməyə başlamışdır. Ancaq, əlaqədə əsl geriləmə və soyuma dövrü 2003-cü ildən etibarən yaşanmışdır. Eyni zamanda xatırladaq ki, indiyə qədərki mərhələdə Türkiyə rəsmiləri tərəfindən İsrailə istiqamətlənmiş ən sərt ifadələr Ecevitə məxsusdur. Hələ Əl-Aksa hadisələri vaxtı (Əl-Aksa camesindəki hadisələrdən sonra başlayan İntifada) Türkiyənin o vaxtkı Baş Naziri Bülent Ecevit İsrailə son dərəcə sərt tənqidlər yönəltmişdi.

Ümumilikdə Türkiyə-İsrail münasibətlərindəki mövcud durum və son proseslər bir qədər indiki AK Parti (ya da AKP) hakimiyyətinin xarici siyasətiylə əlaqədar olub, eyni zamanda daha geniş amillərin də bu prosesdə rolu vardır.

İkitərəfli əlaqələrdəki geriləmə və soyumanın səbəbləri ümumən belə qeyd oluna bilər:
Beynəlxalq və regional sistemdə baş verən dəyişikliklər
Ortaq təhdidlərin azalması İki ölkənin ortaq təhlükə kimi qeyd etdikləri mövzularla bağlı ciddi dəyişikliklər yaşandı. O cümlədən, Türkiyənin daxili siyasətində də təhlükə kimi gördüyü din amili (“siyasi İslam” nəinki “təhlükə” olmaqdan çıxdı, hətta hakimiyyətə gəldi);
ABŞ-ın İraqa müdaxiləsinin təsirləri: ABŞ-ın İraqı işğalı, Yaxın Şərqdəki tarazlıqları kökündən dəyişdirdi. Bu prosesdə Türkiyə və İsraili fərqli “cəbhələrdə” yer aldılar. Türkiyə, İraqın parçalanmasına qarşı çıxaraq regional status-kvonun ən əhəmiyyətli müdafiəçilərindən biri olarkən, İsrail Buş hakimiyyətinin İraqa müdaxilədən sonra Suriya və İrana istiqamətlənmiş radikalsiyasətin ən əhəmiyyətli müdafiəçisi oldu. Bundan əlavə, İraqın parçalanması və İraqın şimalında yeni bir dövlət qurulması İran,Suriya və Türkiyəni bir-birinə yaxınlaşdırarkən, İsrailin İraqın şimalındakı fəaliyyətləri və İraqlı Kürdlərlə əlaqəsi Türkiyədə ciddi şübhələr yaratdı. Xüsusilə, 2005-ci ildə Türkiyə və İsrailin arası İsrailin İraqın şimalındakı fəaliyyətlərinə görə ciddi şəkildə gərginləşmişdi. Bir mənada keçmişdə iki ölkə arasındakı əlaqələrin güclənməsində çox əhəmiyyətli bir rol oynayan İran və Suriya ilə əlaqələr (o cümlədən Kürd amili), İraq müharibəsindən sonra əks təsir yaratdı.
Fələstin problemi: Əl-Aksa İntifadasıyla başlayan, İsrailin Qərbi Şəriyədəki əməliyyatıyla davam edən münaqişədövrü, son illərdə iki ölkə arasındakı əlaqələrə daha çox təsir etdi. Bunda Türkiyədəki ictimaiyyətin Fələstin məsələsinə göstərdiyi həssaslıq qədər, İsrail-Fələstin əlaqələrində girilən çıxmazın və İsrailin Livandakı əməliyyatlarının bölgə tarazlığındakı təsirləri də böyük bir rol oynamışdır.
Reallaşmayan gözləntilər: 1990-cı illərin ortasında yaradılan bir havayla iki ölkə arasındakı əməkdaşlığın Orta Asiya və Qafqazdakı tarazlıqları dəyişdirəcəyi, böyük bir iqtisadi potensial yaradacağı, “sülh suyu” (Anadoludan İsrailə şirin su satışını nəzərdə tutan layihə) kimi strateji layihələrin reallaşmasına imkan yaradacağı və digər oxşar gözləntilər meydana gəlmişdi. Lakin bu gözlənti və layihələr demək olar ki reallaşmadı.

2. Türkiyənin xarici siyasətində strateji yanaşmanın dəyişməsi
Soyuq müharibənin başa çatması və yeni beynəxalq vəziyyətTürkiyənin xarici siyasət konseptində də yeni missiya axtarışlarını gündəmə gətirmişdi. Xatırladaq ki, Türkiyə xarici siyasəti ənənəvi olaraq tarixi miras, coğrafi vəziyyət və “Kamalizm”i əsas alan xətt üzrə inkişaf edirdi. Atatürk dövründə qlobal və bölgəsəl reallıqları əsas alan tarazlıq siyasəti Soyuq Müharibə dövründə Qərb ittifaqının üzvü olmaq ilə əvəzlənmişdi. Soyuq müharibədən sonra Türkiyəyə “yüksələn bölgə gücü” və ya “Adriatikdən Çin səddinə Türk dünyasının lider”i kimi rollar biçilsə də, geridə qalan dövrdə Türkiyənin bu rollara dair yetərincə uğurlu nəticələr qazanamadığı qeyd edilə bilər.

1991-ci ildən sonra dəyişən dünya şərtlərində özünə vəziyyətə uyğun missiya axtarışında olan Türkiyənin bu cəhdləri özünü ən sistemli şəkildə ƏİP hakimiyyəti dövründə həm nəzəri həm də praktiki baxımdan ortaya qoydu. Türkiyə xarici işlər naziri Prof. Dr. Əhmət Davudoğlunun hələ 2001-ci ildə yazdığı “Stratejik Dərinlik: Türkiyənin Beynəlxalq Mövqeyi” kitabında sistemli bir şəkildə qeyd olunanbu anlayışa görə, Türkiyənin beynəlxalq sistemdəki yeri artıq “körpü olmaq” (Avropa-Asiya ya da Qərb-Şərq) deyildir. Çünkü köprünün müstəqil rolu yoxdur. Davutoğlu Türkiyənin beynəlxalq sistemdəki yeni strateji rolunu “mərkəzi ölkə” termini ilə yenidən müəyyənləşdirmə iddiasındadır. Buna görə, Türkiyə artıq adi bir bölgə ölkəsi, ya da tək istiqamətə yönələn ölkə deyil. Türkiyə artıq tarixi mirası, coğrafiyası, əhalisi və ordusu ilə qlobal rol oynaması vacib olan “mərkəzi ölkə”dir. Davudoğlu xarici içlər naziri təyin edildikdən sonra verdiyi bir açıqlamada “Türkiyənin dünyada hər mövzuda fikrinə müraciət edilməsi lazım olan ölkə olmasını” hədəflədiklərini bildirib.

Türkiyənin yeni xarici siyasətinin ən mühüm hədəflərindən biri, bəlkədə ən önəmlisi Yaxın Şərq (Orta Şərq, Orta Doğu) bölgəsidir. Davudoğlu YaxınŞərqi “qlobal strateji ve iqtisadi-siyasi tarazlığının əsas kilidi” kimi xarakterizə etməkdədir. Bu bölgənin qlobal önəm daşımasına malik olduğu 3 əsas amilin (1. coğrafi və geosiyasi, 2. tarixi və geomədəni, 3. geoiqtisadi) səbəb olduğunu vurğulayan Davudoğlu Orta Şərqin Türkiyə üçün “”qaçınılmaz hiterland” olduğunu qeyd edir.

Orta Şərqdə ABŞ, Rusiya, AB və Çin kimi qlobal aktyorlar, İran, İsrail, Misir və Sədiyyə Ərəbistanı kimi bölgə aktyorlarının öz mövqeylərinin yenidən nəzərdən keçirdiyi bir vaxtda Türkiyə də 2000-ci illərin başında etibarən öz mövqeyini yenidən formalaşdırmağa başlayıb. ABŞ və İsrailin bölgədəki vəziyyəti, İraqdakı vəziyyət, İranın artan təsiri, Misirin azalan təsiri Türkiyənin Orta Şərqdə fəal rol almasına geniş imkan yaratmaqdadır. Mövcud bölgə şartlarında ABŞ və İsrailin də bu prosesi dəstəkləməyə uzun müddətli strateji maraqları gərəyi müsbət yanaşdığı da qeyd edilməlidir.

Bu yenidən formalaşdırma prosesində İsraillə münaisbətlər və bu çərçivədə Fələstin məsələsi Türkiyə xarici siyasətinin bölgədə mühüm önəm verdiyi 4 vacib mövzudan ( digərləri “Kürd məsələsi”, İraqa ABŞ müdaxiləsi və İranın nüvə proqramı) biridir. Türkiyənin mövcud hakimiyyəti xüsusən Fələstin məsələsində ənənəvi tarazlığın kursunun 1990-cı illər ərzində İsrail lehinə pozulduğuna inanmaqdadır. Yeni xarici siyasət kursu bu prosesin Türkiyənin Osmanlıdan gələn və respublika dövründə də diqətə alınan tarixi missiyasına uyğun olmadığını və Ankaranın bölgədəki manevr imkanlarını mədudlaşdırıcı xarakter daşıdığını vurğulamaqdadır. Yenə ƏİP-in islami referansları olan siyasi mirasdan gəlməsi də hökümətin Fələstin-İsral məsələsindəki həssaslığını gücləndirməkdədir.

Buna əlavə olaraq, Türkiyənin Yaxın Şərqdəki “yumşaq gücü”nün artırılması üçün təşəbbüslərdə İsrailin əhəmiyyətli bir rol oynama potensialına sahib olmasına baxmayaraq bundan istifadə edilə bilməməsi xəyal qırıqlığı yaratmışdır. Məsələn, Türkiyənin vasitəçilik etdiyi İsrail-Suriya münasibətləri ilə bağlı prosesin uğursuz başa çatması, Fələstin probleminin həlli ilə bağlıdaim mənfi gedişat və İsrailin sadə insanların öldürülməsinə səbəb olan hərbi əməliyyatlarını davam etdirməsi kimi amillər Türkiyənin İsrailə etiraz reaksiyanın artmasına səbəb olmuşdur. Xüsusilə, İsrailin 2008-ci ilin sonunda Qəzzədə həyata keçirdiyi əməliyyatlar Türkiyədə böyük etiraz dalğasına səbəb olmuşdur.

Son proseslər

Yaxın mərhələdə Türkiyə-İsrail münasibətləri ilə bağlı bir neçə xüsusi diqqət çəkən mənfi hadisə baş vermişdir. Bunlar Türkiyənin Hamas ilə münasibətləri, Davosda baş verən gərginlik, hərbi təlimlərə İsrailin dəvət olunmaması, hərbi sahədəki alqı-satqı müqavilələri ilə bağlı yaranmış problemlər və Baş Nazir Ərdoğanın İranın nüvə proqramıyla əlaqədar mövqe bildirərkən İsrailin nüvə silahına sahib olmasını tez-tez tənqid etməsidir.

Türkiyədə 2002-ci ildə hakimiyyətə gələn Ədalət və İnkişaf PartiyasınınƏrəb ölkələrinə yaxınlaşmaq siyasəti Türkiyə-İsrail münasibətlərinə mənfi təsir etmişdir. Xüsusilə, 16 fevral 2006-cı il tarixdə Fələstindəki Hamas partiyasının liderlərindən Xalid Meşalın Türkiyəyə səfəri, İsrail rəsmiləri tərəfindən tənqid mövzusu olmuşdur.

Davosdakı Dünya İqtisadi Forumunda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İsrail prezidenti Şimon Perezlə mübahisə edərək (və bu zaman ümumilikdə Yəhudilərin ünvanına sayılacaq sərt ifadələr işlətməsi) oranı tərk etməsi sadəcə İsraildə yox, bütün dünyadakı Yəhudi təşkilatlarında sərt etiraza səbəb oldu. Bu elə bir məqamda baş verirdi ki, 2008-ci ildə Türkiyənin İsrail ilə Ərəb ölkələri arasında vasitəçilik rolunu üstünə götürməsi müşahidə edilirdi. Birbaşa müzakirələrə oturmayan İsrail, Suriya və Fələstin milli muxtariyətinin rəhbərliyi ayrı-ayrı Türkiyəyə gələrək Türkiyə vasitəsilə müzakirələr aparırdılar. 2008-ci ilin dekabr ayında bu müzakirələrin nəticə verməsi gözlənilərkən qəflətən 2008-2009 İsrailin Qəzzəyə müdaxiləsi baş verdi və müzakirələr də dayandı. İsrailin bombardmanı nəticəsində Qəzzədə 1300-ə yaxın Fələstinli həyatını itirdi. İsrailin Türkiyə vasitəsilə davam edən müzakirələri birdən dayandırması və Qəzzədəki hərəkatın çox sayda sadə insanın ölümü ilə nəticələnməsi Türkiyə ilə İsrail arasındakı münasibətlərəi mənfi təsir etdi. Digər səbəblərlə yanaşı həm də bu səbəbə görə 30 Yanvar 2009-cu il tarixdə İsveçrənin Davos qəsəbəsində toplanan Dünya İqtisadi Forumunda Şimon Perezlə Ərdoğan arasında çox sərt mübahisə baş verdi. Daha sonra bu gərginlik iki ölkənin rəsmiləri arasındakı müzakirələr yoluyla müəyyən qədər ortadan qaldırıldı.

Türkiyə ilə İsrail arasındakı növbəti gərginlik 2009-cu ilin oktyabrında “Anadolu Qartalı” adlı beynəlxalq hərbi təlimlər oldu. İsrail tərəfinin açıqlamalarına görə Türk Silahlı Qüvvələri (TSQ) bu təlimlərə İsrail tərəfinin qatılmamasını tələb etmişdi. İsrail mətbuatının yaydığı bu xəbərlə əlaqədar TSQ-nin internet saytında verilən açıqlamada isə belə qeyd olunurdu: “Türk Silahlı Qüvvələrinin illik planlı manevrlərindən olan Anadolu Qartalı (AE-09/3) Təlimi 10-23 Oktyabr 2009-cu il tarixləri arasında, Xarici İşlər Nazirliyi vasitəsiylə əlaqədar ölkələr arasında aparılan müzakirələr nəticəsində, xarici ölkələrin iştirakı olmadan Konyada icra ediləcək.” Açıqlamada hər hansı bir səbəb qeyd edilmirdi, amma mövzunun Xarici işlər nazirliyi tərəfindən gündəmə gətirildiyi aydın görünürdü. Öz növbəsində Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada isə belə deyilirdi: “2001-ci ildən bu yana keçirilən Anadolu Qartalı təlimləri, Türk Hava qüvvələrinin planladığı ssenari daxilində icra edilən beynəlxalq iştiraklara da açıq bir Türk təlimi olub, ilin dəyişik dövrlərinə yayılaraq mərhələlər şəklində reallaşdırılmaqdadır. İlk iki mərhələsi müvəffəqiyyətlə baş tutan təlimlərin bu ilin 12-23 Oktyabr 2009 tarixlərində keçirilməsi planlanan üçüncü mərhələsinin beynəlxalq hissəsi digər iştirakçı ölkələrlə aparılan danışıqlar əsasında təxirə salınmışdır. Təlim sadəcə milli bir fəaliyyət kimi icra edilməkdədir. Açıqlama Baş Qərargah Rəisliyimizin (Genelkurmay Başkanlığının) internet saytından da ictimaiyyətə elan olunmuşdur. Bu səbəbdən, təlimlərin beynəlxalq hissəsinin təxirə salınmasından siyasi bir məna və nəticə çıxardılması doğru deyil. Bu çərçivədə, İsrail rəsmilərinə istinadən mətbuatda yer alan dəyərləndirmələrin qəbul edilməsi də mümkün deyil. İsrail rəsmilərini açıqlamalarında sağlam düşünməyə (orijinal ifadə “aklıselime davet ediyoruz” – bu sərt ifadədir) dəvət edirik.”

Ancaq, xüsusilə İsrail rəsmiləri təxirə salınmanın hökumət tərəfindən istəndiyini iddia etmişdir. Buna dəlil olaraq da Xarici İşlər Naziri Əhməd Davutoğlunun CNN-Türk televiziyasına verdiyi müsahibəni göstərilmişdir. Xarici İşlər Naziri Davutoğlu açıqlamalarında Qəzzədəki vəziyyətin yaxşılaşmasını ümid etdiyini və bunun Türk-İsrail əlaqələrinə də müsbət təsir edəcəyini bildirmişdir. Türkiyədə ilk etapda böyük səs-küyə səbəb olmayan bu hadisə, İsraildə gündəmin əsas mövzusu olmuşdur. Mövzuyla əlaqədar olaraq 11 oktyabr 2009-cu il tarixdə İsrail Xarici İşlər Nazirliyində toplantı keçirildiyi açıqlanmışdır. Buna əlavə olaraq, İsrailin ən nüfuzlu mətbuat orqanlarında çoxu adı açıqlanmayan İsrail rəsmilərinə istinadən vəziyyəti “ciddi bir böhran” kimi qiymətləndirən yazılar dərc olunmuşdur. İsrailin bu hadisəyə Davosdakı gərginlikdən daha çox reaksiya verməsinin səbəbləri çoxdur. Əvvəla, Türkiyə-İsrail əlaqələrinin strateji münasibətlər kimi qiymətləndirilməsinin ən əhəmiyyətli səbəblərindən biri əlaqələrdəki hərbi istiqamətdir. Son dövrlərə qədər əlaqələrdə yaşanan gərginliklərin hərbi istiqamətə təsiri məhdud olduğundan İsraildə mövzuyla maraqlananlar arasında böyük bir reaksiya yaratmırdı. Əlaqənin iqtisadi və mədəni istiqamətləri onsuz da gözlənildiyi qədər inkişaf etməmiş, siyasi istiamət isə məhdud qalmışdı. Türkiyə-İsrail münasibətlərinin ən çox inkişaf etmiş və İsrail baxımından zərər görmə ehtimalı ən aşağı sahəsində belə bir prosesin getməsi Türkiyənin həqiqətən İsrailə qarşı sərt mövqeyə keçdiyi düşüncəsini gücləndirdi.

Digər tərəfdən iki ölkə arasındakı gərginliklərin nə dərəcədə müvəqqəti xarakter daşıdığına dair suallar mövcud idi. Hətta Ərdoğan hakimiyyətə gəldikdən sonra belə İsrailə səfər etdiyi üçün və ABŞ-dakı Yəhudi lobbisi ilə yaxşı əlaqələr qurduğu üçün münasibətlərdəki gərginliyin müvəqqəti xarakter daşıdığı və “daxili siyasətə istiqamətlinmiş olduğu” düşüncəsi üstün idi. İki ölkə arasındakı gərginliyin zirvə nöqtəsini təşkil edən 2009-cu ilin əvvəlindəki Davos hadisəsini belə Türkiyədəki daxili siyasi proseslərlə əlaqələndirənlərin sayı heç də az deyildi. Lakin son hadisədən sonra, problemin reaksiya və ya daxili siyasətə istiqamətli olmadığı düşüncəsi güclənməyə başladı. Bu səbəbdən də, İsrail mətbuatında yayılan açıqlamalarda Türkiyənin İsrailin siyasətlərinə dair tənqidi mövqeyilə əlaqədar olaraq “İslamçılıq” ya da xarici siyasət oxundakı dəyişmə fikirləri ağırlıq qazanmağa başladı. Hətta İsrailin nüfuzlu Begin-Sedat Stratejik Araşdırmalar Mərkəzinin rəhbəri Efraim İnbarın 28 oktyabr 2009-cu il tarixdə Livanda ingilis dilində yayınlanan The Daily Star qəzetindəki məqaləsində Türkiyənin sadəcə İsrail üçün yox, artıq bütövlükdə Qərb üçün “strateji itki” olduğu iddia edilib. Efraim İnbar, İran Prezidenti Mahmud Əhmədinejadı və “soyqırım törətməklə” ittiham olunan Sudan Prezidenti Ömər Bəşiri ölkəsinə dəvət edən indiki Türkiyə hakimiyyətinin İsrailə qarşı mövqeyinin anlaşılmaz olduğunu qeyd edir.

Bu mənada maraqlı olan mövzulardan biri də gərginliyin sırf indiki iqtidardan qaynaqlandığı, yoxsa ümumilikdə Türk dövlətinin mövqeyi olduğu məsələsi idi. İsrailli mütəxəssislər arasında bir müddətdir iki ölkə arasındakı soyumanın mövcud hökumətdən qaynaqlandığı, hökumətlərarası problemlər nə dərəcədə olursa olsun iki ölkə arasındakı hərbi əlaqələrin pozulmayacağı fikri güclü idi. Bəzi şərhlərdə hərbi əlaqələrin inkişafında Rifah Partiyasının liderlik etdiyi koalisiya hökuməti dövrü nümunə göstərilərək bu düşüncə müdafiə olunurdu. Ancaq, son proseslə birlikdə İsraildəki mübahisə və müzakirələrdə iki düşüncə ön plana çıxmağa başladı. Bəzi müəlliflər TSQ-nin də İsrailə qarşı mövqeyində dəyişiklik olduğunu, əks halda bu son hadisənin meydana gəlməsinin mümkün ola bilməyəcəyini müdafiə etdilər. Bunun səbəbinin nə ola biləcəyi barədə heç nə yazılmasa da, çox güman ki, İsraildəki bu düşüncə Türkiyə daxili siyasətində ordunun klassik mövqeyindən qaynaqlanır. İsraildəki ümumən mənfi reaksiyalara baxmayaraq, oktyabrın 12-də İsrail hökümətinin qapalı toplantısında Müdafiə Naziri Ehud Barakın, “regionda baş verən bütün hadisələrə rəğmən Türkiyənin mərkəzi ölkə mövqeyini qoruduğu açıqdır” dediyi və münasibətləri “Türkiyə-İsrail münasibətləri stratejikdir” ifadəsi ilə xarakterizə etdiyi xəbərləri İsrail mətbuatı tərəfindən yayılmışdır.

Noyabr ayında münasibətlərdə növbəti gərginlik mövzusu – həm də yenə hərbi sahə ilə əlaqəli bir mövzuda- diqqət çəkməyə başladı. Noyabrın 29-da Türkiyənin Müdafiə Naziri Vəcdi Könül İsrailin Türkiyəyə verməli olduğu 10 ədəd pilotsuz Heron təyyarəsini hələ də təhvil vermədiyini və artıq bu ölkəyə 50 gün möhlət verildiyini elan etdi. Qeyd edək ki, bu barədə tender 2005-ci ildə keçirilmişdi və tenderin qalibi olan İsrailin Heron təyyarələrini 2008-ci ilin mayında Türkiyəyə təhvil verməli idi. Gecikmə ilə əlaqədar tərəflər bir-birlərini günahlandırırkən, Türkiyə tərəfi həm də təyyarələrin tenderdə nəzərdə tutulan şərtlərin bir qisminə uyğun olmadığını da iddia edir. Türkiyə gecikmə üçün İsraildən təzminat alacağını, əgər bu hal davam edərsə tenderi ləğv edə biləcəyini iddia edərkən, İsrailin də beynəlxalq məhkəmələrə müraciət edə biləcəyi qeyd olunur. Xatırladaq ki, Türkiyə İsrail üçün həm birbaşa satış həm də modernizasiya istiqamətində çox ciddi hərbi bazar roluna sahibdir. Bu mənada qlobal iqtisadi böhran şəraitində İsrailin belə bir silah bazarını əldən buraxmaq istəməyəcəyi və Türkiyəyə qarşı çox da dirənməyəcəyi fikri daha çox qəbul olunur.

Münasibətlərdəki bir gərginlik mənbəyi də Ərdoğanın İsrailin nüvə silahıyla bağlı açıqlamalarıdır. Son dövrlərdə dəfələrlə bu barədə mövqe ortaya qoyan Ərdoğanın sentyabrın sonunda ABŞ-da təşkil edilən G-20 zirvəsindəki çıxışında da “İsrail də nüvə silahına sahib. Nəyə görə o heç gündəmə gəlmir.” şəklindəki ifadəsi həm İran, həm də bütün Ərəb dünyasına verilən açıq bir dəstək və həm də İsrailin nüvə gücünün açıq bir şəkildə tənqid edilməsi kimi qiymətləndirilmişdi.

İkitərəfli münasibətlər baxımından İsrailin Sənaye, Ticarət və Əmək Naziri Benyamin Ben Eliezerin 2009-cu ilin oktyabrında Türkiyəyə səfəri müsbət məqam kimi yadda qaldı. Səfərdə Türkiyə-İsrail İkitərəfli İqtisadi Komissiyasının 4-cü iclası keçirildi və protokol imzalandı. İclasın açılışını Türkiyə tərəfindən Müdafiə Naziri Vecdi Gönül etdi. Xatırladaq ki, İkitərəfli komissiyanın ilk iclası 2000-ci ildə, ikinci iclas 2004-cü ildə, üçüncü iclas isə 2007-ci ildə keçirilmişdi. Açıqlamalarında “Sizinlə birlikdə çalışmaq istəyirik, sizlərlə iş qurmaq istəyirik. Əlaqələrimizi gücləndirmək, dərinləşdirmək istəyirik” fikirlərini səsləndirən Eliezer, Türkiyə və İsrail arasında 3,4 milyard dollar səviyyəsində olan ticarət həcmini, bir il içində 4,3 milyard dollara, 2 il içində də 8 milyard dollara çıxarmağı arzuladıqlarını söylədi.

Bu arada, Türkiyənin Baş Naziri Ərdoğanın dekabrın əvvəlindəki ABŞ səfəri iki məqamı yenidən ortaya çıxardı. Türkiyənin ABŞ-ın bu ölkədə qurmaq istədiyi raket əleyhinə müdafiə sisteminə tərəddüdlə yanaşmasının səbəbləri arasında da İsrailin olduğu qeyd olundu. Mətbuata görə, bu müdafiə sistemi ilə həm də İrandan İsrailə atıla biləcək raketlərin qarşısı alınacaq, amma Türkiyə “İran ilə İsrail” arasında qalmaq istəmir. Eyni zamanda səfərdə Ərdoğan Yaxın Şərqdə vasitəçilik missiyalarını davam etdirmək istədiklərini bildirdi. Hansı ki, İsrail artıq bu missiya üçün yeni namizədləri çoxdan açıqlayıb.

Gələcəyə baxış

Türkiyə-İsrail münasibətlərində son baş verənlərlə bağlı ən maraqlı bənzətmələrdən biri ABŞ-ın Yəhudi əslli keçmiş İsrail səfiri Martin İndik-ə aiddir. İndik münasibətləri əyləc sistemləri sıradan çıxmış və hərəkət edən avtomobilə bənzətmişdir.

Bill Klintonun prezidentliyi dövründə İsraildə səfir, Xarici işlər nazirinin (dövlət katibinin) Yaxın Şərq üzrə müavini vəzifələrində işləyən, Kamp David görüşmələrində iştirak etmiş, artıq Brookings İnstitutunun Xarici Siyasətdən məsul Sədr Müavini işləyən Indik, Jerusalem Post-a verdiyi müsahibədə, Türkiyənin ƏİP iqtidarı dövründə Ərəb aləminə yönəlib İsraildən uzaqlaşmaqdan Türk ordusu, işadamları və “sülh prosesi” kimi üç əyləcin saxladığını söylədi. İndik qeyd edir ki, ancaq son iki ildə bu əyləclər tək-tək boşaldılır, qərargahlarından kənara çıxa bilməyən ordu əvvəlki kimi hökumətin siyasətinə təsiri edə bilmir, hökumətin təzyiqini hiss edən iş dünyası “İsrail ilə əlaqələrin iqtisadi baxımdan əhəmiyyətli” olduğu mövqeyini ortaya qoya bilmir, Suriya və Fələstinlilərlə sülh prosesinin isə demək olar ki, mövcud deyil. İndik-ə görə Baş nazir Tayyib Ərdoğan İsrail-Suriya müzakirələrində vasitəçilik edərkən, hətta keçən ilin dekabrında müzakirələrin nəticələnəcəyi gözlənilərkən İstanbula gedən dövrün İsrail Baş naziri Ehud Olmertin Qəzzəyə əməliyyatla əlaqədar ona heç bir söz deməməsi, “Ərdoğanda adam yerinə qoyulmadığı hissini yaratdı, sonra o da Davosda İsrail prezidenti Şimon Peresə hücum etdi, bunun nəticəsində Peres də adam yerinə qoyulmadığı hissinə qapıldı”.

Türkiyə tərəfində isə bəzi mütəxəssislər, Türkiyənin sadəcə olaraq münasibətlərin xarakterində “yüngülvari düzəlişlər ” etdiyini, bəziləri “ ciddi dəyişikliklər etdiyini”, bəziləri “dinci bir xarici siyasət kursu izləndiyini”, bəziləri isə “bütün bunların sırf İsrailin ədalətsiz addımlarından qaynaqlandığını” düşünür. Bunların hər birinin kifayət qədər əsasları olsa da ümumən Türkiyə-İsrail münasibətlərinin nə tam qopmayacağını, nə də artıq əvvəlki xarakterə sahib olmayacağını (ən azı yaxın mərhələdə) qeyd etmək mümkündür. Sadəcə olaraq xarici siyasətdə daha böyük gedişlər etməyə çalışan Türkiyənin soyuq müharibə sonrası şəraitə uyğunlaşma axtarışları, Osmanlı mirasından faydalanma arzuları, İsrail ilə münasibətlərin bərabər səviyyəli olmadığı (İsrailin ona daha çox ehtiyacı olduğu halda, münasibətlərdən daha çox faydalananın da İsrail olduğu düşüncəsi) bu prosesdə daha təsirli amillərdir. Buna təbii ki, mövcud hakimiyyətin daxili siyasi bazasına da xitab etmek təşəbbüsləri də əlavə olunmalıdır.

Yeri gəlmişkən, Türkiyədə hökümətə yaxın bəzi mənbələr Türkiyə-Ermənistan münasibətlərindəki yaxınlaşma təşəbbüslərinin hökümətin “ABŞ-da Yəhudi lobbisinə az ehtiyac duymaq istəyi” ilə də əlaqəli olduğunu qeyd edirlər. Bu da öz növbəsində Türkiyə-İsrail münasibətləri ilə əlaqədar istiləşmənin elə də sürətlə getməyəcəyinin gözlənildiyini göstərir.

Türkiyə- İsrail münasibətləri Azərbaycanı da yaxından maraqlandırır. Şübhəsiz ki, ilk növbədə Azərbaycanın vacib strateji müttəfiqi olan Türkiyənin yenə Azərbaycan ilə normal münasibətlər sahib İsrail ilə münasibətlərində baş verənlər maraqlıdır. Eyni zamanda son proseslər İsraili Müsəlman dünyasında yeni müttəfiq axtarışlarına sövq edəcəkdir ki, bu istiqamətdə Azərbaycanın potensialı da yüksəkdir. Azərbaycan nə Şah İranını, nə də indiki Türkiyəni bəzi göstəricilər baxımından tam əvəz edə bilməz. Amma hər ikisiylə müqayisədə bəzi üstünlüklərə də malikdir. Bu baxımdan önümüzdəki mərhələdə İsrailin Azərbaycana marağının daha da artmasının şahidi ola bilərik (bu barədə daha geniş, “Azərbaycan-İsrail münasibətləri” dosyesində).

Araz Aslanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir