KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Arastun Orujlu: İlham Əliyev “inqilab” anonsu verdi

Arastun Orujlu: İlham Əliyev “inqilab” anonsu verdi

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
319 0

Təəccüblənməyin, gənclərin nümayəndələrilə görüşdə İlham Əliyev açıq şəkildə bildirdi ki, Soros Azərbaycanda inqilab hazırlayır. Ardınca da hakimiyyətin bəzi informasiya resursları bir qədər də uzağa gedərək Sorosun inqilabı sən demə az qala Paşinyanla birlikdə hazırladığını yazdılar.

Doğrudan da insan təxəyyülünün hüdudları ümman qədər ucsuz-bucaqsızdır. Xüsusilə də söhbət məhsulu “Soros-Paşinyan tandeminin Azərbaycanda inqilab hazırlaması” olan qeyri-sağlam təxəyyüldən gedirsə. Amma hər halda bu, ümmanın sahillərini axtarmağa çalışaq.

Təbii ki, sağlam “ümmanın”, çünki qeyri-sağlama baş qoşası olsam onda gərək qayıdım keçmiş peşəmə, çünki o, ancaq təbabətin araşdırma predmeti ola bilər. Daha dəqiq desək, onun psixiatriya bölməsinin. Burda da başqa problem çıxır: mən psixiatr deyiləm. Odur ki, bu sindromu buraxaq psixiatr həmkarlarımın öhdəsinə.

Azərbaycanda Sorosun inqilab hazırlamaq imkanlarına gəlincə isə bu, təxminən mənim Bukingem Sarayına iddia etməyim olardı. Yəni, ingilis kralı olmaq istəyimə. Belə istəyim və həm də şansım isə yoxdur, olmayıb və olmayacaq da. Sorosun da Azərbaycanda şansı təxminən elə mənim Britaniyada kralı olmaq şansım qədərdir.

Soros Fondunun, ardınca isə onun xələfi olan Açıq Cəmiyyət İnstitutunun Azərbaycandakı fəaliyyətinə nisbətən yaşlı nəslin nümayəndələri yaxşı bələddir. Detallara varmayacağam, çünki məqsəd mənasız qalmaqallara rəvac vermək deyil, azərbaycanlı sorosun (və ya sorosların) kim(lər) olduğunu axtarmaqdır.

Müzəffərin dediyindən belə çıxdı ki, ölkədə çoxlu soroslar var və onlar nəsə hazırlayırlar. İndi də bir çoxları baş sındırırlar ki, soroslar kimlərdir görəsən? Amma öncə Soros deyilən amerikalı milyarder Corc Soros haqqında bir neçə kəlmə. Məsələn, onun vətəni sayılan ABŞ-da bu adamın adı heç bir dəftərdə yoxdur.

Doğulduğu Macarıstandan isə onu addım-addım sıxışdırıb qovurlar. Əcdadlarının tarixi vətəni olan İsrail deyilənə görə Sorosu ümumiyyətlə ölkəyə buraxmır. Düzmü edirlər, buna qiymət vermək mənim işim deyil, amma etdiklərinə etirazım da yoxdur. Bəs sərvəti cəmi 8.6 mlrd dollar olan Soros niyə belə “xoxan” obrazına çevrilib?

Əvvəla, niyə cəmi 8.6 mlrd, ona görə ki, Azərbycanda azı 5 ailə sadalayaram ki, hər birinin sərvəti Sorosun pulundan çoxdur. İkincisi, 91 yaşlı Sorosun bu gün Azərbaycanda inqilab və ya çevriliş törətmək imkanları yalnız eyni adlı kompüter oyunlarında mümkündür.

Əlbəttə, indi kimsə etiraz edə bilər ki, Soros sadəcə bir “simvoldur”, əsas həmin simvolun arxasında duranlardır və bununla hər iki mənada razılaşacağam. Ona görə hər iki mənada ki, bu, həm “simvolun” kim(lər) olduğunu, həm də onların arxasında duranları araşdırıb tapmağa imkan yaradacaq.

Beləliklə, inqilablar nədən, necə, hansı şərtlərdən qaynaqlanır və onların reallaşdırılması üçün nələr (hansı vasitələr) lazımdır? İstınilən inqilab üçün şəraitin yaranmasının başlıca amili narazı kütlələrin olmasıdır. Onları yaradan (soros) kimdir? Əlbəttə ki, hakimiyyətdə əyləşib xalqı talayaraq yoxsullaşdıran soroslar ordusu.

Narazılığı yaradan isə təkcə yoxsullaşma deyil, həm də haqsızlıqdır, zorakılıqdır, ədalətsizlikdir, özbaşınalıqdır, korrupsiyadır, insan ləyaqətinin alçaldılmasıdır. Bəs bunları edən soroslar kimlərdir? Əlbəttə ki, yenə də hakimiyyətdəki soroslar. İşgəncələr verən, qətlə yetirən soroslar kimlərdir? Bəli, düz tapdınız, hakimiyyətdəki soroslar.

Bax, bütün bunların cavabını tapanda anlayırsan ki, İlham Əliyev haqlıdır, çünki o, bütün bu, sorosların hamısını yaxşı tanıyır, çünki onları vəzifələrə özü təyin edib, çünki onların hər birinin korrupsiya piramidasındakı yerini şəxsən özü müəyyən edib, çünki bütün bunları edən əsas soros elə onun özüdür.

İlham Əliyev dedi ki, guya Azərbaycanda iki dəfə – 2005 və 2012-ci illərdə az qala inqilab olacaqmış. 2005-i hardasa anladıq, bəs 2012 nə idi? Yoxsa İlham Əliyev nəyisə qarışdırdı? Yox, əlbəttə! Müzəffər dəqiq adamdır, nə dediyini yaxşı fərqindədir. O, sadəcə əsas sorosun adını demək istəmədi. Soros Sorosoviç Sorosovun adını.

Bu soros isə ciddi adamdır. Ona inqilab etmək üçün ağ əlcəkli QHT-lər, fondlar, jurnalistlər, gənclər, müxaliflər və s. lazım deyil. Bunun üçün onun kəşfiyyatı, ordusu, minlərlə təxribatçı dəstələri, 5-ci kolonu, kriminal qrupları, talançıları və qalan bütün alətləri var. Özü də daha effektiv işləyən alətləri.
Arastun Orujlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir