KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Arastun Orujlu: Rusiya siyasətində “Suqsvanq” və ya SSRİ-nin yüzilli ilinə xoş gəldiniz

Arastun Orujlu: Rusiya siyasətində “Suqsvanq” və ya SSRİ-nin yüzilli ilinə xoş gəldiniz

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
327 0

Şahmatda “Suqsvanq” (almanca Zugzwang – gedişə məcburetmə) vəziyyəti hər kəsə tanışdır. Yəni, gediş etməyə məcbur olunan rəqibin istənilən gedişinin onun özünün ziyanına olması. Hal-hazırda bu vəziyyəti Rusiyanın postsovet ölkələrə yönəlik siyasətinin əsas gedişlərindən hesab etmək olar.

Əvvəllər də qeyd etdiyim kimi, Putinin SSRİ-ni bərpa etmək niyyətinə xülya və ya paranoya simptomu kimi baxmaq yanlış olardı. Söhbət bəlkə də heç “klassik” SSRİ-dən və ya onun modeli ilə tam üst-üstə düşən birlikdən getmir. Bu, MDB adlanan amorf qurumun hansısa yeni bir modelə transformasiyasından və ya başqa bir variantdan ibarət ola bilər.

Bu arada xatırladım ki, SSRİ özü də yaradılanda bu ittifaqa daxil olan dövlətlər bir növ müstəqil kimi qoşulmuşdular və hətta 1924-cu ilədək müəyyən məhdud müstəqilliyə də malik olmuşdular. Sonrası isə hər kəsə yaxşı bəllidir. Ən sonu da: 29.12.1922 tarixdən 08.12.1991 tarixədək mövcud olmuş nəhəng dövlət 30 ildir ki, yoxdur.

SSRİ yoxdur, o zaman son illər Rusiyanın ən yüksək siyasi dairələrindən və hakimiyyət mediasından SSRİ-nin mümkün bərpası ilə bağlı verilən mesajlar nə dərəcədə ciddi qəbul oluna bilər? Kimlərsə buna xülya kimi, digərləri skeptik yanaşsalar da, belə ssenarinin mümkün ola biləcəyini və hətta reallaşacağını düşünənlər də var.

Bu da təsadüfi deyil və belə düşünmək üçün Rusiyanın postsovet ölkələrinə yönəlik siyasətində atılan addımlara və onların ardıcıllığına baxmaq kifayət edər. Xüsusilə son 2-3 ildə Moskva postsovet ölkələrə dair strateji hədəfləri açıq görünən çoxşaxəli siyasət yürüdür. Çoxşaxəli, yəni az qala bütün sahələri əhatə edən.

Postsovet ölkələrin əksəriyyətinin güc strukturlarına ciddi təsirlərə malik olan Rusiya bu ölkələrin daha iki mühüm dövlət institutuna xeyli dərəcədə nəzarət etməkdədir. Bunlar həmin ölkələrin ali qanunverici institutları (parlament) və əsas icra hakimiyyəti qanadı olan Nazirlər Kabinetidir.

Amma mütləq əksəriyyəti avtoritar prezident üsul-idaərsinə malik olan postsovet ölkələrdə yuxarıda qeyd olunan iki mühüm dövlət institutunun fəaliyyəti nəinki ictimai diqqətdən, hətta siyasi ekspertlərin və beyin mərkəzlərinin də diqqətindən kənarda qalır. Başqa sözlə, bu institutlar bir növ əhəmiyyətsiz və nominal mövcud olan qurumlar kimi qəbul olunur.

İlk baxışdan həqiqətən də belədir, amma yalnız ilk baxışdan. Ona görə ki, nazirlər kabinetində imzalanan sərəncamlar və parlamentdə qəbul edilən qanunlar postsovet ölkələrin iqtisadiyyat, təhsil, sosial siyasət kimi mühüm sahələrinin fəaliyyət istiqamətlərini tənzimləyir. Bu isə həm də həmin sahələr üzrə prioritetlərin müəyyənləşdirilməsinə öz təsirini göstərir.

Məsələn, Azərbaycan Respublikası Nazirlər Kabinetində son 2 il ərzində qəbul olunan qərarların və verilən sərəncamların hətta səthi təhlili də bunu deməyə əsas verir ki, ölkənin ən müxtəlif sahələr üzrə siyasəti Rusiya modelinə ya uyğunlaşdırılır, ya da birbaşa ona bağlanılır. Buna Rusiya ilə vahid sosial-iqtisadi siyasət məkanının yaradılması da demək olar.

