Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin son zamanlar Azərbaycan-Rusiya münasibətləri ilə bağlı verdiyi bəyanatlar diqqət çəkməyə bilməz:.
1. Azərbaycanda Rusiyanın “Мир” ödəniş kartları işə düşür;
2. Azərbaycanda Yuriy Qaqarinə heykəl qoyulacaq;
3. Azərbaycanda rus dilində təhsil yüksək səviyyədə inkişaf edir;
4. Ermənistandakı Avropa Birliyi müşahidə missiyası Azərbaycana qarşı casusluq edir;
5. Azərbaycanla bu ölkədə Rusiya konsulluqlarının açılması ilə bağlı müzakirələr aparılır;
Və s.
Əslində istənilən qonşu ölkə ilə münasibətlərin pozitiv inkişafını yalnız alqışlamaq olar. Bir şərtlə ki, həmin inkişaf tərəflərin yalnız birinin maraqlarına xidmət etməsin.
Məsələn, “Мир” ödəniş kartlarından istifadə bir çox MDB ölkələrinin ərazisində dayandırılıb. Bunun səbəbi isə Rusiyaya tətbiq olunmuş beynəlxalq sanksiyalardır. Görünür, Azərbaycan üçün bunun heç bir əhəmiyyəti yoxdur.
Başqa məsələdir ki, öz dövlətinin qurucusuna kiçik bir büst qoymaqdan israrla imtina edənlərin nəinki Puşkinə, hətta İvan Qroznıya və ya Aleksandr Nevskiyə də heykəl ucaltması təəccüblü görünməməlidir. Təki Putindən bir “malades…” alsınlar.
Rus dilində təhsilə gəlincə, burda da qeyri-adi və yeni bir şey yoxdur. Yeganə yenilik son illərdə həmin məktəblərin sayının cüzi azalmasıdır ki, bu da Azərbaycan əhalisinin artımında yaranmış, daha doğrusu yaradılmış durğunluqdan irəli gəlir.
Konsulluqlar açmaq zərurəti isə çox güman ki, Rusiya kəşfiyyat orqanlarının Azərbaycanda leqallaşdırılması ehtiyacından yaranıb. Yoxsa Azərbaycanda nə qədər Rusiya vətəndaşı var ki, onlar üçün konsulluqlar açılmasına ehtiyac olsun?!
Nəhayət, bütün bunlardan sonra türkçülük, turançılıq, millətçilik, dinçilik və s. pərdələr arxasında gizlənib ürəyində Rusiya sevgisi daşıyanların bir iddiasına dair sual da meydana çıxır: Bəs deyirdiniz Rusiya Azərbaycandan çıxdı?