KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Arastun Orujlu: Kreml raket məsuliyyətini hərbçilərin üzərinə atır

Arastun Orujlu: Kreml raket məsuliyyətini hərbçilərin üzərinə atır

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
301 0

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, Qarabağda “İskander M” raketlərinə məxsus qalıqların tapılması Rusiya və Azərbaycan hərbçiləri arasında sıx dialoq çərçivəsində müzakirə olunur. Başqa sözlərlə, raket söhbətinin iki ölkənin siyasi hakimiyyətlərinə aidiyyatı yoxdur daha.

Yadınızdadırsa, Peskov bu məsələ ilə bağlı ilk açıqlamasında da hərbçilərə eyham vurmuşdu və demişdi ki, “İskander” raketlərinin Azərbaycan ərazisinə atılıb-atılmamsı ilə bağlı hərbçilərin prezident Putinə məruzə etməsi haqda məlumatı yoxdur.

Belə çıxır ki, Kreml raket söhbətinin məsuliyyətini öz daxili opponentləri olan hərbçilərin üzərinə atır. İndi iki ölkənin hərbçilərinin “sıx dialoq çərçivəsində” hansı qənaətə gələcəyini görmək maraqlı olardı, amma çox güman ki, bu da olmayacaq. Məsələ asta-asta keçəcək arxa plana.

Peskov jurnalistlərin “Əliyevlə Putinin telefon danışığı zamanı keçən ilin noyabrında Rusiya vertolyotunun vurulması da müzakirə olunubmu?” sualına da mənfi cavab verib. Bunu belə də başa düşmək olar ki, hər iki məsələ qapadılacaq.

Buradan çıxan yeganə maraqlı nəticə Kremlin öz hərbçilərinin hərəkətlərinə və addımlarına görə məsuliyyət daşımadığını qabartmasıdır. Bir sual da çıxır ki, indi Rusiya hərbçiləri ayrı harada və nələri törədəcəklər və Putin administrasiyası da haraya qədər onların əməllərinə görə məsuliyyət daşımayacaq?

Sual heç də ritorik deyil, xüsusilə də Ukrayna sərhədləri boyu Rusiyanın qoşun topladığı bir dönəmdə. Bunu da unutmayaq ki, Rusiya qoşunlarının bir hissəsi də “sülhməramlı” adı altında bizim ərazimizdədir və özlərini heç də statuslarına uyğun aparmırlar. Hərçənd, o statusun heç özü də yoxdur.

Bu isə vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Bir tərəfdən hüquqi statusun (sülhməramlı mandatının) olmaması onların əl-ayağını açırsa, digər tərəfdən də belə vəziyyət Azərbaycana istənilən vaxt onların ölkəni tərk etməsi tələbini irəli sürməyə imkan yaradır. Formal olaraq, təbii ki, çünki realda bu, mümkün görünmür.

Hüquq, qanunlar, beynəlxalq normalar işləməyəndə isə həlledici faktor kimi önə güc çıxır. Konkret halda söhbət hərbi gücdən gedir, ona görə də bu gün əsas vəzifələrimizdən biri Laçın dəhlizinə nəzarəti qismən də olsa qaytarmaqdan ibarət olmalıdır. Məsələn, dəhlizə Rusiya “sülhməramlıları” ilə birlikdə nəzarət etmək.

Bu, həm Rusiya hərbi qüvvələrinin, həm də qanunsuz erməni silahlılarının Azərbaycan ərazisində güclənməsinin qismən də olsa qarşısını ala bilər. Başlıca amil isə həmin bölgədə Azərbaycanın öz ordusunun gücünün və imkanlarının artırılmasıdır. Bunu edə bilsək və özümüzü çox kiçiltməsək, onda bizimlə də hesablaşacaqlar.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir