KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Arastun Orujlu: Üçtərəfli ABŞ – Avropa Birliyi – Ermənistan görüşü

Arastun Orujlu: Üçtərəfli ABŞ – Avropa Birliyi – Ermənistan görüşü

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
30 0

Üçtərəfli ABŞ – Avropa Birliyi – Ermənistan görüşünü Azərbaycan media məkanında şərh edənlərin mütləq əksəriyyəti təəssüf ki, obyektiv təhlil təqdim etmək əvəzinə bayağı təbliğat aparır. Halbuki yaranmış vəziyyətin Azərbaycan üçün bütün mümkün çıxanlarını anlamaq ilk növbədə özümüz üçün son dərəcə vacibdir.

Beləliklə, SSRİ dağıldıqdan sonra ilk dəfədir ki, Qərbin iki güc mərkəzi – ABŞ və Avropa Birliyi (başqa sözlə, kollektiv Qərb) Ermənistanla indiki format və çərçivədə əməkdaşlıq qurur. Şübhəsiz ki, əvvəllər də Qərb ölkələrinin Ermənistana münasibəti daha loyal olub, amma bundan uzağa da getməyib.

Yəni İrəvana loyallıq nümayiş etdirməklə yanaşı Qərbdə onu da qəbul ediblər ki, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı əsas hərbi-siyasi və iqtisadi tərəfdaşıdır. Elə bu mənada da Qərb ölkələrinin istər iqtisadi, istərsə də hərbi-siyasi baxımdan əsas partnyor seçimi Azərbaycanın üzərinə düşüb.

İqtisadi sahədə əməkdaşlıq Azərbaycanın neft-qaz resursları səbəbindən qaçılmaz olsa da, hərbi-siyasi əməkdaşlıq regional və qlobal təhlükəsizlik maraqlarından qaynaqlanıb. Bu məsələdə də Azərbaycanın coğrafi mövqeyi, regionun ən böyük ölkəsi olması, Qərblə iqtisadi tərəfdaşlığı və digər amillər əsas götürülüb.

Hərbi-siyasi əməkdaşlığın az qala bütün mərhələlərində “balanslı” xarici siyasət yürüdən Azərbaycan rəhbərliyi həlledici anda Rusiyanın tərəfinə keçsə də Qərbon əməkdaşlıq cəhdləri heç vaxt dayandırılmayıb. Hətta 2013-cü ildə Azərbaycan hakimiyyəti Xəzərin hüquqi statusu kimi strateji məsələdə Rusiyanın xeyrinə addım atandan sonra da.

O zaman atılan addım isə ilk növbədə elə Azərbaycanın öz milli maraqlarına ağır zərbə idi. Amma Azərbaycan media məkanında bu mövzu yaqsaq sayılır. Məhz həmin dövrdən sonra Türkiyənin Cənubi Qafqaz siyasətində əsaslı dəyişikliklər baş verdi və Ankara Cənubi Qafqazda əsas oyunçulardan olmaq iddiasını ortaya qoydu.

İlk baxışdan bu gün heç kim inkar edə bilməz ki, Azərbaycanın 44 günlük müharibədəki uğuru Türkiyənin hərbi-siyasi dəstəyi olmadan mümkün deyildi. Hərçənd ki, elə bu gün də ölkədə həmin qələbənin təkcə Türkiyə ilə deyil, həm də Rusiya ilə əməkdaşlığın nəticəsi olduğunu məqsədli şəkildə iddia edənlər az deyil.

Halbuki, NATO üzvü olan Türkiyənin Azərbaycana gətirdiyi bir sıra silahlar (məsələn, F-16 təyyarələri) və ya İsrailin Azərbaycana satdığı “Dəmir qübbə” və “Barak-8” kimi raket hücumundan müdafiə sistemləri bu ölkələrin təkcə öz qərarı ilə mümkün olmazdı. Bunu ABŞ-ın silah satışına dair qanunvericiliyi tələb edir.

Bunu da qeyd etməliyik ki, İsrailin yuxarıda adı çəkilən hər iki raket hücumundan müdafiə sisteminin raketləri təkcə ABŞ texnologiyası deyil, birbaşa ABŞ istehsalıdır. Buraya Böyük Britaniyanın 44 günlük müharibə zamanı BMT-dəki Azərbaycan əleyhinə qətnaməyə veto tətbiq etməsini də əlavə etdikdə mənzərə tam aydınlaşır.

Onu görmək istəyənlər üçün əlbəttə. Nəhayət, bu günlərdə Ermənistanla polemika aparan Rusiya XİN öz sözçüsünün dili ilə İrəvanı yalanlayaraq, 44 günlük müharibə zamanı Rusiyanın Ermənistana dəstək verdiyini xatırlatdı. İlk baxışdan bunu bizə xatırlatmağa ehtiyac olmasa da, rəsmi təbliğat israrla əksini iddia edir.

Amma Azərbaycanın xarici siyasətində daim olduğu kimi 44 günlük müharibənin sonunda da seçim Rusiyanın tərəfində oldu. O zaman həmin seçim hər kəsə aydın görünməsə də, bu gün buna şübhə edənlərin sayı sürətlə azalmaqdadır. Amma bu da maraqlıdır ki, hətta Rusiya ordusunun Azərbaycana gətirilməsi də vəziyyəti dəyişmədi.

Bu dəfə Qərb Azərbaycan-Ermənistan sülh danışıqlarında vasitəçilik etməyə cəhd göstərdi. Avropa Birliyinin yüksək rəsmilərinin iştirakı ilə keçirilən bütün danışıqlarda Qarabağın nəinki statusu müzakirə predmeti deyildi, heç onun adı belə yox idi. Atılan addımlar Azərbaycanın Qərb üçün nə qədər əhəmiyyətli olmasının göstəricisi idi.

Amma bütün bunlara və Ermənistanın Qarabağın dağlıq hissəsini Azərbaycan ərazisi kimi tanıdığını bəyan etməsinə rəğmən Azərbaycan sülh danışıqlarından imtina etdi. Bu isə həm də Qərblə tərəfdaşlıqdan imtina demək idi. Başqa cür də ola bilməzdi, çünki Əliyev hakimiyyəti seçimini 2020-ci ilin noyabrında artıq etmişdi.

Beləliklə, Azərbaycan Cənubi Qafqazda təmsil olunmaq istəyən Qərblə əməkdaşlıqdan imtina etdi, Qərb də həmin tərəfdaş roluna Ermənistanı seçdi. Məsələnin dərin siyasi və geosiyasi aspektlərinə varmadan verilə biləcək sadə izahı budur. Təbii ki, Ermənistan bu mənada Qərb üçün Azərbaycanı əvəz edə biləcək ölkə deyil.

Amma görünən həm də budur ki, Qərbdə özünü birmənalı olaraq Rusiyanın müttəfiqi kimi aparan Azərbaycanla tərəfdaşlıq cəhdlərinin artıq mənasiz olduğunu anladılar. Həm ABŞ-ın, həm də Avropa Birliyinin Ermənistanla əməkdaşlıq məsələsində vahid mövqedən çıxış etməsi isə bir çox mətləblərdən xəbər verir.

Ən əsası budur ki, Ermənistanın tərəfdaş kimi seçilməsi kollektiv Qərbin qərarıdır. Kollektiv Qərb isə təkcə ABŞ və Avropa Birliyi deyil, həm də NATO-dur. Bu isə Qərb tərəfindən deyilənlərə rəğmən Ermənistanın təkcə iqtisadi inkişafını deyil, həm də onun hərbi potensialının artırılmasını nəzərdə tutur.

Kollektiv Qərbin bölgə ilə bağlı daha hansı qərarlarının olmasını isə zaman göstərəcək. Amma hər bir halda onların Azərbaycanın xeyrinə olacağını demək üçün heç bir əsas görünmür. Bunun əksini yalnız ekspert cildinə girmiş təbliğatçılar, özü də Azərbaycan cəmiyyətində son illər yaradılmış ən aqressiv kəsimə təqdim edə bilərlər.

İndi toplumun həmin kəsiminə təqdim edilən psevdotezislərdən biri də Qərbin Azərbaycanı təcrid etmək istəyidir. Qərbin belə istəyi ola da bilər əlbəttə, amma buna ehtiyacının olduğu inandırıcı görünmür. Çünki özünü təcrid edəni təcrid etmək səmərəsiz əlavə işdir. Azərbaycan Rusiyanın yanında olmaqla öz seçimini edib.

Rusiyanın yanında olmaq isə Belarus, İran, Nikaraqua, Mərkəzi Afrika Respublikası, Əfqanıstan və Suriya olmaq deməkdir. Görünür, elə həmin səbəbdən də Azərbaycanda yürüdülən daxili siyasət məhz həmin ölkələrdəki rejimlərin davranışından əsaslı şəkildə fərqlənmir. Ümid edək ki, sonuncu nümunədən yayınmaq şansımız var hələ. Suriya nümunəsindən.
Arastun Orujlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir