KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Araz Aslanlı: Rus ordusu denilince aklımıza ne geliyor

Araz Aslanlı: Rus ordusu denilince aklımıza ne geliyor

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
291 0

1. Rus ordusunun Azərbaycan ərazilərinə daxil olmasına cəmiyyətin həssaslığı çox təbiidir. Çünki “Rus ordusu” deyəndə əksəriyyətin gözünün önünə Cavad xanın qətli və Gəncənin işğalı, Gülüstan və Türkmənçay müqavilələri, Azərbaycan Xalq Cümhuriyyətinin işğalı və daha sonra qətl edilən aydınlarımız, 20 yanvar qatliamı, Xocalı soyqırımı, ərazilərimizin növbəti dəfə işğalı gəlir. Tarixi unutmamaq, həssaslığı daim qorumaq önəmlidir. Amma tarixin əsiri (girovu) olmaq da yanlışdır. Dünyanı düzgün dəyərləndirmək, məqsədləri, planları düzgün müəyyənləşdirmək, xalqımızı və dövlətimizi daha yaxşı, daha uğurlu gələcəyə aparmağın yollarını tapmaq, bu istiqamətdə çalışmaq vacibdir. “Dövlətlərin daimi düşmənləri və dostları olmur, daimi maraqları olur” ifadəsini də tariximiz kimi unutmamalıyıq. Prosesləri duyğularımızla deyil, məntiqimizlə dəyərləndirməliyik.
2. Maksimalizm dövlət məsələlərində əksər hallarda zərərli olur. Məqsədə addım-addım getmək çox önəmlidir. Maksimalistlər ucbatından dəfələlərlə olub ki, əlimizdəkiləri də, hansısa mərhələdə qazandıqlarımızı da itirmişik. Rəhim Qazıyevlərin, Etibar Məmmədovların, Əlikram Hümbətovların, Surət Hüseynovların xalq hərəkatımıza və vətən müharibəmizə verdikləri zərərləri unutmamışıq. İstəyənlər bu şəxslərin içində olduqları tarixi prosesləri detallı öyrənsinlər, nələrə səbəb olduqlarını görəcəklər. Halbuki, hamısı çox iddialı sözlər deyiblər, hakimiyyətin az iş gördüyünü, onlar olsa qat-qat artıq nələrsə edəcəklərini iddia ediblər. Amma sadəcə zərər veriblər, sadəcə daha çox itirməyimizə səbəb olublar. Maksimalistlərin vədləri, sözləri daha cazibədar olur. Amma unutmayın ki, onların bir qismi bunu saflığından, eqoizmindən edir, bir qismi isə sadəcə olaraq düşmənin planlarına xidmət edir. Dövlət idarə etmək bütün şərtləri nəzərə alaraq (imkan daxilində şərtləri öz lehinə çevirərək) addım atmağı tələb edir.
3. Prinsipial yanaşma kimi məncə Azərbaycanın gələcəyində ölkə daxilində hansısa bir sülhməramlının yeri olmamalıdır. Ölkəmizin ortasında təmas xətti, sülhməramlı istəməmək haqqımızdır. Amma hərbi mərhələnin başa çatması, münaqişə bölgəsindəki dinc əhalinin təhlükəsizliyinə (hansısa bir qurumun statusuna deyil) beynəlxalq zəmanət kimi müvəqqəti olaraq sülhməramlılar gələ bilər. Bu olmadığı halda qarşılaşa biləcəyimiz risklər barədə detallı məlumat sahibi deyilik.
Sülhməramlıların tərkibi, mahiyyəti və statusu Azərbaycanın maraqlarına daha uyğun şəkildə müəyyənləşdirilməlidir. Uzun mərhələdə isə onlar sadəcə Azərbaycan-Ermənistan sərhədində olmalıdır, Azərbaycanın daxilində deyil. Hansısa xarici bir ordunun gəlməsi mümkün qədər arzuolunmazdır, amma onun burada əbədi olmayacağını anlamaq da çətin deyil. 1992-1993-cü ildə xarici ordunu çıxaran Azərbaycan yenə də çıxarar. Burada əsas iş cəmiyyətə və dövlətə düşəcək.
4. 1994-cü ildən sonra dövlətin üstünə düşən ilk növbədə Azərbaycan ərazilərinin hüquqi olaraq mübahisə mövzusuna çevrilməsinə imkan verməmək və əraziləri işğaldan azad etmək üçün uyğun məqamı gözləmək (şərait yaratmaq) idi, bunu əsasən başarmışıq. İkinci olaraq yeni mərhələdə qazandıqlarını (azad etdiyi və ediləcək əraziləri, keçmiş DQMV ilə bağlı status müzakirələrinin hələlik ortadan qalxmasını və s.) qorumaqdır.
5. Sadə insanlarla bağlı deyəcəyim heç nə yoxdur, çünki xüsusi bir məsuliyyətləri, hər şeyi araşdırmaq kimi borcları da yoxdur. Sözüm nüfuzlu, fəal, geniş çevrələrə təsir edən insanlaradır. 12 iyuldan öncə “heç nə olmayacaq, bu iqtidar çoxdan satıb” deyənlər, hətta oktyabrın əvvəlində belə artıq bütün ərazilərin azad olunduğunu iddia edirdilər, bu işin guya çox asan olduğu görüntüsünü yaradırdılar. 12 iyuldan öncəki pessimizmləri nə qədər zərərli idisə, 27 sentyabrdan sonrakı əsassız və asan qələbə eyforiyası yaratmaları o qədər insanfsızca və düşüncəsizcə idi. 9 noyabrda yazdıqları ilə bir gün sonra yazdıqları arasındakı uçurum da bundan qaynaqlanır.
İnsanlar təbii ki, fərqli fikirlərdə ola bilərlər, fikirlərini tez-tez dəyişə də bilərlər. “Bir yerdə hamı eyni fikirdədirsə deməli orada ümumiyyətlə bir fikir yoxdur” yanaşması da doğrudur. Amma saman alovu effektiylə cəmiyyətin duyğuları ilə oynamaq olmaz. Uzun bir yoldayıq. Həssas olmalıyıq. Tənqid ən təbii hüquqdur, faydalıdır, zəruridir. Amma əlimizdəkiləri (eləcə də əldə etdiklərimizi) qorumadan, hətta onları itirmə riski bahasına maksimalist şüarlar səsləndirənlərə bəzilərinin “milli qəhrəmanı” olan Saakaşvilinin başında olduğu Gürcüstanın 2008-ci ildə yaşadıqlarını xatırlatmaq istəyirəm.
Daha yaxşı olması üçün daha əzmli, daha şüurlu, daha diqqətli olmalıyıq.
Araz Aslanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir