KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Arastun Orujlu: İranın nüvə proqramının taleyi harada həll olunur

Arastun Orujlu: İranın nüvə proqramının taleyi harada həll olunur

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
380 0

Bir qədər əvvəl ABŞ İraqda qalan 2.500 hərbçisinin dekabrın 31-dək çıxarılacağına qərar verdiyini açıqlayıb və bu da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəsmilərinin İranın nüvə silahı əldə eməyə daha yaxın olduğunu bildirdiyi vaxta təsadüf edir. İranın nüvə proqramı ilə bağlı ən çətin vəziyyətə düşən isə İsraildir.

İran isə ABŞ-ın nüvə danışıqlarının bərpası cəhdinə könülsüz reaksiya verməklə prosesi uzatmağa və vaxt qazanmağa çalışır. Bütün bunlar da ABŞ mediasında “biz nüvə silahına malik olan İranla birgə yaşamağa hazırlaşmalıyıq” kimi çağırışlarla müşaiyət olunur. Hadisələrin bu cür inkişaf etməsi İsraildə məyusluq doğurur.

Özü də təkcə ona görə yox ki, nüvə silahına malik olan Tehranın İsrailə yönəlik siyasəti daha da sərtləşəcək, həm də bu ölkə rəhbərliyinin 2018-ci ildə ABŞ prezidenti Donald Trampı İranla nüvə sazişindən çıxmağa sövq etdiyinə görə. Bu addımın yalnız Tehran üçün əlverişli olduğu isə artıq heç kəsdə şübhə doğurmur.

O cümlədən də ABŞ-ın nüvə sazişindən çıxmasına canfəşanlıq etmiş Netanyahu hökumətinin nümayəndələrində. Həmin dövrdə İsrailin müdafiə naziri olmuş Moşe Yaalon bunu “çox böyük səhv”, keçmiş Mossad direktoru Tamir Pardo “faciə”, Dövlət Kosmik Agentliyinin direktoru Isaak Ben Israel isə “İsrail tarixinin ən böyük strateji səhvi” adlandırıb.

Yaranmış vəziyyətdən çıxmaq üçün İranın nüvə obyektlərinə hava zərbələri endirmək kimi qəti addımlar atmağa belə hazır olan Tel-Əvivin imkanları isə ilk baxışdan göründüyü qədər geniş deyil. İsrail bu məsələdə də ABŞ-dan asılıdır. Belə ki, İsrail hərbi aviasiyasının İrana və geriyə uçması üçün təyyarələrin havada yanacaqla təmin olunmasına ehtiyacı var.

Uçan “yanacaqdoldurma stansiyalarını” isə o, yalnız ABŞ-dan ala bilər. Bu barədə iki dövlət arasında müqavilə də var. Amma keçən həftə müdafiə nazirləri Benni Qantsla Lloyd Austin arasında görüş zamanı İsrailin müdafiə naziri amerikalı həmkarından onların çatdırılmasını sürətləndirməyi xahiş etsə də nəticə müsbət olmayıb.

İsrailin sorğusuna cavab olaraq Bayden administrasiyasından bildiriblər ki, bu ilin mart ayında müqaviləsi Dövlət Departamenti tərəfindən təsdiqlənmiş və pulu ödənmiş 8 ədəd yeni KC-46 Pegasus təyyarə-tankerlər alıcıya 2024-cü ildən tez çatdırılmayacaq. İsrailin hələlik bununla razılaşmaqdan başqa seçimi qalmır.

Məsələ burasındadır ki, həmin təyyarələrə görə ABŞ-a ödənilmiş pul elə ABŞ-ın öz puludur. Belə ki, təyyarələrin pulu Vaşinqtonun Tel-Əvivə ayırdığı hərbi yardımdan ödənilib.

Keçən həftə Vaşinqtonda səfərdə olan müdafiə naziri Benni Qants və Mossad direktoru David Barnea həm də amerikalı həmkarlarını İranın nüvə danışıqlarındakı mövqeyinin yumşalması üçün ona hava zərbələrinin endirilməsinə inandırmağa çalışsalar da mətbuata sızan məlumatlardan belə görünür ki, buna nail ola bilməyiblər.

Yəqin buna Mossad direktorunun Vaşinqton səfəri ərəfəsində verdiyi bəyanatın da təsiri olub. Haaretz qəzetinin yazdığına görə səfər ərəfəsində David Barnea bunları bildirib: “İran nə yaxın zamanda, nə də heç bir vaxt nüvə silahı əldə etməyəcək. Bu, mənim öhdəliyimdir və bu, Mossadın öhdəliyidir.

Qəzet bu bəyanatın sonradan mediadan çıxarıldığını qeyd etsə də, məlumatın artıq yayıldığını bildirir və məlum bəyanata görə onu kəskin tənqid edərək bildirir ki, Mossad qərarverici deyil, icraçı qurumdur.
İstisna deyil ki, bəyanata münasibət heç Vaşinqtonda da müsbət olmayıb.

ABŞ bu gün hər kəsə, o cümlədən də özünün strateji müttəfiqlərinə bir şeyi anlatmağa çalışır ki, artıq Tramp erası bitib və bütün qərarlar yalnız Vaşinqtonda qəbul olunur. O cümlədən də İranın nüvə proqramına dair danışıqlar haqda qərarlar. Bu da o deməkdir ki, İranın nüvə silahına malik olub-olmayacağı Vaşinqtonla Tehran arasındakı danışıqların nəticəsindən asılı olacaq.

Arastun Orujlu

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir