KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Araz Aslanlı: “Seçici namizədə onlara bağlılıq dərəcəsinə və təmsil qabiliyyətinə baxaraq səs verir”

Araz Aslanlı: “Seçici namizədə onlara bağlılıq dərəcəsinə və təmsil qabiliyyətinə baxaraq səs verir”

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
374 0

Müsahibimiz 66 saylı Biləsuvar seçki dairəsindən deputatlığa müstəqil namizəd Araz Aslanlıdır.

Özünüz haqqında geniş məlumat verə bilərsinizmi?

İcazənizlə mən oxuyucularınıza özüm haqqında qısa məlumat verim. Çünkü geniş məlumatı onsuz da seçicilərimiz təbliğat materiallarından oxuya bilirlər. Biləsuvar rayonunda doğulmuşam. Orta təhsilimi da rayonumuzda almışam. Ali təhsilimi (bakalavr, magistratura və bitmək üzrə olan doktorantura pillələrində) Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində almışam. Bakalavr və magistratura təhsilimi dövlət idarəçiliyi və politologiya ixtisasları üzrə, doktorantura təhsilimi isə beynəlxalq münasibətlər ixtisası üzrə almışam. Nüfuzlu beynəlxalq siyasət mərkəzlərində işləmişəm. Diaspor təşkilatlarında rəhbər vəzifələr tutmuşam. Təhsil və tədqiqat fəaliyyətiylə məşğulam. Məqalələrim ABŞ, Fransa, İngiltərə, Türkiyə, Rusiya və digər dövlətlərdə nəşr olunub. Müxtəlif ali təhsil qurumlarında müəllim kimi də, rəhbər vəzifələrdə də işləmişəm. Eyni zamanda Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədriyəm.

Seçicilərinizə nə vəd verirsiniz?

Bu suala bir qədər geniş cavab vermək istəyirəm. Çünkü mən həm bu sahə ilə bağlı təhsil almışam, həm də praktiki fəaliyyətlə məşğul olmuşam.

Millət vəkilinin vədləri, ümumiyyətlə seçki vədləri çox maraqlı məqamlardan biridir. Amma praktika göstərir ki, əksər hallarda insanlar səs verərəkən millət vəkillərinin vədlərindən çox başqa məqamlara baxırlar.

Bunlar hansı məqamlardır?

Millət vəkilinin funksiyası parlamentdə müəyyən bir ərazidəki seçiciləri təmsil etməkdir. Bu səbəbdən namizədlə bağlı ilk baxılacaq məqam namizədin o seçki dairəsindəki insanlara aid olma dərəcəsi, bağlılıq dərəcəsidir. Yəni, bu namizədin bu insanlara nə qədər dəxli var (orada doğulub, yoxsa orada təhsil alıb, yoxsa orada işləyib və s.). Təbii ki, Azərbaycan hamımızın vətənidir. Qanunlar bu barədə namizədliklə bağlı hansısa bir məhdudiyyət yaratmır. Burada söhbət namizədlərin özlərinin mənəvi öhdəliyindən gedir. Yəni, insan gərək özünə sual versin ki, mənim bu dairədən namizəd olmağa nə qədər mənəvi haqqım çatır? Mən bu insanları tanıyırammı, bu insanlar məni tanıyırlarmı? Bu dairədə namizəd olaraq mən seçicilərin sevgisini daha çox qazanmış olacam, yoxsa mənfi hisslərini. Çünkü nəticədə bu bir yarışdır, insan həyatında sadəcə bir mərhələdir. Bir yarış uğurunda, həyatımızdakı bir mərhələ uğurunda ömür boyu insanların mənfi hisslərinin hədəfi olmağa dəyərmi? Bu sualın cavabı mənfidirsə digər məqamların heç bir əhəmiyyəti yoxdur!

İkinci vacib məqam namizədin təmsil qabiliyyətidir. Təmsil qabiliyyətinin ilk göstəricisi namizədin keçmişidir. Bu sadəcə vədlə ola biləcək bir məsələ deyil. Namizədin təhsili, təcrübəsi önəmlidir. Namizədin qanunvericilik fəaliyyətində iştirak potensialı seçicini qane etməlidir.

Qısacası, insanlar millət vəkilini namizədlərin onlara bağlılıq dərəcəsinə, təmsil qabiliyyətinə, savadına, dünyagörüşünə, təcrübəsinə, nitqinə, ünsiyyət qurmaq qabiliyyətinə baxıb seçirlər.

Əlbəttə ki, seçildiyi dairə ilə bağlı maraqlı ideyalarının olması yaxşı haldır. Maraqlı və reallaşdırılması mümkün vədləri verməsi də seçki prosesinin təbii bir parçasıdır. Mənim də təhsil, idman, sosial sahə, məşğulluq və s. ilə bağlı planlarım var.

Amma Biləsuvar üçün birinci növbədə parlamentdə layiqincə təmsil edilmək gəlir. Məncə bu, istənilən seçici qrupu üçün belədir. Xüsusilə nəzərə alsaq ki, Biləsuvar son 20 il ərzində parlamentdə necə “təmsil olunub”, bu məsələ daha çox aktualdır.

Seçicilərinizlə görüşürsünüzmü?

İllərdir və hər gün. Çünki Biləsuvar mənim üçün sadəcə bir seçki dairəsi deyil. Biləsuvar mənim üçün sadəcə seçki kampaniyasında gedilən yer də deyil. Biləsuvar mənim anadan olduğum yerdir, təhsil aldığım yerdir. Müəllimlərimin, sinif yoldaşlarımın, qonşularımın, dostlarımın, qohumlarımın yaşadığı yerdir. Mən daim Biləsuvar ilə nəfəs alıram, Biləsuvar ilə yaşayıram. Hər anımda Biləsuvar var. Mən seçicilərimlə hər gün görüşürəm, danışıram. Və bunu sadəcə seçki kampaniyası üçün də etmirəm. Əslində bir rayonu sadəcə bir seçki kampaniyasında keçirilən görüşlərlə tanımaq, heç mümkün də deyil. Bu baxımdan yanaşmam bəlkə bəzilərinə qəribə gələ bilər. Amma şəxsən mənim üçün seçki dövründəki görüşlər adi günlərdəki görüşlərimdən çox fərqlənmir. Mən adi günlərimdə də Biləsuvardan olan insanlarla görüşməyə, həmsöhbət olmaya, kömək edə biləcəyim nəsə varsa kömək etməyə çalışıram. Seçkinin nəticəsindən asılı olmayaraq bunu yenə etməyə çalışacağam. Seçki Azərbaycan Respublikasının Milli Məclisində Biləsuvarın öz layiqli namizədi ilə təmsil olunması uğurundadır. Seçki Biləsuvarın öz layiqli namizədini seçməsi üçündür. Mən də seçki prosesinə sadəcə bu məqsədə xidmət etmək üçün qoşulmuşam.

Proseslə bağlı gözləntiləriniz necədir?

Parlament özünü yeniləmək ehtiyacı hiss edib. Ölkə başçısının islahatlar və yeniləşmə ilə bağlı fikirləri cəmiyyətdə geniş rezonans yaradıb. Xalqın gözləntiləri artıb. Təbii ki, proses eyni zamanda ehtiyatlılıq və xüsusi diqqət tələb edir. Çünkü dövlətimizin daha qüdrətli və sabit bir ölkə olmasını istəməyən qüvvələr də var. Amma bütün hallarda xalqın inamını qazanmış yeni və daha dinamik bir parlamentin ortaya çıxması ölkəmizin inkişaf xəttinə ciddi töhfə verəcəkdir.

Seçicilərin prosesdə qanunlara və dövlət maraqlarına sadiq qalaraq iştirak etməsi, layiq bildikləri namizədə səs verməsi ən vacib amildir. Təbii ki, bütün namizədlər qələbə qazanmaq üçün yarışacaqlar. Amma seçicilərin istənilən qərarı da bizim üçün hər şeydən önəmli olmalıdır. Ədalətli yarış və bütün namizədlərə uğurlar arzulayıram! Hər şey daha qüdrətli Azərbaycan, hər şey daha yaxşı gələcək üçün!

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir