KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Araz Aslanlı: Azərbaycan indiyə qədər sadəcə iki ölkə ilə adında “müttəfiqlik” ifadəsi olan sənəd imzalayıb

Araz Aslanlı: Azərbaycan indiyə qədər sadəcə iki ölkə ilə adında “müttəfiqlik” ifadəsi olan sənəd imzalayıb

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
359 0

Azərbaycan indiyə qədər sadəcə iki ölkə ilə adında “müttəfiqlik” ifadəsi olan sənəd imzalayıb: 1. Qazaxıstan ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında 2005-ci il mayın 24-də Bakı şəhərində imzalanmış Müqavilə; 2.Türkiyə ilə müttəfiqlik münasibətləri haqqında 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Bəyannamə.
Bir çox dövlət ilə imzalanan sənəddə strateji tərəfdaşlıq ifadəsi keçsə də sadəcə Türkiyə ilə imzalan strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə (2010-cu il avqustun 16-da Bakı şəhərində imzalanmışdır) tam hərbi müttəfiqliyin (eləcə də digər sahələrdəki müttəfiqliklərin) bütün nüanslarını tənzimləyir.
Türkiyə və Qazaxıstanın Azərbaycanın əsas məsələlərinə dair yanaşmaları aydındır. Yəni, sənədlər münasibətlərin mahiyyətinə uyğundur və konkret müsbət (Azərbaycanın mənafeyinə uyğun) nəticələr yaratmışdır.
Belə olan halda Rusiya ilə imzalanacağı iddia olunan “müttəfiqlik haqqında bəyannamə” müəyyən suallara cavab gətirməyə çalışarkən eyni zamanda yeni suallar ortaya çıxaracaqdır:
1. Azərbaycan bu sənədlə balanslaşdırılmış xarici siyasət kursunu müəyyən dərəcədə qorumaq istəyidiyini göstərməyə çalışır?
2. Bu “müttəfiqlik” Xankəndini suverenliyi altına almağa çalışarkən Bakıya yeni “İsgəndər”lər atılmasına mane olacaq? (bu ittiham deyil, sualdır)
3. Bu sənəd regionda uzun zamandır gündəmdə olan Rusiya-Türkiyə mərkəzli Avrasiya əməkdaşlığının önəmli bir həlqəsi olacaq?
4. Bu sənəd sadəcə 44 günlük müharibədən öncəki son 2 ayda Ermənistana 1000 ton silah daşıyan, müharibə zamanı göndərməyə vaxt qalmadığı üçün Gümrüdəki hərbi bazasından Ermənistana ağır silahlar verən (Azərbaycan prezidenti İlham Əliyevin İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsi, 26 oktyabr 2020) Rusiya ilə Ukrayna (Azərbaycan ilə müttəfiqliyinə əsasən sadiq qalan) arasında birincinin lehinə seçim etmək kimi görünməyəcəkmi?
5. Sənəd 1990-cı illərin ilk yarısında ABŞ-ın tətbiq etdiyi “yaralanmış ayını daha da əsəbləşdirməmək” siyasətinin oxşarının Azərbaycan tərəfindən tətbiq edilmək cəhdidirmi? (yeri gəlmişkən bu gün keçmiş Sovet imperiyası regionunda yaşanan mənfi proseslərin əsas günahkarlarından biri ABŞ-ın o qüsurlu siyasəti idi)
Suallar çoxdur… Təbii ki, insanlar daha çox cavab arzulayır, sual deyil. Amma həqiqət ilk növbədə doğru sualların soruşulmasından başlayır, çoxluğun xoşuna gələn populist sərt şüarların səsləndirilməsindən deyil…
Araz Aslanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir