Keçən əsrin 60-cı illərindən başlayaraq Suriyada qurulmuş Əsəd qəbilə rejimi ilə müttəfiqlik əvvəl SSRİ, imperiya süquta uğradıqdan sonra isə Rusiya və 1979-cu ilin İslam İnqilabından sonra həm də İran üçün həyati əhəmiyyət kəsb edən böyük strateji planın tərkib hissəsi idi.
Belə ki, Yaxın Şərqi geosiyasi baxımdan nəzarətdə saxlamaq üçün təkcə Suriyada möhkəmlənmək bu ölkənin coğrafi mövqeyinə görə kifayət edirdi. Suriya həm də qonşu ölkələrə və Şimali Afrikaya təsir mexanizmləri əldə etmək üçün əhəmiyyətli idi. Amma hələlik əsas hədəf Yaxın Şərqdə söz sahibi olmaq idi.
Çünki geosiyasət Avrasiyada həyata keçirilir, Yaxın Şərq isə onun mərkəzidir, Suriya isə Yaxın Şərqin istər quru, istərsə də su yolları vasitəsilə bütün istiqamətlərə çıxış əldə etmək üçün əsas “qapısıdır”. Bu format son azı 15 əsr ərzində dəyişməz qalmaqdadır.
Həmin səbəbdən də İkinci Dünya Müharibəsindən sonra başlayan dekolonizasiya dövründə Moskva kabinetlərində hələ 1940-cı ildə yaradılmış Ərəb Sosialist Dirçəliş Hərəkatı özünə diqqət çəkmişdi. Müharibədən sonra isə onun əsasında eyni adlı BƏƏS (Ərəb Sosialist Dirçəliş Partiyası) partiyasının yaradılması planlaşdırılmışdır.
Bu, SSRİ-nin Yaxın Şərqi nəzarətə götürmək planının tərkib hissəsi idi. İlk növbədə BƏƏS partiyasının Suriyada, sonra isə Iraqda və digər ərəb ölkələrində hakimiyyətə gətirilməsi bu dövlətlərin siyasi-ideoloji və sosial-iqtisadi modelinin müəyyənləşdirməli idi.
Bunun üçün də yetərli tarixi-ideoloji və sosial-iqtisadi şərtlər mövcud idi. Belə ki, post müharibə dövrünün ideoloji qütbləşməsi solçu ideyaların cəlbediciliyini artırmışdır. Özəlliklə də mütləq əksəriyyəti formal olaraq kolonial vəziyyətdən çıxmış, əslində isə istismarı davam edən ölkələrin xalqları üçün.
Həmin şəraitdə də 1947-ci ildə ilkin olaraq Suriyada yaradılmasının ardınca BƏƏS partiyasının təsirinin digər ərəb ölkələrinə də sürətlə yayılmasına start verildi. Maraqlıdır ki, əslən Suriyadan olan partiya yaradıcılarının 3-ü də Fransa təhsilli şəxslər idi.
Suriyada və bütövlükdə ərəb dünyasında BƏƏS ideyasını ilk olaraq yayan xristian Mişel Aflak, sünni müsəlman Salah əl-Din əl-Bitar və ələvi olduğu ehtimal edilən (bu haqda məlumatlar ziddiyyətlidir) Zəki əl-Arsuzi ölkəni tərk edərək Parisə mühacirət edəcəkdilər.
Hələlik isə ideyanı həyata keçirməyi asanlaşdırmaq üçün sovet ideoloqları partiyanın təkcə sosializm (sosial ədalət və bərabərlik) ideyası deyil, həm də millətçi panərəbist platforma üzərində qurulmasını nəzərdə tuturdular ki, həmin taktika da qısa müddətdə özünü doğrultdu.
BƏƏS ideyası tezliklə Suriyada, İraqda, İordaniyada, Yəməndə və digər ərəb ölkələrində özünə tərəfdarlar tapdı. Amma ərəblərin böyük əksəriyyəti ateist sovet dövlətini tərəfdaş kimi qəbul etmədikləri üçün sosialist-panərəbistlərin hakimiyyəti güc yolu ilə ələ keçirməkdən başqa yolu qalmırdı.
Bu da sovet dövlətinin rəhbərliyi altında KGB-nin və sovet hərbi məsləhətçilərin dəstəyi ilə həyata keçirildi. 1963-cü ildə paralel olaraq Suriyada və Iraqda dövlət çevrilişi nəticəsində “ərəb-sosialistlər” hakimiyyəti ələ keçirsələr də İraqda onu qısa zamanda itirdilər. Amma bu, qısa zaman üçün itki idi.
Beləliklə də Suriya SSRI-nin Yaxın Şərq siyasətində əsas tərəfdaşı oldu. Sovet İttifaqı bu ölkədə də SSRİ-yə qatılmış keçmiş Rusiya koloniyalarında uğurla sınaqdan çıxmış metodu – azlığın çoxluq üzərində hakimiyyəti modelini tətbiq etdi.
Amma Yaxın Şərqin öz spesifik cəhətləri də prosesə təsirsiz qalmadı.
Belə ki, Suriyada mütləq azlıq təşkil edən və tarix boyu diskriminasiyaya məruz qalan ələvilərin, İraqda isə şiə çoxluğu üzərində sünnilərin hakimiyyəti quruldu.
Qısa müddətdə hər iki ölkədəki BƏƏS hakimiyyəti ailə-tayfa rejiminə çevrildi. Mərkəz hədəf olan Birləşmiş Ərəb Respublikası yaratmaq ideyasının zamanı çatmışdı. Amma çox ironikdir ki, birləşmə ideyasının özü ətrafında cərəyan edənlər tam əksinə – yolların ayrılmasına səbəb oldu.
Həmin ideya postkolonial ərəb dünyasında xarizmatik lider kimi qəbul edilən Misir prezidenti Qamal Abdel Nasserin ölümündən sonra liderlik uğrunda Hafiz Əsəd – Səddam Hüseyn rəqabətinin qurbanı oldu.
İraq BƏƏS partiyasının 20-dək rəhbərinin Suriyaya işləmək ittihamı ilə edam edilməsi isə rəqabəti əsl düşmənçiliyə çevirdi. Amma bütün baş verənlər SSRİ-yə hər iki ölkə ilə müttəfiqlik münasibətlərini saxlamağa və daha da dərinləşdirməyə mane olmadı.
Maraqlıdır ki, sovet ideoloqları və xəfiyyələri eyni zamanda bu ölkələrdəki müxtəlif azlıqları təmsil edən partiya və təşkilatlarla da geniş əməkdaşlıq əlaqələri qurmuşdular. O cümlədən də hər iki ölkədəki kürd azlığının maraqlarını təmsil edən hərbiləşdirilmiş sol təmayüllü partiyalarla.
Hərbi çevriliş yolu ilə hakimiyyətə gələn BƏƏS-çilərin hərbi diktatura qurmaqdan başqa nə məqsədləri, nə seçimləri, nə də perspektivləri ola bilməzdi ki, bu da onların əsas tərəfdaşı olan Sovet İttifaqını tam qane edirdi.
Xüsusilə də həmin diktaturaların iki mühüm dayağı olan orduda və bürokratiyada sovet təhsilli çoxluğun təmsil olunması səbəbindən.
İdeoloji qütbləşmənin tərəfdaş seçimində mühüm rol oynadığı şəraitdə bu ölkələr Yaxın Şərq uğrunda gedən ABŞ – SSRİ rəqabətində Moskva üçün zəruri partnyorlar idi.
Həmin səbəbdən də İkinci Dünya Müharibəsindən güclü hərbi sənaye ilə çıxmış Sovet İttifaqı onların ordularının qurulmasına və silahla təchiz olunmasına xüsusi əhəmiyyət verirdi. Həm də SSRİ-yə dost rejimlərin qorunması üçün əhəmiyyətli olan repressiv aparatın tərkib hissəsi kimi.
Digər tərəfdən də bölgədəki əsas tərəfdaşı olan İsraili sürətlə silahlandıran ABŞ da buna rəvac verirdi. Beləliklə, supergüclər arasında uğrunda mübarizə gedən Yaxın Şərq İkinci Dünya Müharibəsindən sonrakı mərhələdə dünyanın ən militarist bölgəsinə çevrilirdi.
Tarixi baxımdan qısa zamanda baş verən ərəb-israil müharibələri bölgənin militarizasiyasını daha da sürətləndirirdi. Bu şəraitdə azlığın iradəsini təmsil və maraqlarını təmin edən Suriya və İraq kimi ölkələrin siyasi hakimiyyətləri tiraniya rejimlərinə çevrilirdilər.
Onların hədəfinə gələn isə sosial-iqtisadi inkişafdan qalan, durmadan yoxsullaşan və haqları addımbaşı pozulan ölkə əhalisinin öncə böyuk bir hissəsi idi ki, həmin kəsim də tədricən çoxluğa çevrilirdi. Belə dinamika totalitar Əsəd və Saddam Hüseyn rejimlərinə iflasdan başqa heç nə vəd edə bilməzdi.
Rejimlər artıq “qüsurlu dövrə”yə qədəm qoymuşdular: narazı kütlələrin durmadan artması onları repressiv aparati gücləndirməyə məcbur etdiyi kimi, repressiyaların miqyasının genişlənməsi də öz növbəsində narazı kütləni sürətlə artırmaqda idi. Belə şəraitdə iflas yalnız zaman məsələsi idi.
“cəhənnəm üçbucağı” – nəhənglərin döyüş meydanı.
Əslində heç bir ideoloji bazası olmayan, antiinsani mahiyyəti təkcə siyasi rəqiblərinə deyil, həm də öz keçmiş silahdaşlarına münasibətlərindən görünən istər Hafiz Əsəd, istərsə də Səddam Hüseyn rejimlərinin ayaqda qalmasını təmin edən əsaslı daxili və xarici səbəblər vardı.
Birincilərə misal olaraq hüquq və azadlıqların, o cümlədən də siyasi fəaliyyət üçün şəraitin olmamasını, cəmiyyətlərin dini, milli və məzhəb əlamətləri üzrə seqmentlərə bölünməsini, ölkəyə total nəzarəti həyata keçirən siyasi polis rejiminin mövcudluğunu və digər amilləri göstərmək olar.
Xarici səbəblər arasında isə Yaxın Şərqin Ikinci Dünya Müharibəsindən sonrakı dövrdə təkcə geosiyasi baxımdan deyil, həm də bölgə ölkələrinin bir çoxunda aşkarlanmış zəngin neft yataqlarının olması səbəbindən kəskin mübarizə meydanına çevrilməsini qeyd etmək vacibdir.
Həmin dövrdə bölgə uğrunda mübarizə ABŞ, Böyük Britaniya və SSRİ arasında gedirdi ki, bu halda da hər bir qlobal dövlət bölgədəki tərəfdaşlarını qorumaqda maraqlı idi. Bölgə rejimlərinin ayaqda qalmasının bir səbəbi də üç qlobal gücün dəstəklədiyi ölkələr arasında baş verən daimi münaqişə və toqquşmalar idi.
Bölgə ölkələrinin faktiki olaraq hər birinin ən azı bir xarici düşməni vardı ki, onun mövcudluğu da cəmiyyətin daimi “xarici təhlükə təhdidi” altında saxlanılması üçün ideal şərait yaradırdı. Bütün bunlar dünyanın həm tarixi-mədəni, həm də iqtisadi baxımdan ən zəngin bölgəsi olan Yaxın Şərqi “cəhənnəm üçbucağı”na çevirmişdi.
Eyni zamanda məhz bu amillər ölkələrdəki müxtəlif təmayüllü repressiv rejimlərin daxildə möhkəmlənməsinə xidmət edirdi. Ümumilikdə Yaxın Şərqdə 1945-90 illərdə 6 böyük müharibə olmuşdur ki, bu da 1-ci və 2-ci Dünya Müharibələri xaric dünyanın istənilən başqa bir bölgəsi üçün mövcud olmayan göstərici idi.
1940-cı illərin sonlarından bölgə uğrunda mübarizə aparan qlobal güclərin öz idarəçilik sisteminə uyğun dövlət modelləri yaratması isə Yaxın Şərq ölkələri arasında münasibətləri daha da kəskinləşdirir, onları qarşı-qarşıya qoyurdu.
Böyük Britaniya öz nəzarətində olan ölkələrdə (bir çox hallarda qondarma) monarxiyalara, SSRİ – psevdososialist modelə, ABŞ isə mühafizəkar dini monarxiyalara üstünlük verirdi. Bunların arasında ən dayanıqsız olan britaniyalıların tətbiq etdikləri model idi.
Məsələn, İraqda tətbiq olunan monarxiyanı təmsil edən “sülalə”nin qısa müddətdə iki “kralı” gənc yaşlarında müəmmalı şəkildə (biri cərrahi əməliyyat zamanı, digəri isə avtomobil qəzasında) dünyasını dəyişmişdir. Britaniyalıların monarxiyayaratma texnologiyası bəzən gülünc vəziyyətə çatırdı.
Məsələn, yenə həmin İraqda 1920-58 illərdə 5 qeyri-iraqlı “kral” mövcud olmuşdur ki, onların da guya Haşimit sülaləsinə aid olduğu iddia edilirdi. 1958-ci ildə hərbi qiyam nəticəsində devrilən sonuncu “kral” İkinci Feysəl isə bundan əvvəl Suriya “kralı” vəzifəsində çalışmışdı.
Oxşar addımı da Böyük Britaniya siyasəti vaxtilə İranda atmışdır ki, onların da hər ikisi iflasla nəticələndi. Ardicil məğlubiyyətə uğrayan Britaniyanın itirdiyi mövqeləri İkinci Dünya Müharibəsindən supergüc olaraq çıxmış SSRİ və ABŞ zəbt edirdi.
Amma bütün dini, ideoloji və siyasi idarəetmə modellərindəki kəskin fərqlərə baxmayaraq, istər ABŞ, istərsə də SSRİ satellitlərinin hamısı daxildə sərt avtoritar və ya totalitar siyasət yürüdürdü, çünki əsas prioritet nəyin bahasına olursa-olsun hakimiyyəti əldə saxlamaq idi.
Göründüyü kimi, XX əsrin ikinci yarısında müstəqillik əldə etmiş Yaxın Şərq dövlətləri xarici siyasətində militarizmə, daxildə isə sərt avtoritarizmə və ya totalitarizmə üstünlük verirdilər ki, bunun da nəticədində xarici siyasətdə mütəmadi savaşlarla, daxildə isə dini radikalların və etnik separatçıların müqaviməti ilə üzləşməli olurdular.
Belə dinamika onların onsuz da zəif olan, instutlaşmağa macal tapmamış dövlət qurumlarını (ilk növbədə də güc strukturlarını) repressiv aparata çevirir və durmadan kriminallaşdırırdı. Suriya bu mənada ən çox (daxili və xarici) münaqişələrə cəlb olunan ölkələrdən idi.
Bu isə onun gələcəyi üçün pozitiv perspektivlər vəd etmirdi. 1982-ci ilin fevralında “Müsəlman qardaşları” tərəfindən Həmada baş verən üsyanın ordu vasitəsilə amansizliqla yatırılması ölkədə siyasi islahatların zəruri olduğunu önə çıxardı.
Amma bütün repressiv rejimlər kimi, Hafiz Əsəd tiraniyası da sivil demokratik müxalifəti özü üçün daha böyük təhlükə hesab edirdi. Çünki istər dini radikallar, istərsə də etnik separatçılar öz radikal tələbləri və fəaliyyətləri ilə daha miqyaslı zorakılığa motivasiya verirlər.
Elə həmin səbəbdən də ölkədə repressiyaların genişləndirilməsinə, bu məqsədlə faktiki işgəncə mərkəzləri olan çoxsaylı həbsxanaların inşasına və kütləvi həbslərə start verildi. Ölkənin məhkəmə-hüquq, ardinca da siyasi sistemi bütün gücünü repressiyalara yönəltdi.
Ölkədəki vəziyyət elə bir həddə çatdı ki, nəinki heç bir dəlil-sübut, hətta formal məhkəmə hökmü olmadan kiminsə sırf şəxsi ədavət səbəbindən verdiyi məlumat əsasında minlərlə insan amansız qaydaları, ifrat zorakılıqları ilə xof, qorxu yaradan həbsxanalara atıldı.
Bu proses də onilliklər boyu davam etdi. Belə praktika təkcə cəmiyyətdə hakim klana kini, nifrəti artırmırdı, həm də dövətin polis, təhlükəsizlik və silahlı qüvvələrini qaydasız cinayətkar dəstələrə çevirirdi. Artıq 1990-ın sonunda Suriyada böyük daxili qarşıdurma yetişirdi.
Amma ata duktator Hafiz Əsədin qəfil ölümü insanlarda nikbinlik illüziyası yaratdı, çünki indi onu Britaniya təhsilli, açıq düşüncəli, islahata meylli həkim oğlu Bəşər əvəz edəcəkdi. Bu isə uzun illər boyu repressiyalara, talançılığa, yoxsulluğa məruz qoyulmuş xalqa ümid qığılcımı kimi görünürdü.
Dəyişiklik istəyi ilə yaşayan Suriya cəmiyyətində islahatlar olacağına elə dərin ümidlər yarandı ki, onlar hakimiyyətə gətirilməsi ərəfəsində “mədəni gənc həkim” imici yaradılmış Bəşərin kimin oğlu olduğu kimi sadə bir həqiqəti belə unutdular. Tarix isə unutqanlığı bağışlamır…
Əsəd sülaləsi xilas ola bilərdimi?
Bəşər Əsədin hakimiyyətə gəlişi ilə illüziyalar quran təkcə sadə suriyalılar deyildi. Ölkənin akademik dairələri, islahat tərəfdarları və hətta bir çox dünya ölkələrində siyasətçilər də belə xülyalar qurmuşdular. Onların əsasında duran yeganə arqument isə yeni Suriya liderinin şəxsi keyfiyyətləri idi. Daha doğrusu, yalnız şəxsi keyfiyyətləri.
Bu da yanlış gözlənti idi, özü də təksə Bəşərin şəxsi keyfiyyətləri baxımından yox, həm də Suriya siyasi ierarxiyasının strukturu və fəaliyyət prinsiplərindən dolayı.
Amma öncə qısaca Bəşər Əsəd haqqında. Qardaşları Basil və Maherdən fərqli olaraq Bəşər hərbçi deyil, həkim peşəsini seçmişdi.
1984-cü ildə keçirdiyi və koma ilə müşaiyət olunan ağır xəstəlikdən sonra səhhətində ciddi problemlər yaranan Hafiz Əsədin yerinə onun böyük oğlu Basil hazırlanırdı. Belə də olmalı idi, çünki qəbilə düşüncəsi bütün başqa variantları istisna edir. Hakim sülalələr özünü əvəzsiz bilir və bu onların təbiətindən irəli gəlir.
Hətta diktatorun sağlamlığı ciddi suallar doğuranda Hafiz Əsədin onu əvəzləmək iddiası ortaya qoyan doğma qardaşı belə Suriyadan sürgün olunmuşdu. Basil Əsəd isə bütün zəruri prosedurları keçmişdi və artıq hakimiyyət ierarxiyasında yüksək hərbi vəzifə də almışdı.
Amma onun həyatına son qoyan avtomobil qəzasından sonra Əsəd ailəsi öz varis planında dəyişiklik etməyə məcbur oldu. Həmin vaxt Londonda oftalmoloq kimi ixtisaslaşan Bəşər təcili ölkəyə qaytarıldı və yeni varislə bağlı işlərə start verildi. İlk növbədə də onun hərbi təhsilə və ardınca da orduda xidmətə cəlb olunmasına.
Bəşər Əsədi yaxından tanıyanlar onun əslində normal insani keyfiyyətləri olduğunu bu gün də iddia edirlər. Bəlkə də belə olub, amma nədənsə onun bir cəhəti arxa planda qalır: Bəşər iradəsiz və olduqca asan təsir altına düşən idi ki, bu da siyasətçi, özəlliklə də dövlətin başında duran üçün qəddar və qansız olmaqdan daha təhlükəli keyfiyyətdir.
Amma qərar artıq verilmişdi və onun icrası ilə bağlı bütün planlar sürətlə həyata keçirilirdi. O cümlədən də prezidentlik üçün konstitusiyada nəzərdə tutulan yaş həddinin dəyişdirilməsi.
İradəsiz Bəşər niyə təhlükəli idi? Bu sualın cavabını Suriyada formalaşmış siyasi idarəetmənin özündə axtarmaq lazımdır.
Suriya siyasi hakimiyyəti üç əsas dayaq üzərində qurulmuşdu: ələvi klanı (və ona loyal olan qruplar), BƏƏS partiya bürokratiyası və ölkənin silahlı qüvvələri. Gənc Bəşər Əsəd isə istəməsə belə bu “üçbaşlı əjdaha” ilə hesablaşmağa məhkum idi, çünki onun hakimiyyətinin taleyi bundan asılı idi.
Bəşər Əsədin hakimiyyətə gətirilməsi zaman baxımından həm də daxili və xarici şərtlərin dəyişməsi ilə müşaiyət olunurdu ki, bunların da heç biri ölkəyə təsirsiz ötüşməyəcəkdi.
SSRİ dağıldıqdan və Səddam Hüseyn rejimi sıradan çıxdıqdan sonra yaranmış boşluğu doldurmağa və regiona təsirini artırmağa çalışan İran, Yaxın Şərqin sürətlə dəyişən geosiyasi mənzərəsi, İsrail-Fələstin münasibətlərinin yeni fazası və digər amillər yeni yanaşmalar tələb edirdi.
Bundan başqa prezident edildikdən həmən sonra ailə quran Bəşər Əsədin iddiali xanımı Əsmanın və onun klanının artan təsiri də həmin amillərdən idi. Sonuncu daha təhlükəli idi, çünki iqtisadiyyatın müxtəlif sahələrində özünə yer etməyə çalışan Əsma klanı onilliklər boyu oturuşmuş sistemin koordinatlarını dəyişirdi.
Digər tərəfdən də gənc “birinci xanımın” həm ölkənin daxilində, həm də xaricdə aparılan təbliğatını “köhnə qvardiya” özü üçün təhlükə mənbəyi hesab edirdi. Onun siyasi qərarlara təsiri və bəzən də güc strukturlarına nəzarət etmək istəyi isə kəskin qıcıq yaradırdı.
Əsəd sülalə rejiminin iflasının səbəblərindən biri də bütün avtoritar və totalitar rejimlər üçün xarakterik olan ölkədəki müxalif və ya heç olmazsa tənqidçı düşərgənin məhv edilməsi idi. “Ağıllı” avtoritar rejimlər adətən həmin düşərgədən öz daxili konstruksiyasını daimi səfərbərlik vəziyyətində saxlamaq və bununla daxili birliyi qorumaq üçün istifadə edir.
Amma qəribədir ki, əksər avtoritar və totalitar rejimlərin leksikonunda dialoq, müzakirə, müxalifət, opponent və digər bu kimi sözlər ümumiyyətlə yoxdur. Əsəd hakimiyyəti də bu mənada istisna deyildi. Belə birləşdirici amilin olmaması isə hakimiyyətin fundamental əsaslarını laxladırdı.
Əsəd rejimində başqa bir amil də Əsma ailəsinin artan təsiri nəticəsində mümkün klan dəyişikliyi təhlükəsindən ehtiyat edən hakim zümrənin bir hissəsi idi ki, o da özünə dayaqları ölkənin xaricində axtarmağa məcbur idi.
Bu isə qəlpələrə bölünən Suriya hakimiyyətinin monolitliyini pozur, onu daxilində Rusiya, Qərb, İran, körfəz monarxiyalari, İsrail və digər ölkələrin təsir agentlərinin cəmləşdiyi dəstəyə çevirirdi. Digər bir səbəb – “Ərəb baharı” Suriyaya çatanda Əsəd rejiminın bütün mümkün yanlış addınmlardan ən yanlış olanını seçməsi oldu.
Etiraz edən kütlələrlə dialoqa getmək, bununla vaxt qazanmaq və eyni zamanda da etirazların önündə gedənləri nüfuzdan salmaq əvəzinə rejim zorakılıq yolunu seçdi. Zorakılığın ilk həftələrindən onun səmərəli olmadığı görünsə də Əsad rejiminin generalları onu etiraz edən xalqa qarşı əsl müharibəyə çevirdilər.
Nəticədə Suriyada hakimiyyətə qarşı etiraz kimi başlayan hərəkat əsl vətəndaş müharibəsinə çevrildi. Artıq bir neçə aydan sonra Suriya ordusundan qoparaq etirazçıların tərəfinə keçən “Azad Suriya Ordusu”nun sıraları xarici muzdlularla dolmağa başlamışdı.
Bu arada terrorçu İSİD Əsəd rejiminə qarşı savaş aparan ən güclü təsisatlardan birinə çevrildi. Bu da təsadüfi deyildi, çünki bir sıra Qərb ölkələrinin və Körfəz monarxiyalarının da dəstəklədiyi İŞİD-ın əsas yaradıcılarından olan keçmiş Səddam Hüseyn ordusunun generalları Əsəd sülaləsinin vaxtilə Səddam rejiminə qarsı ABŞ-ın yaratdığı “Anti-İraq Koalisiyasına” qoşulmasını unutmamışdılar.
Yaranmış vəziyyətdə Əsəd rejimi öz xilasını İran və Rusiya kimi ölkələrin hərbi dəstəyində görərək onları ölkəyə dəvət etdi. Beləliklə də Suriya müxtəlif ölkələrin hərbi birləşmələrinin və proxy qüvvələrinin döyüş meydanına çevrildi. Bu isə Suriya münaqişəsinin beynəlxalq məsələyə çevrilməsi demək idi.
2016-cı ilin dekabrında İranın, Rusiyanın və Türkiyənin iştirakı ilə Suriyada atəşkəsə dair Astana anlaşması imzalandıqdan sonra da Əsəd rejimi təkcə repressiyaları gücləndirmədi, həm də mütəmadi olaraq atəşkəsi pozmaqla itirilmiş ərazilərə nəzarəti bərpa etməyə davam etdi.
Ən dağıdıcı proses isə həmin dövrdə Əsəd rejiminin daxilində baş verdi: yüz minədək insanı amansız işgəncələrə, qətlə, əsassız həbslərə məruz qoyan rejim üstəlik də Yaxın Şərqdə əsas narkokartelə çevrildi.
Əsəd ailəsinin biznesinə çevrilmiş sintetik Kaptaqon narkotikinin qaçaqmalçılığına cəlb olunmuş ordu və təhlükəsizlik qüvvələri adi qatillərin və narkobaronların toplusuna çevrildi. Belə ordunun isə degenerasiyaya uğramış mənəvi-psixoloji durumu Əsəd sülaləsinin cəmi 11 gün ərzində çökməsini təmin edən əsas amil oldu.
Çünki formal olaraq hələ də “ordu” adlandırılan həmin cinayətkar kartelin işi döyüşmək yox, işgəncə vermək, qətllər törətmək, narkotik ticarəti, insan alveri və digər bu kimi çirkin fəaliyyət sahələri idi.
Bu isə artıq yarım əsrlik cinayətkar Əsəd ailə tiraniyasının sonu demək idi. Milyonlarla insanın ağrı-acıları, qanı və canı, qaçqın düşməsi və fiziki məhv edilməsi ilə başa çatan sonu.
P.S.: Əsəd rejiminin süqutu təkcə Suriya üçün şans deyil, həm də Yaxın Şərqdə yeni geosiyasi durumun başlanğıcıdır. İndi Suriyanın gələcəyi təkcə suriyalılar və bu ölkənin qonşuları üçün yox, bütün dünya üçün əhəmiyyətli olmalıdır.
Bu yolda ən böyük tarixi məsuliyyət yükünü üzərinə götürən isə Türkiyədir. Türkiyənin Suriyada quruculuğa, onun ərazi bütövlüyünü bərpa etməyə, ölkədə əminamanlığa nail olmağa çalışdığı bir vaxtda İsrailin bu ölkəni bombalaması, onun torpaqların işğal etməsi və İran ali dini liderinin suriyalıları müvəqqəti hökumətə qarşı qalxmağa çağırış etməsi anlaşılandır.
Çünki hər ölkənin öz dəst-xətti var. Bu da terrorçunu qurucuya çevirmək cəhdi ilə hakimiyyəti terroçuya döndərə bilmək istedadının fərqində aydın görünür.
Əsəd rejiminin çökməsinin həmən ardınca İsrail bombardmanları başlayanda ilk vurulan hədəflərdən biri də Dəməşqdə Suriya kəşfiyyatının binası oldu. Maraqlıdır, dünya mediasında çox da işıqlandırılmayan bu hadisə nəyə hesablanmışdı?
Bunu deyə bilmərəm, amma bir şeyi dəqiq bilirəm ki, məlumatların kağızlardan daha etibarlı daşıyıcılar var ki, bu da həmin kağızları yazan canlı insanlardır.
Əgər bu gün Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdə Əsəd sülaləsini törətdiyi vəhşiliklərə müxtəlif müxtəıif motiv və bəhanələrlə hələ də bəraət qazandırmağa çalışanlar varsa, demək Əsəd rejimi hələ tam bitməyib.
O təfəkkür tərzi, mənəviyyat anlayığı və psixoloji durum kimi hələ də yaşamaqdadır. Onun tarixə tam qovuşması isə əsas cinayətkarların və onları himayə edənlərin hamısı layiqli cəzasını alanda baş verəcək. Ən əsası da qatilin özü yox, qatil təfəkkürü məğlub ediləndə. Bu isə görülməli olan işin ən çətinidir.