Eyni proses də bir sıra digər postsovet ölkələrdə gedir. Xüsusilə də Mərkəzi Asiya ölkələrində. Bu da səbəbsiz deyil. Ukraynaya, Gürcüstana, Moldovaya və indi də qismən Ermənistana təsiri azalmaqda olan Rusiya ilkin mərhələdə yeni ittifaqın bərpasında tərəfdaş kimi Belarusu, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini görür.

Amma burda da vəziyyət göründüyü qədər sadə deyil. Son seçkilərdən sonra Minskə təsirini mütləq həddə çatdıran və 44-günlük müharibənin ardınca Azərbaycana qoşun yerləşdirən Moskvanın Mərkəsi Asiya ölkələrilə münasibətlərində xeyli çətinlikləri var. Xüsusilə də Qazaxıstan və Özbəkistanla.

Moskvanın Astana (Nursultan) ilə əsas problemi ikincinin Rusiya ilə qalan 4 Mərkəzi Asiya ölkəsi arasında təbii “bufer zona” olmasıdır. Sadə dildə desək, Rusiya qalan 4 Mərkəzi Asiya ölkəsinə öz fiziki təsirini yaymaq və artırmaq üçün Qazaxıstandan keçməlidir. Yəni, Qazaxıstan ən azı ərazisindəki kommunikasiyaları Rusiyaya güzəştə getməlidir.

Bu da öz növbəsində onun üçün təkcə “Şərq-Qərb” dəhlizinin ərazindən keçən hissəsinə nəzarətin itirilməsi deyil, həm də birbaşa suverenliyinin xeyli dərəcədə məhdudlaşdırılması demək olardı. Qazaxıstanın buna razılaşmaması isə Rusiyanı ona qarşı aktiv təsir vasitələrini işə salmasına sövq edir.

Məhz buna əsaslanaraq son aylarda bir neçə dəfə hədəfdə Ukraynadan çox Qazaxıstanın olması ehtimalını qeyd etmişəm. Buna nail olmaq üçün isə Rusiya istər Qazaxıstanda, istər Azərbaycanda, istərsə də digər 4 Mərkəzi Asiya ölkəsində yetərincə resurslara və təsir vasitələrinə malikdir. Bunların cəminə “5-ci kolon” da deyə bilərik.

Məhz həmin təsir vasitələrinin köməyilə Rusiya bütün bu ölkələrdə yuxarıda qeyd etdiyim “Suqsvanq” vəziyyəti yaradır. Məsələn, dünəndən Qazaxıstanda maye qazın qiymətinin artırılmasına qarşı etirazlar başlayıb, Azərbaycanda isə çörəyin (unun) qiyməti artıb. Burdan da sual olunur ki, belə artımlar ölkələrin siyasi hakimiyyətləri üçün nə dərəcədə əlverişlidir?

Məsələn, qaz ixrac edən Qazaxıstanda qazın qiymətinin artırılmasının qazancı ilə mümkün (siyasi) itkiləri hesablanıbmı? Yəqin ki, hesablanıb, amma yüksək ehtimalla Qazaxıstanın özündə yox, Moskvada. Eynilə təəssüf ki, bir çox ailələrin qida rasionunda önəmli yer tutan çörəyin bahalaş(dırıl)ması Azərbaycan üçün nə dərəcədə əlverişlidir?

Məntiq deyir ki, buna ehtiyac yoxdur və dövlət (daha doğrusu, hakimiyyət) bütün (iqtisadi) vasitələrlə bunun qarşısını almalıdır, amma görünən tam əksidir.
Gördüyümüz kimi, problem də, onun yarada biləcəyi risklər də eynidir və yuxarıda qeyd etdiyim şahmat situasiyasıdır.

Fərqli olan isə şahmatın fiqurlarıdır. Başqa sözlə vasitələr: bir halda qaz, digərində çörək.
2022-ci il SSRİ-nin yaradılmasının yüzillik yubileyi ilidir. Sovet düşüncəsinin, ideologiyasının və təbligatının daim simvolik tarixlərə istinad etmək ənənəsini nəzərə alaraq təzəcə qədəm qoyduğumuz 2022-nin ciddi çağırışlar və risklər ili ola biləcəyini nəzərdən qaçırmamalıyıq.

Bu isə bizdən təkcə baş verənləri müşahidə etmək yox, təhlükələri azaltmaq və onlardan qaçmaq üçün əks-addımlar atmağı tələb edir. Çünki masa üzərində olan ölkənin suverenliyi, bəlkə də dövlətin müstəqilliyidir.

Arastun Orujlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir