Şimdi yükleniyor

Arastun Orujlu: Gürcistan Rusya’ya mı bağlanıyor

Gürcüstanın baş naziri İrakliy Kobaxidze bildirib ki, guya hansısa Avropa Birliyi komissarı telefon danışığında ona Slovakiyanın baş naziri Robert Fitsonun başına gələni xatırladıb və bununla faktiki olaraq onu hədələyib. Çox inandırıcı görünməsə də belə bir söhbətin olub-olmadığını deyə bilmərəm, amma bir şeyi dəqiq demək olar.

Gürcüstanda israrla qəbul olunmuş “Xarici agent qanunu” bu ölkənin birmənalı olaraq Rusiya satellitinə çevrildiyinin göstəricisidir. Görünür, elə həmin səbəbdən də dünən ABŞ Senatında hər iki partiyanın iştirakı ilə hazırlanmış Gürcüstana sanksiyaların tətbiqi haqda layihənin olması barədə xəbər yayıldı.

Hansısa bir qanunun qəbuluna görə hadisələrin belə sürətlə cərəyan etməsi ilk baxışdan təəccüblü görünə bilər. Amma dünyada və bölgədə baş verən hadisələr onun əsas iştirakçılarından qəti addımların atılmasını tələb edir və bu tendensiya da davam edəcək. Hal-hazırda hədəfdə Böyük Yaxın Şərq və Cənubi Qafqazdır.

Başqa sözlərlə desək, Yaxın Şərqin taleyi həm də Cənubi Qafqazdan keçir. Xüsusilə İranda baş verən son hadisələr bölgənin əhəmiyyətini bir qədər də artırır. İndi hər şey bizim regionda və İranda baş verənlərdən asılı olacaq. Prezident Raisinin ölümündən sonra İran yeni siyasi mərhələyə qədəm qoyur.

Bəzi ekspertlərin fikrincə İranın yeni tarixində bəlkə də ən qeyri-populyar prezident olan Raisinin ölümü ölkənin tarixi və bütövlükdə regionun gələcəyi üçün həlledici dövrün başlanğıcı ola bilər. Təbii ki, bu, heç də İbrahim Raisinin şəxsiyyəti ilə bağlı deyil.

Bu, ilk növbədə onun İranın mürəkkəb hakimiyyət konstruksiyasında kompromis fiqur ola biləcəyi ilə əlaqəlidir. Məsələ burasındadır ki, məhz Raisi səhhətində ciddi problemlər olan 85 yaşlı Seyid Əli Xameneinin davamçısı olacaq şəxs kimi nəzərdə tutulurdu. Həmin fikir bir sıra İran mənbələri tərəfindən də təsdiqlənir.

Raisi İrandakı həm mühafizəkar, həm də mötədil qanad üçün məqbul fiqur sayıla bilərdi. Onun ölümündən sonra isə İran siyasi elitasında fikir ayrılığı (əgər baş verərsə) ölkədə hərbi qanadın güclənməsinə və nəticədə hərbi rejimin formalaşmasına gətirib çıxara bilər. Amma burda da vəziyyət göründüyü qədər sadə deyil.

İran silahlı qüvvələri siyasi eitanın müxtəlif qanadlarına yaxın olan iki hissədən ibarətdir: mühafizəkarlara bağlı olan İnqilab Keşikçiləri Korpusu və mötədillərə daha yaxın sayılan müdafiə nazirliyi. Deməli, siyasi elita vahid mövqe ortaya qoya bilməyəcəyi halda bunu silahlı qüvvələr etməli olacaqlar və ya onların iştirakı qaçılmaz ola bilər.

Hadisələrin bu istiqamətdə cərəyan etməsi təkcə İran deyil, həm Yaxın Şərq, həm də Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir. Belə gözləntilər və İranın daxili siyasətinə kənar təsirlərin minimal olması qlobal oyunçuları İran ətrafındakı mövqelərini gücləndirməyə sövq edəcək.

Bu kontekstdə İsrail-Fələstin müharibəsinə dair beynəlxalq mövqeyin dəyişməsi də qaçılmaz olacaq. Bunun ilkin əlamətləri artıq görünməkdədir. Məsələn, İsraillə bağlı hər zaman ehtiyatlı mövqe sərgiləyən Almaniya Netanyahuya həbs qərarı çıxarılarsa onun Almaniya ərazisində saxlanılaraq məhkəməyə təhvil veriləcəyini bildirib.

İspaniya, Norveç və İrlandiya isə Fələstin dövlətini beynəlxalq birliyin bərabərhüquqlu üzvi kimi tanıyacaqlarını açıqlayıblar. Cənubi Qafqazda isə hadisələr hələlik Gürcüstan ətrafında cərəyən edir. Amma bu, bölgədə baş verə biləcək hərəkətlənmənin hələlik yalnız başlanğıcıdır.
Arastun Orujlu

Yorum gönder