KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Arastun Orujlu: Tarixin ironiyası və ya “5-ci kolon” kimdir?

Arastun Orujlu: Tarixin ironiyası və ya “5-ci kolon” kimdir?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
329 0

Əvvəla ondan başlayaq ki, tarix heç də təkcə min və ya yüz il əvvəl deyil. Tarix heç on il əvvəl də deyil, elə yaşadığımız dünənki günün özü də artıq tarixdir. Tarixdə isə belə olmuşdu: təxminən 15 il əvvəl böyük vətənpərvərimiz, əziz dostum və müəllimim Vəfa Quluzadə “Azadlıq” radiosunun efirində “5-ci kolon” ifadəsini işlətdi.

Azərbaycanın müasir “siyasi” sisteminə bunu ilk dəfə Vəfa müəllim şamil etdi. O zaman mən Xədicə xanımla canlı efirdə idim, Vəfa Quluzadə isə telefonla qoşulmuşdu. Sonra görüşəndə dedim ki, Vəfa müəllim, siz ona görə təkrarsız insansınız ki, hamımızın az-çox bildiyimiz, oxuduğumuz məsələni zamanında seçib yerində möhürü vurdunuz. Ruhu şad olsun o, böyük İnsanın!

Bundan sonra mən müsahibələrimin birində Azərbaycandakı Rusiya “5-ci kolonu” haqda danışarkən o zaman hələ “at belində” olan Ramiz Mehdiyevin həmin “5-ci kolonun” rəhbəri olduğunu dedim. Sonra bu kəlmə dövriyyəyə gəldi və geniş yayıldı və günlərin birində Ramiz Mehdiyev bizi “5-ci kolon” adlandırdı.

Əlbəttə Ramiz Ənvəroviş məsələn, məni “Rusiyanın 5-ci kolonunun” nümayəndəsi hesab edə bilməzdi, o, şübhəsiz ki, Qərbi nəzərdə tuturdu. Onun təsəvvüründə kimsə mütləq haranınsa agenti olmalıdır, başqa cür ola bilməz. Amma Ramiz müəllim bununla kifayətlənə bilməzdi, onun əlində daha geniş imkanlar vardı və bir gün bu, özünü artıq əməldə də göstərdi.

Bakı Hava Limanında sərhəd nəzarətindən keçirdim və birdən DSX-nin əməkdaşı məni ləngidib gömrük əməkdaşına nəsə işarə etdi. Düzünü desəm, nə işarə etdiyinə əhəmiyyət vermədim və gömrük əməkdaşı məni dəvət edib sorğu-suala tutmağa başladı. Bir çox suallarına rədd cavabı versəm də qanuni tələblərinə əməl etdim.

Yəni, nə qədər pulum vardısa göstərdim, hansı ölkəyə getdiyimi soruşanda uçuş talonunu qarşısına atıb “oxuyun” dedim, üzərimi, çantamı diqqətlə yoxlamasına sakit yanaşdım və s. Üzərimdə olan 300-400 dollar nəğd pula qanunsuz olaraq gömrük bəyənnaməsi doldurmağı tələb edəndə “qanunsuz tələbdir, amma eybi yoxdur” deyib yazdım.

Eyni hadisə yenə təkrar olunanda diqqət yetirib gördüm ki, DSX əməkdaşı DGK əməkdaşına əli ilə “5” göstərir. Düzü, onda da mənə çatmadı, amma bir neçə nəfərdən də eyni qaydada ciddi yoxlanıldıqlarını eşidəndə anladım ki, bu, artıq siyasi hakimiyyətin tapşırığıdır və bizim hamımızı “5-ci kolon” kimi etiketləyib sistemə daxil ediblər.

Sonrakı dəfələr pasport nəzarətinə yaxınlaşan kimi gülə-gülə orda əyləşən DSX əməkdaşına “gömrüyü çağırın” deyib əlimi açıb “5” göstərirdim. Zarafat bir yana, təsəvvür edirsiniz, dövlət bir qrup vətəndaşını damğalayıb onlara qarşı qərəzli yoxlama aparır, ayrı-seçkilik edir. “Dövlət” dedikdə işğal olunmuş ölkəmizi nəzərdə tuturam.

Vəziyyət o qədər absurd idi ki, sərhəd xidmətinin əməkdaşları bütün bu prosedura gülür, candərdi yoxlama aparan gömrükçülər isə zarafatlarıma adekvat reaksiya verirdilər. Amma etiraf edim ki, öz ölkənin sərhəddində girişdə və çxışda belə diskriminasiyaya məruz qalmaq heç də ürəkaçan vəziyyət deyildi. Xüsusilə də ailə üzvlərin yanında olanda.

Sonuncu dəfə belə “yoxlamaya” 2018-də ölkədən çıxanda məruz qalmışam, hərçənd vəziyyətin bu gün də dəyişmədiyinə əminəm. Amma bu gün dəyişənlər də var. Məsələn, bir neçə gün əvvəl ilk dəfə yüksək dövlət rəsmisi, MM-in birinci vitse-spikeri Adil Əliyev hakimiyyətin daxilində “5-ci kolonun” olduğunu dilə gətidi.

Adil Əliyev həmin kolonun onun prezidentinə qarşı olduğunu deyərək, “5-ci kolonun” rəhbərinin adını da çəkdi. Sizcə kimin? Düz tapdınız, əlbəttə ki, Ramiz Mehdiyevin. Amma Adil Əliyevin bəyanatı mənim üçün bir sualın cavabını vermədi: əgər “5-ci kolon” Ramiz Mehdiyevdirsə, onda sərhəddə niyə məni və mənim kimi digər insanları “ciddi-ciddi” yoxlayırlar?

Yoxsa lap Ramiz Ənvəroviçin rus qardaşlarının sərsəm bir lətifəsində deyildiyi kimi alınır: Əgər “Mumu”nu Turgenev yazıbsa onda bəs heykəli niyə Puşkinə ucaldıblar?

Arastun Orujlu Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir