Araz Aslanlı: Azerbaycan ile Rusya arasındaki gerginlik
1. Azərbaycan ilə Rusiya arasındakı gərginliyin mahiyyətini düzgün anlamaq və gedişatı düzgün proqnozlaşdırmaq üçün ritorik müharibəyə baxmaq kifayət etmir. Bunun üçün ən azı (1) hər iki dövlətin ümumiyyətlə xarici və təhlükəsizlik siyasətini, (2) Rusiyanın Cənubi Qafqaza, Azərbaycanın Rusiyaya baxışlarını və (3) bu iki ölkə arasındakı münasibətlərin hərəkətverici qüvvələrini düzgün təhlil etmək lazımdır.
2. Azərbaycanın və Rusiyanın xarici siyasətinin və təhlükəsizlik siyasətinin xarakterinə dərindən nəzər saldıqda iki ölkə arasındakı siyasi gərginliyi kuliminasiya nöqtəsində hesab etmək olmaz. Hər iki ölkə siyasi olaraq gərginliyi zirvəyə daşımaq istədikləri zaman daha yüksək səviyyəli rəsmilərin, Azərbaycanın timsalında isə xüsusilə dövlət başçısının məsələyə açıq münasibətinə (bu cür hallarda sərt tənqidi açıqlamalarına) şahid oluruq. İndiki gedişat isə gərginliyin kuliminasiyaya doğru gedərkən liderlərin son sözü deyərək mənfi prosesi son nöqtəyə çatmadan dayandıracağı versiyaya daha çox bənzəyir.
3. Eyni zamanda qeyd etmək lazımdır ki, hazırkı vəziyyət Azərbaycanda dövlətin və cəmiyyətin bu qədər həssas, bu qədər birlikdə və bu qədər qəzəbli olduğu nadir hallardan biridir. Amma bunun səbəbkarı nə Azərbaycandır, nə də Rusiyanın sevmədiyi və mütəmadi ittiham etdiyi xarici dövlətlər. Səbəbkar Rusiyanın özüdür.
4. Rusiya rasional dövlət olmaq fürsətini bir neçə dəfə qaçırıb. Növbəti dəfə qaçırmaq üzrədir. Qonşuları ilə normal münasibət qurmaq imkanı 1991-ci ildə də var idi. 2000-ci illərdə də (xüsusilə 11 sentyabr hadisələrindən sonra), 2020-ci ildın sonra da. Amma hər dəfə bu fürsəti hansısa şovinist yanaşmalara qurban verir. Sinerjiyə deyil, intriqaya inanır. Uzaqdakı böyük güclər Rusiyanın qonşuluğundakı “kiçik dövlət”ləri inandırmağa çalışır ki, Rusiya sizin üçün təhlükədir. Rusiya əksini iddia edir və kənar böyük gücləri ittiham edir. Amma praktikada onların iddialarını reallaşdırır, onları haqlı çıxarır.
5. Rəsmi olaraq açıqlananlar bir yana, təxmin etmək mümkündür ki, Azərbaycanda və digər bəzi ölkələrdə rəsmi olaraq Rusiya ilə əlaqələndirilməmiş nə qədər terror və sabotaj (ADNSU-dakı terror, neft və qaz yataqlarındakı sabotajlar, enerji sistemi ilə bağl təxribat, hərbi anbarlardakı bəzi partlayışlar və s.) olub. Amma müəyyən səbəblərdən dövlət rəsmiləri bunu açıqlamayıblar. Yenə də cəmiyyyətdə mövcud olan bu məlumat (ya da inanc) Rusiyaya qarşı mənfi hissləri artırır.
6. Rusiyadakı əsas problemlərdən biri də odur ki, bu ölkə nəinki miqrantlara (halbuki, onlarla da hüquq çərçivəsində davranmalıdır), eyni zamanda on illərdir Rusiyada yaşayan, məsələn, babası SSRİ vaxtı bu ölkəyə gəlmiş, atası və anası bu ölkədə doğulmuş, özü də bu ölkənin vətəndaşı olan soydaşlarımıza qarşı da sadəcə etnik kökü fərqli olduğu üçün aqressiv davrana bilir. Bu davranışların həm insani baxımdan, həm də soydaşlıq bağı baxımından Azərbaycanda ciddi narazılığa səbəb olması təbiidir.
7. Azərbaycanın xarici və milli təhlükəsizlik siyasətinin xarakteri eynidir: müstəqilliyi, ərazi bütövlüyünü, sabitliyi və konstitusion quruluşu qorumaq, bunlara müdaxilə edilməsinə imkan verməmək; eyni şəkildə öz ərazilərindən başqalarına qarşı istifadə olunmasına imkan verməmək, qonşulara qarşı başqa dövlətlərin oyunlarında iştirak etməmək. Siyasi xətt eyni qalsa da reaksiya və addımların xarakteri imkanlara bağlı olaraq dəyişir. 1990-cı illərdə Rusiyanın qüsurlu davranışlarına etiraz bəyanatları ilə (ya da KTMT-də iştirakdan imtina kimi addımlarla) cavab verilirdi. 2000-ci illərdə daha ciddi addımlarla cavab verilməyə başlandı. Məsələn, Rusiyaya işləyən cəsuslar həbs edildi, Rus diplomatlar “persona non-qrata” elan edildi. 2007-ci ildə Rusiya Ermənistana böyük hərbi yardım edəndə Bakı-Novorossiysk neft kəməri ilə nəqlin dayandırılması (bir mərhələdə isə minimuma endirilməsi və kəmərin zərərlə işləməsinin təmin edilməsi) ilə cavab verdildi.
44 günlük Vətən Müharibəsi və əldə edilən tarixi Zəfərimiz Rusiya ilə bağlı “bu ölkə istəmədən regionda heç nə olmur” mifini dağıtdı (xüsusilə nəzərə alanda ki, uzun müddət ABŞ belə regionu Rusiyanın “arxa bağçası” kimi görürdü, 2008-ci ildə Gürcüstan, 2014-cü ildə Ukrayna kimi böyük dövlət hansı nəticələrlə üzləşmişdi) – bu artıq yeni mərhələnin başlanğıcı demək idi.
İndi isə Azərbaycan indiyə qədərki mərhələdə atmadığı addımı atır. Rusiyanın hər addımına bənzər şəkildə cavab verir.
Digər tərəfdən Azərbaycanın atdığı bəzi addımlar və cəmiyyət tərəfindən ortaya qoyulan bəzi tələblər əslində milli dövlət olaraq varlığımızı gücləndirmək üçün zəruri olan məqamlardır.
8. Əlbəttə ki, Azərbaycanın Rusiyaya bənzər şəkildə qarşılıq verməsi asan deyil, nəticəyönümlü və dayanıqlı müttəfiqlərə sahib olmadan bunu etmək çətin və risklidir. Uzun müddət davam etdirmək isə hər iki dövlət üçün həyati risklərə səbəb ola bilər. Amma Azərbaycan dövləti üçün 44 günlük Vətən Müharibəsində əldə edilən tarixi Zəfərin cəmiyyətimizdə yaratdığı özünəinamı, Türk Dünyasında və ümumiyyətlə dünyada yaratdığı imici, Türk Dünyası üçün yaratdığı birləşdirici rolu qorumaq çox önəmlidir. Bu imic eyni zamanda milli strategiyamızın bir parçası, xarici və təhlükəsizlik siyasətimizin bir alətidir. O qorunmalıdır.
9. Ümid edək ki, Rusiya digər bütün dövlətlər ilə, xüsusilə də Azərbaycan kimi qonşularla münasibətləri rasional müstəvidə davam etdirməyin daha məntiqli olduğunu anlayacaq və siyasətini buna görə formalaşdıracaq.
10. Bu dəfə də 10-cuya vaxt qalmadı… )))
Araz Aslanlı
Share this content:
Yorum gönder