KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Arastun Orujlu: Ölkəyə qarşı hibrid müharibə davam edir, hakimiyyət isə bunu görmür. Niyə?

Arastun Orujlu: Ölkəyə qarşı hibrid müharibə davam edir, hakimiyyət isə bunu görmür. Niyə?

Kafkassam Editör Kafkassam Editör - - 10 dk okuma süresi
420 0

Əvvəllər də qeyd etdiyim kimi, Azərbaycanda baş verən (daha doğrusu törədilən) bir çox hadisələr bütün əlamətləri ilə hibrid müharibənin tərkib hissəsidir. Onlardan ciddi ictimai effekt doğuranları arasında Hərbi Dəniz Qüvvələrinin dağıdılmasını, Tərtər qətliamını və Rəşad Atakişiyevin təyyarəsinin vurulmasını misal göstərmək olar.
Bir çoxları düşünürdü ki, 44-günlük müharibədən sonra bu təxribatlar dayanacaq, amma bu gün bunun tam əksini görməkdəyik. Səbəbi də yetərincə sadədir: yuxarıda sadalanan cinayətləri törətmiş yüksək vəzifəli satqınlar və xainlər bu gün də öz vəzifələrində qalmaqdadır. Deməli, cinayətlər də davam etməlidir.
Belə də var: cinayətlər davam etməkdədir, dəyişən isə onların taktikası və cəmiyyət üçün görüntüləridir. 44-günlük müharibədən sonra bu cinayətlərin əsas təşkilatşılarından olan müdafiə nazirliyinin və hərbi prokurorluğun rəhbərliyi yeni bir taktika seçib. Artıq bu, qurumlar ordumuzda erməni casusu “axtarmırlar”.
İndi müharibə zamanı və ondan sonrakı dövrdə ayrı-ayrı hərbçilərimizin fəaliyyətində, davranışında müəyyən məqamlar “taparaq” onlara cinayət işi açırlar, hərbçiləri ordudan tərxis edirlər, bəzən isə hər ikisini. Bundan başqa müavinətlərin kəsilməsi və maaşların azaldılması, ordudakı dözülməz şərait nəticəsində yüzlərlə hərbçimiz tərxis ərizəsi yazıb.
Sadalanan cinayətlərin təşkilatçı və iştirakçılarının hamısının istər orduda, istərsə də prokurorluqda vəzifədə və rütbədə yüksəldilməsi, dövlət mükafatlarına layiq görülməsi özü də məkrli hibrid müharibənin elementləridir və azı iki məqsədə xidmət edir: əvvəla, cinayətkar şəbəkə başqa cinayətlər törətmək məqsədilə nəinki qorunub saxlanılır, hətta gücləndirilir və ruhlandırılır.
İkincisi, belə halların kütləviliyi istər orduda, istərsə də cəmiyyətdə həm özünə, həm də dövlətə inamsızlığı artırır. Nəticədə ordu və cəmiyyət mənəvi-psixoloji baxımdan sındırılmış olur, təslimçiliyə hazırlanır ki, bu da hibrid müharibənin əsas komponentlərindəndir.
Post-müharibə dövründə baş verənlər də bu, komponentə aiddir.
İşğaldan azad olunmuş ərazilərdə baş vermiş bəzi hadisələrə dair hərbi prokurorluq çoxsaylı cinayət işləri açıb və bunu hərbi prokuror Xanlar Vəliyev özü də məlum müsahibəsində demişdi. Bəs həmin cinayət işləri kimlərə qarşı, hansı qanun pozuntuları ilə bağlı açılıb və nədən bu haqda cəmiyyətə geniş açıqlama verilmir?
Daxil olan məlumatlardan bəlli olur ki, həmin cinayət işlərinin əksəriyyəti işğaldan azad olunmuş ərazilərdə qalan erməni abidə və simvollarının dağıdılması ilə bağlı açılıb. Onların digər hissəsi isə mülki erməni əhaliyə və düşmən tərəfdən götürülmüş hərbi əsirlərə qarşı zorakılıq faktları üzrə qaldırılıb.
Zorakılıq faktları ilə bağlı məsələ aydındır, hərçənd burda da fərqli baxışlar var. Belə ki, hərbi əsirlərə işgəncə verənlərin və onları qətlə yetirənlərin cəzalandırılması qanunidir və anlaşılandır, əks halda bu hallar artdıqda və adiləşdikdə ordu tədricən düzənli, nizamlı silahlı qüvvələrdən cinayətkar dəstəyə çevrilmək təhlükəsilə üzləşir.
Amma burda da müəyyən incə məqamlar var. Belə ki, son sərhəd qarşıdurması zamanı əsir götürülən Ermənistan ordusu hərbçilərinin sillələnməsi faktlına görə hərbçilərimizin tərxis olunması (məlumatı Zakir Həsənovla Kərim Vəliyevin nazirliyi yayıb) məqsədli təxribatdır və onun hədəfi Azərbaycan əsgərini qorxu altında saxlamaqdır.
Belə ki, yayılmış videogörüntülərdən görünür ki, həmin hərəkətlərin nəinki ağır, heç orta dərəcədə də xəsarət yetirməsi mümkün deyil və deməli, hərbçilərimizin tərxis olunması və məlumatda deyildiyi kimi, onların barəsində toplanmış materialların hüquq-mühafizə orqanlarına göndərilməsi heç də adekvat addım deyil.
Yəni, buna görə hərbçilərə inzibati həbs və ya digər inzibati cəza növləri tətbiq edilə bilərdi, amma sillələməyə görə ikiqat cəza tətbiq olunmasının arxasında bunu edənlərin çox məkrli məqsədlərinin dayandığı aydın görünür. Bunun üçün həmin hərbçilərin sonrakı taleyini araşdıranda məsələyə xeyli aydınlıq gətirə bilərik.
1. Hərbçilərimiz (yüksək ehtimalla, “xidməti uyğunsuzluq” maddəsilə) ordudan tərxis olunurlar və bundan sonra mülki həyatda da iş tapmaq şansları heçə enir. Tərtər qətliamında işgəncələrə məruz qalanlar məhz həmin maddə ilə tərxis olunduqlarına görə 5 ilə yaxındır ən adi işə belə götürülmürlər və yoxsulluq içindədirlər.
2. Onların barəsində topalnmış materiallar hərbi prokurorluğa ötürülür və Xanlar Vəliyevin cinayətkar çətəsi tərəfindən həbs cəzası almaqla təhdid olunaraq soyğunçuluğa məruz qoyulurlar. Eynilə bu, Tərtər qətliamı zamanı yüzlərlə hərbçimizə və onlarla tanışlıq əlaqəsi olan mülki şəxsə tətbiq olunub.
3. Bu və digər bu kimi hallar ölkə ordusunda xof, qorxu mühiti yaradır ki, belə mənəvi-psixoloji mühitdə xidmət edən hərbçi ən riskli döyüş məqamlarında da hərəkətlərində diqqətli və ehtiyatlı olmağa məcbur olur. Bu da döyüş qabiliyyətinin aşağı düşməsi, son nəticədə isə məğlubiyyət ehtimalının artması deməkdir.
Bu yerdə haşiyə çıxaraq bir qədər irəli getməli və bunları deməliyəm: hesab edirəm ki, son 15 ildə törədilmiş saysız-hesabsız cinayətlərə görə hərbi prokurorluq təcili olaraq ləğv edilməlidir və onun həmin dövrdə əməkdaşı olmuş hər kəsə dair fərdi qaydada dərin xidməti araşdırmalar aparılmalıdır.
Araşdırma zamanı fəaliyyətində pozuntular aşkarlananlar istisnasız olaraq yaxın azı 15-illiyə hüquq-mühafizə və digər dövlət orqanlarında işləmək hüququndan məhrum edilməlidir. Bu barədə müvafiq hüquqi aktlar qəbul edilməli, onların icraatına ciddi nəzarət olunmalıdır.
Paralel olaraq bu orqanın rəhbərlərinin və əməkdaşlarının törətmiş olduğu bütün cinayətlər dərindən təhqiq olunmalı, cinayət əməlləri sübuta yetirilənlər qanunun bütün sərtliyi ilə cəzalandırılmalıdır. Həmçinin onların əməllərində dövlətə xəyanət və casusluq əlamətlərinin olub-olmaması ciddi təhqiqat predmeti olmalıdır.
Amma çox təəssüf ki, hərbi prokurorluğun mənfur əməlləri bununla da bitmir. Yuxarıda qeyd etdiyim kimi, bu qurumun fəaliyyəti nəticəsində xeyli sayda hərbçimiz erməni abidə və simvollarının dağdılması haqda ittihamlarla üzləşib, 3 nəfərin barəsində erməni məzarlarının dağıdılmasına görə həbs qətimkan tədbiri seçilib.
Erməni yazıları və atributları olan abidəni tankla dağıtdığına görə bir hərbçimizə hərbi texnikaya (tanka) ziyan vurmaq ittihamı ilə cinayət işi açılıb. Bu ittihamın arxasında isə daha məkrli planların durması istisna deyil. Hərbi prokurorluğun belə ilk baxışdan əhəmiyyətsiz hallardan başlayaraq sonda bir ordu növünü sıradan çıxarmağa dair böyük təcrübəsi var.
Bunu görmək üçün Hərbi Dəniz Qüvvələrinin dağıdılmasına, Rəşad Atakişiyevin təyyarəsi vurulduqdan sonra cinayət işi açaraq Hərbi Hava Qüvvələrini sıradan çıxarmaq cəhdinə diqqət yetirmək kifayət edir. Bunların hamısı ölkəyə qarşı aparılan hibrid müharibənin elementləridir və onları həyata keçirən də ölkəni hörümçək toru kimi bürümüş 5-ci kolonun nümayəndələridir.
Son illər çirkin əməllərinin ifşası ilə üzləşən cinayətkar xain şəbəkənin üzvləri və onların əlaltıları bu dəstəni ifşa edənlərin ünvanına “qələbəmizə kölgə salmaq” ittihamı səsləndirməklə öz təhlükəli əməllərini pərdələməyə çalışırlar. Amma artıq gecdir, çünki kimin kim olduğu getdikcə daha çox insana bəlli olmaqdadır.
Ən acınacaqlısı isə 15 ilə yaxındır ölkəyə, xalqa və onun ordusuna qarşı açıq şəkildə aparılan bu sistemli təxribatları siyasi hakimiyyətin hələ də görə bilməməsidir. Əks halda ölkəni məhvə aparan 5-ci kolon çoxdan ləğv olunmalı idi.
Siyasi hakimiyyətin özü və ya onun böyük bir hissəsi həmin kolonun tərkib hissəsi deyilsə əlbəttə.
P.S.: materialın həcminin böyük olmasına görə onu oxuyan hər kəsdən üzr istəyirəm!
Təəssüf ki, böyük problemdən yazarkən kiçik mətnlə kifayətlənmək olmur.
Arastun Orujlu

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir