KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Arastun Orujlu: Suriya üzlərindən Türkiyə-İsrail qarşıdurması

Arastun Orujlu: Suriya üzlərindən Türkiyə-İsrail qarşıdurması

Kafkassam Editör Kafkassam Editör - - 14 dk okuma süresi
98 0

Suriyada mümkün Türkiyə-Israil hərbi qarşıdurması əsas gündəm mövzularından biridir. Həqiqətənmi belə bir toqquşma mümkündür və mümkündürsə, o zaman onun səbəbləri nədən və haradan qaynaqlanır?

Bəli, belə bir toqquşma mümkündür, amma səbəblər haqqında deyilənlər (əsasən də İsrail mənbələrində) onların, yəni səbəblərin çox cüzi bir hissəsidir. Xatırladım ki, İsrail Suriyada Türkiyə hərbi bazalarının olmasını öz milli təhlükəsizliyi üçün təhdid hesab edir.

Elə İsrailin müdafiə naziri İsrael Kats da Suriya liderinə ünvanladığı son açıq təhdidində məhz həmin səbəbi göstərib və hətta adını çəkmədən Türkiyəni “düşmən dövlət” adlandırıb.

Beləliklə, İsrail Türkiyənin Suriyada iki hərbi baza yaratmaq və bu ölkənin ordusunun yenidən qurulmasına dəstək vermək planını düşmənçilik hesab edir və durmadan Suriya ərazisindəki hərbi infrastrukturu bombardman edir.

Son günlər bombardmana məruz qalan hərbi infrastruktur həm də Türkiyənin hərbi baza yaratmaq istədiyi ərazilərdir. Hələlik Türkiyə bütün bunlara heç bir reaksiya vermədən öz planlarını həyata keçirmək yolunu seçib.

Amma bəzi məlumatlara görə artıq həmin hərbi bazalarda olan türk hərbçiləri hədəfə alınanda Ankaranın reaksiyası özünü çox gözlətməyə bilər ki, bu da münaqişənin açıq müstəviyə keçməsinə səbəb olar.

Çünki indiki siyasi şəraitdə AKP iqtidarı İsrailin açıq təcavüzünə adekvat cavab verməzsə bu, onun daxili siyasətdəki onsuz da riskli durumunu bir qədər də çətinləşdirə bilər. Demək, reaksiya qaçılmaz olacaq.

Belə olduqda Suriya ərazisində lokal qarşıdurmadan tutmuş Yaxın Şərqi əhatə edən böyük müharibəyədək istənilən ssenari istisna deyil. İkinci halda bölgədə marağı olan dövlətlərin işə qarışması böhranı daha da dərinləşdirə bilər.

Bəs İsrailin Suriyada xarici dövlətlərin (konkret halda Türkiyənin) hərbi bazasının olmasını öz milli təhlükəsizliyi üçün təhdid kimi qəbul etməsi nə dərəcədə əsaslıdır? Əsaslıdır, amma eyni zamanda Türkiyənin də attığı addımlar daha əsaslıdır.

Suriya üzlərindən Türkiyə-İsrail qarşıdurması

Türkiyə Suriyada sabitlik yaratmaqda ən çox maraqlı olan tərəfdir və bu da səbəbsiz deyil. Çünki Suriyada baş verənlərdən ən çox ziyan çəkən məhz Türkiyə olub və bu gün Ankara üçün öz ətrafında təhlükəsizlik və sabitlik zolağı yaratmaq həyati əhəmiyyət daşıyır.

İsrailin strategiyası isə Türkiyədən fərqlidir, daha dəqiq desək, bunun tam əksinədir. Tel Əviv rejimi hərbi təcavüz yolu ilə ətrafında yaratdığı xarabalıqların mərkəzində toxunulmaz qalmağı özünün nicat yolu kimi görür. Bu da iki dövlətin Suriyada maraqlarının toqquşmasına yol açır.

İlk addım da artıq atıldı və savaşa aparan həmin addımı məhz militarist İsrail rejimi atdı. Dünən axşam İsrail bombardmanı nəticəsində Suriyadakı aviabazada 3 türk mütəxəssisin qətlə yetirildiyi bildirilir. İndi Erdoğan hökuməti ciddi daxili və xarici çağırışlarla üz-üzə qalır. Türkiyə buna necə cavab verməlidir?

Ankara ənənəvi polpulist bəyanatlarla kifayətlənərsə bu, hökumət üçün ən azı iki ağır nəticəyə gətirib çıxara bilər:
1. Erdoğan hökuməti daxildə daha sərt təpkilərlə üzləşəcək;
2. Cavabsız qalan İsrail rejiminin Türkiyəyə qarşı təcavüzü daha da sürətlənəcək.

Bəs İsrailin bütün bu, təcavüzkar siyasəti nədən qaynaqlanır? Əvvəlki yazıda qeyd etdiyim kimi, öz çevrəsində bütün mümkün olan və hətta olmayan təhdidləri aradan qaldırmaq. Amma həm də dediyim kimi, bu əsas səbəb deyil.

Əsas səbəb İsrailin fələstinlilərə qarşı apardığı dağıdıcı siyasətin nəticəsində düşdüyü dərin hərbi, siyasi və iqtisadi böhrandır. Qəza kimi kiçik bir ərazidə faktiki olaraq dinc əhaliyə qarşı aparılan savaş (soyqırım) İsrail dövlətinin bütün zəif tərəflərini açıb göstərdi.

Məlum oldu ki, İsrail ordusu heç də təqdim olunduğu kimi yüksək döyüş qabiliyyətinə malik deyil. Bu ordu daha çox dinc əhaliyə divan tutan cəza dəstəsidir və onun bugünkü modeli uzunmüddətli savaş üçün nəzərdə tutulmayıb. Bunu dəyişmək isə illər tələb edir.

İsrail iqtisadiyyatı dərin böhran içindədir və elə həmin səbəbdən də ölkə vətəndaşlarının əksəriyyəti öz maliyyə ehtiyatlarını xarici ölkələrə çıxarmağa üstünlük verir. İsrail mediası rəsmi mənbələrə istinadla ölkədən çıxarılan vəsaitlərin azı 50% artdığını bildirir.

İnsanlar daha çox hökumətin büdcə kəsirlərini aradan qaldırmaq üçün əlavə vergilər tətbiq edəcəyindən və hətta kapitalın “milliləşdirilməsi” istiqamətində addımlar atacağından ehtiyat edərək vəsaitlərini ölkədən çıxarırlar.

Nəhayət, qeyd olunan amillər və İsrailin daxili siyasi vəziyyətində gərginliyin durmadan artması şəraitində müxtəlif cinayətlərdə ittiham olunan Netanyahu höküməti öz xilas yolunu permanent (daimi) müharibədə görür.

Bunun üçün də Həmas və Hezbollah kimi düşmənlər yetərli deyil. Elə həmin səbəbdən də Netanyahu höküməti daha ciddi “xarici düşmənə” ehtiyac duyur. Müdafiə naziri İsrael Kats da əvvəlki yazıda qeyd etdiyim kimi, məhz bunu demişdi.

Lakin İsrailin Türkiyəyə qarşı təkbaşına savaş aparmaq potensialı yetərli deyil. Görünür, elə həmin səbəbdən də Netanyahu höküməti hədəf kimi Türkiyəni ABŞ prezidenti D. Trampın İrana qarşı təhdidləri ilə eyni vaxtda təsadüfən seçməyib.

Amma burada da incə bir məqam var: Vaşinqton indiki həssas dövrdə İsrailin ABŞ-la strateji müttəfiqliyi ilə yanaşı, Türkiyənin NATO üzvü olmasını da nəzərə almağa məcbur olacaq. Əks halda NATO-nun dağılması qaçılmaz ola bilər.

Elə ona görə də, Brüsseldə səfərdə olan ABŞ dövlət katibi Marko Rubio bu dəfə NATO ilə bağlı öz bossunun ənənəvi yanaşmasından tamamilə fərqli mesajlar verdi. Əks halda NATO-nun parçalanması, daha doğrusu, ABŞ-ın bu qurumdan təcridi daha da sürətlənəcək.

İndi atılacaq addımlardan asılı olmayaraq Türkiyə-İsrail münasibətlərinin açıq konfrontasiya mərhələsinə keçdiyi artıq ortadadır. Bəs bunun hakimiyyəti İsrailin qoltuğunda, xalqı isə əsasən Türkiyənin yanında olan Azərbaycana təsirləri necə olacaq?

Suriya üzlərindən Türkiyə-İsrail qarşıdurması

Suriyada Türkiyə-İsrail qarşıdurması Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək. Əslində isə həmin qarşıdurma elə Cənubi Qafqazda və hətta Mərkəzi Asiyada da başlayıb. Hələlik siyasi və diplomatik vasitələrlə. Bu bölgələrdə hərbi qarşıdurma bir çox, ilk növbədə də coğrafi səbəblərdən istisna olunur.

Öncə ilk 2 yazıya reaksiyalar haqda. Bəzi izləyicilər Türkiyə-Israil qarşıdurmasının səbəbi kimi AKP-nin İslam təmayüllü siyasət yürütməsini göstərirlər. Yanlış iddiadır, çünki həmin münaqişənin ilkin əlamətləri özünü hələ keçən əsrin son illərində göstərirdi.

Bunun da səbəbi İraqda Səddam Hüseynin devrilməsindən sonra İsrail kəşfiyyatının və hərbi təlimatçılarının bu ölkənin şimalında məskən salmış PKK terrorçuları ilə sıx əlaqə quraraq, onlara hərtərəfli dəstək verməsi idi. Bu gün Türkiyə ətrafında bütün bölgələrdə olduğu kimi…

Azərbaycan ictimai rəyinə israrla yeridilən ikinci yanlış iddia Azərbaycanın, həmçinin də Mərkəzi Asiyanın iki əsas türkdilli dövlətləri olan Özbəkistan və Qazaxıstanın guya “İbrahim Sazişi” (Abraham Accords) adlandırılan anlaşmaya qoşula biləcəyi barədədir.

Belə ehtimalın mümkünlüyü tamamilə əsassızdır və yalnız təbliğat məqsədi daşıyır. Təbliğatın arxasında duran niyyət isə həmin cəmiyyətlərdə çaşqınlıq yaratmaq və Türkiyəyə olan inamı, etimadı zəiflətmək ola bilər. Nəticə etibarilə, türkdilli coğrafiyada Türkiyənin mövqelərinə xələl gətirmək.

Azərbaycanın “İbrahim Sazişinə” qoşulması qarşılığında 907-ci düzəlişin ləğv edilə biləcəyi haqda iddiaların da heç bir əsası yoxdur. Əvvəla ona görə ki, “İbrahim Sazişi” yalnız Yaxın Şərq və Şimali Afrika ərəb ölkələrinin İsraillə münasibətlərinə, onu tanımasına dairdir.

İkinci, 907-ci düzəlişin ləğvi ilə bağlı guya 50 ravvinin Donald Trampa müraciət etməsi də yalnız məlumatsız kütlə üçün hesablanıb. 907-ci düzəlişi ABŞ prezidenti deyil, yalnız Konqres ləğv edə bilər ki, bu isə hətta hüquqi baxımdan da kifayət qədər mürəkkəb prosedurdur.

Nəhayət, ABŞ-İsrail münasibətlərinin bugünkü durumu heç də təqdim edildiyi kimi ənənəvi səviyyədə deyil. Tramp administrasiyasının bu gün tutduğu mövqe İsrailin və onun lobbiçilərinin Vaşinqtonun nəinki Cənubi Qafqaz, hətta Yaxın Şərq siyasətinə də təsirini minimuma endirməkdədir.

Nəhayət, ABŞ administrasiyası üçün onun Yaxın Şərq siyasətində Türkiyə İsraildən qat-qat daha əhəmiyyətli və vacib tərəfdaşdır. Həm də o səbəbdən ki, Ankara bütün geosiyasi oyunçular üçün önəmlidir. Bu da onun təsir və manevr imkanlarını dəfələrlə artırır.

Odur ki, qeyd etdiyim kimi, İsrailin və Azərbaycanın da bəzi hakimiyyətə yaxın media vasitələrinin apardığı təbliğat yalnız ictimai rəydə çaşqınlıq yaratmağa, Türkiyə-Azərbaycan münasibətlərini şübhə altına almağa hədəflənmiş siyasi texnologiyadan başqa bir şey deyil.

Bu da məlumdur ki, Azərbaycanda belə bir təbliğata start verilməsi hakimiyyətin xeyir-duası olmadan mümkün deyil. Azərbaycanda isə həmin uydurma primitiv təbliğata ən çox elə siyasi hakimiyyətin özünün inandığı təəssüratı yaranır.

Bunu anlamaq üçün də son 3 ayda Azərbaycan-Türkiyə və Azərbaycan-İsrail təmaslarının intensivliyini müqayisə etmək yetərli olardı. Bu kontekstdə diqqətçəkən məqamlardan biri də hətta Azərbaycan-İran təmaslarının da Türkiyə ilə ünsiyyətdən daha çox olmasıdır. Niyə?

Ola bilsin ki, buna səbəb Tramp administrasiyasının və şəxsən ABŞ prezidentinin özünün İrana yönəlik sərt hərbi əməliyyat xəbərdarlıqlarıdır. Amma belə addımların atılacağının nə dərəcədə real olduğunu söyləmək də bir o qədər də asan deyil. Müxtəlif səbəblərdən.

Çünki ABŞ-ın İrana qarşı hərbi əməliyyatı təkcə Yaxın Şərqdə deyil, bütün Avrasiya coğrafiyasında geosiyasi vəziyyəti dəyişə və hətta böyük müharibəyə start verə bilər. Hərçənd belə bir dinamika da tam istisna edilə bilməz.

Amma onun baş verməsi daha yüksək ehtimalla bir halda reallaşa bilər: ABŞ prezidenti Donal Trampın atdığı addımların ölkə daxilində ciddi siyasi böhran yaradacağı halda. Onun da ilkin əlamətləri həm ABŞ cəmiyyətində, həm də siyasi dairələrdə artıq görünməkdədir.

Deməli, İrana qarşı hərhansı hərbi xarakterli addımların atılacağı də mümkündür. Sual isə budur ki, bu halda Azərbaycana hansı tərəfdaş daha çox lazım olardı: Cənubi Qafqazda sabitliyi təmin edə biləcək Türkiyə yoxsa İran ətrafında gərginliyi artırmaqda maraqlı olan İsrail?

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir