KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Arastun Orujlu: İran-İsrail müharibəsi olacaqmı

Arastun Orujlu: İran-İsrail müharibəsi olacaqmı

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
78 0

İran-İsrail müharibəsi olacaqmı və ya “Makedonla Namiy vuruşaceylər”?

İsrailin Dəməşqdəki İran konsulluğuna hava zərbəsi Yaxın Şərqdəki mürəkkəb vəziyyəti bir qədər də ağırlaşdırdı. Bunun ardınca rəsmi Tehranın İsrailin və onun əsas müttəfiqi olan ABŞ-ın ünvanına səsləndirdiyi təhdidləri bir sıra nəşrlər və analitiklər mümkün İran-İsrail müharibəsinin anonsu kimi qiymətləndirirlər.

Doğrudanmı İran-İsrail müharibəsi realdır? Bunun üçün hadisələrin xronoloji təhlilini aparmağa ehtiyac var və olk növbədə İran konsulluğuna aviazərbənin başqa bir hadisə ilə üstü-üstə düşməsinə diqqət yetirmək lazım olacaq.

Belə ki, İran konsulluğuna endirilən və 17 nəfərin (7 yüksək iranlı hərbçi də daxil olmaqla) ölümünə səbəb olan aviazərbə aprel ayının 1-də saat 17.00-a təsadüf edir. İsrail bunu etiraf etməsə, amma inkar da eləmir. Dünya mediası isə səbəbkar kimi birmənalı olaraq İsrailə işarə edir. Sonradan Tel-Əviv özü də etiraf edəcək.

Bundan 4-5 saat sonra isə (təxminən 21.30-22.00 arası) İsrail ordusu ABŞ-ın Qəzzada humanitar missiya həyata keçirən World Central Kitchen (WCK) təşkilatının 3 maşınına (ikisi zirehli olmaqla) PUA-larla zərbə endirərək 6 ölkənin vətəndaşları olan 7 nəfəri qətlə yetirir. İlk baxışdan eyni gündə 4-5 saat fərqlə törədilmiş 2 hadisə arasında birbaşa əlaqə görünmür.

İsrail Suriyadakı İranın İnqilab Keşikçiləri Korpusunun hərbçilərinə və həmin qurumun obyektlərinə daim zərbələr endirib, digər tərəfdən də oktyabrın 7-dən bu günədək İsrail həbçiləri Qəzzada humanitar yardım göstərən təşkilatlarının 196 nümayəndəsini qətlə yetirib. İsrail tərəf hadisənin təsadüf olduğunu iddia etsə də hər kəs belə davranışın məqsədli olduğuna əmindir.

Bunun məqsədli edildiyini anlamaq üçün isə İsrail hərbçilərinin vaxtilə Türkiyənin “Mavi Mərmərə” gəmisinə hücumunu xatırlamaq kifayət edər. Son altı ay ərzində də İsrail ordusunun Qəzzada qətlə yetirdiyi humanitar işçilər arasında onlarla BMT, Dünya Ərzaq Proqramı, Qırmızı Xaç, Qızıl Aypara kimi beynəlxalq təşkilatların nümayəndələri olub.

Amma bu dəfə hədəfə alınan WCK ABŞ təşkilatıdır və o, elə son illər ərzində ABŞ da daxil olmaqla, Türkiyə, Suriya, Mərakeş, Ukrayna və bir çox digər ölkələrdə təbii fəlakətlərdən və müharibədən əziyyət çəkənlərə ərzaq yardımı edib.

Odur ki, hadisənin ardınca ABŞ prezidenti Cozef Baydenin təşkilatın təsisçisi və başçısı olan Xose Ramon Andres Puertaya zəng etməsi, həmçinin də İsrailin ünvanına sərt tənqid səsləndirməsi təsadüfi sayılmamalıdır.

Humanitar yardım göstərənlərin İsrail tərəfindən öldürülməsi Tel-Əvivin ünvanına qətlə yetirilənlərin ölkələri (Avstraliya, Böyük Britaniya, Polşa, Kanada) tərəfindən də sərt qarşılandı. Amma bir sual açıq qalır ki, İsrail ABŞ təşkilatına belə açıq hücum etməklə nəyi hədəfləyirdi?

Üstəlik də İsrail ordusu ilə hərəkət vaxtını, marşrutunu və bütün digər addımlarını öncədən razılaşdırmış bir təşkilata. Çalışaq bunun cavabını İsrailin həmin gün həyata keçirdiyi digər hücumda – Dəməşqdəki İran konsulluğuna hava zərbəsi endirməsində axtaraq.

Yalnız Həmas silahlılarına qarşı savaş apardığını iddia edərək, Qəzzada on minlərlə mülki şəxsi qətlə yetirən və Qəzza zolağını insanların yaşaması üçün mümkünsüz vəziyyətə gətirən İsrailin ünvanına beynəlxalq səviyyədə tənqidlər durmaqdan artmaqdadır.

Bununla yanaşı ölkənin daxilində də etirazlar durmadan artır ki, bu da 7 partiyanın kövrək koalisiyasından ibarət olan Netanyahu hökumətinin sonunu gətirə bilər. Ən əsası da İsrailin əsas dəstəkçisi olan ABŞ-ın indiki administrasiyası qarşıdan gələn çətin seçkilər ərəfəsində onsuz da həssas durumda olan sosial dayaqlarını itirməmək üçün Netanyahunun ünvanına tənqidlərini artırmaqdadır.

Görünür, elə buna görə də Netanyahu hökumətinə ABŞ-İsrail münasibətlərinin narrativini dəyişmək lazım idi. Bir tərəfdən ABŞ humanitar təşkilatının əməkdaşları öldürülür ki, bu da Vaşinqtonun tənqidi mövqeyini bir qədər də gücləndirir, digər tərəfdən isə Bayden administrasiyası qərəzli görünməmək naminə İranın diplomatik missiyasina hava zərbəsinin endirilməsinə tənqidi münasibətdən çəkinməyə məcbur olur.

Hər iki halda yeni narrativ İsrailə loyal münasibət sərgiləyən və Ağ Evə qayıtmaqda israrlı olan Donald Trampın əlinə oynayır. Yaranmış vəziyyətdə Bayden administrasiyası balanslı mövqe seçməyə məcbur olur ki, bu da öz növbəsində yenə Donald Trampın işinə yarayır:

Tramp Baydeni zəif prezident və anti İsrail mövqedə olmaqda ittiham edir. Bunu yaxşı anlayan ABŞ administrasiyası humanitar konvoya hücumu pisləməklə və İsraildən izahat tələb etməklə yanaşı, eyni zamanda İran konsulluğunun bombalanması məsələsində çevik mövqe ortaya qoyur.

Öncə Pentaqon rəsmisi, ardınca da prezident Bayden ölkəsinin İsrailin İran konsulluğuna hücumu ilə bağlılığının olmadığını bildirirlər. Eyni zamanda da Bayden İranın İsrailə hücum edəcəyi halda ABŞ-ın öz müttəfiqlik öhdəliklərinə sadiq qalacağını bəyan edir.

Məsələ burasındadır ki, nə İran İsrailə hücum edən deyil, nə də İsrail İrana. Söhbət əlbəttə iki ölkə arasında baş verə biləcək raket və PUA zərbələri mübadiləsindən getmir. Onlar yəqin ki, olacaq, amma genişmiqyaslı İran-İsrail müharibəsi olması inandırıcı görünmür.

Ən azı iki ölkə arasında quru sərhədlərinin olmaması səbəbindən onların heç birinin digərinə qarşı genişmiqyaslı müharibə aparmaq imkanı yoxdur. Belə də ki, qalan imkanların əksəriyyətindən istifadə etməklə iki ölkə arasında müharibə onsuz da xeyli vaxtdır davam etməkdədir.

İran İsrailə qarşı proxy-ləri vasitəsilə müharibə aparır, İsrail isə İrana qarşı kəşfiyyat və hava zərbələri vasitəsilə. Savaşın bu formatdan kənarda genişlənməsi isə mümkünsüz görünür. Həm də ona görə ki, birbaşa müharibəyə cəlb olunmaq (hətta bu, mümkün olsaydı belə) hər iki ölkəyə ağır iqtisadi zərbə vurmuş olardı.

Savaşın genişləndirilməsi məsələsində də tərəflərin maraqları daban-dabana ziddir: İsrail müharibənin genişlənməsində və ABŞ-ın ona cəlb olunmasında maraqlı görünsə də, İran isə Baydenin Trampla əvəzlənməsində özü üçün heç bir fayda görmür.

Görünür elə buna görə də İsraillə yanaşı ABŞ-ı da hədələyən İranın fiziki zərbələri əsasən İsrailə qarşı yönələcək. Qaldı Netanyahunun ABŞ-ın daxili siyasətinə müdaxilə və təsir etmək cəhdinə, belə şeyi Vaşinqtonda heç kimə bağışlamırlar. Hətta İsrailə də…
Arastun Orujlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir