KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Arastun Orujlu: Cənubi Qafqaz – qlobal maraqların yeni toqquşma məkanı

Arastun Orujlu: Cənubi Qafqaz – qlobal maraqların yeni toqquşma məkanı

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
25 0

Region ölkələrində siyasi mübarizənin kəskinləşməsi şübhəsiz ki, daxili səbəblərlə yanaşı xarici amillərin də təsirindən irəli gəlir. İstər Gürcüstanda, istərsə də Ermənistanda siyasi mübarizənin sinxron dinamikası da bunu deməyə əsas verir. Əslində əvvəlki dövrlərdən fərqli olaraq bu gün hər iki ölkəyə xarici təsirlər göz önündədir.

Bölgədəki siyasi dinamika isə onun hər bir ölkəsində ayrı-ayrılıqda nəzərdən keçirilməklə yanaşı, yalnız həm də bütövlükdə Cənubi Qafqaz miqyasında baxdıqda aydın görünə bilər. Cənubi Qafqazın starteji əhəmiyyəti tarixin istənilən mərhələsində önəmli olduğundan bölgə hər zaman vahid məkan kimi nəzərdən keçirilib.

Başqa sözlə, Cənubi Qafqazın ayrıca götürülmüş istənilən bir ölkəsinə təsir nəinki geosiyasi, heç regional əhəmiyyətli vəzifələrin də həllində mühüm rol oynamağa imkan verə bilməz. Xüsusilə də bölgənin 3 müstəqil ölkədən ibarət indiki konfiqurasiyasında. Deməli, mübarizə də bütövlükdə bölgəyə təsir uğrunda gedir.

Digər tərəfdən isə regional dinamikanı anlamaq üçün bölgənin ayrılıqda hər bir ölkəsində baş verənlərin təhlilinə ehtiyac var. Xüsusilə də Ermənistanda və Gürcüstanda. Müasir geosiyasi mübarizənin əsas hədəfinin kommunikasiyalar olduğunu nəzərə aldıqda isə açar ölkənin Gürcüstan olduğu inkar edilə bilməz.

Gürcüstan:

İstər Azərbaycanı, istərsə də Ermənistanı “böyük dünya” ilə əlaqələndirən kommunikasiyaların mütləq əksəriyyətinin Gürcüstan üzərindən keçməsi onu regionun açar dövlətinə çevirir. Həmin kommunikasiyaların da böyük hissəsi daha çox qlobal əhəmiyyət daşıyır. Xüsusilə də “Şərq-Qərb Nəqliyyat-Kommunikasiya Dəhlizi”.

Bu, qonşu ölkənin regiondan Qərbə çıxış imkanları ilə yanaşı həm də Gürcüstanın dəniz dövləti olmasından irəli gəlir. Digər tərəfdən də Gürcüstan Qərbə inteqrasiyaya can atan Ermənistan üçün “nəfəslik” rolunu oynayır. Digər alternativ Türkiyədir ki, o da İrəvan-Ankara münasibətlərinin mövcud durumunda etibarlı sayıla bilməz.

Mövcud coğrafi durumu Gürcüstanı bölgəyə təsir uğrunda mübarizə aparan böyük güclər arasında rəqabətin əsas hədəfinə çevirir. Ölkə daxilində hal-hazırda cərəyan edən hadisələr həm də (bəlkə də əsasən) bununla əlaqədardır. “Rus qanunu” adlandırılan “Xarici agent” qanunu isə həmin mübarizənin əsas alətidir.

Məsələ burasındadır ki, həmin qanunun qəbulu Rusiya meylli hakim “İvanişvili Arzusuna” Gürcüstanda mühüm daxili ictimai-siyasi oyunçu və həmçinin də Qərbin “yumşaq güc” faktoru olan vətəndaş cəmiyyəti institutlarını nəzarətə götürməyə imkan yaradacaq. Bu baş tutacağı halda isə Gürcüstan hökuməti üç məqsədə nail olur:

1. Daxili müqavimət zəiflədilir və qarşıdan gələn parlament seçkilərində qələbə çalmaq şansları artır;
2. Qərbin həmin institutlar vasitəsilə Gürcüstana daxildən təsiri əhəmiyyətli dərəcə məhdudlaşdırılır.
3. Ölkədə siyasi mübarizə mühiti hakimiyyətin xeyrinə dəyişir.

“Rus qanunu” ətrafında gedən mübarizədə Qərbin açıq şəkildə etirazları dəstəkləməsi də bununla bağlıdır. Çünki Gürcüstandakı “yumşaq gücün” itirilməsi Qərbin bütövlükdə Cənubi Qafqaz siyasətinə neqativ təsir göstərəcək. Bu da geosiyasi mübarizənin “isti” fazasında yolverilməzdir.

Bu halda Rusiya meylli Gürcüstan hakimiyyəti Ermənistanın Qərblə əlaqələrini əngəlləməklə yanaşı, həm də qlobal layihələrin reallaşmasında Moskvanın tərəfdaşı kimi çıxış etmək imkanı qazanır. Halbuki əslində İvanişvili maraqlarından fərqli olaraq Gürcüstanın milli maraqları “Şərq-Qərb Dəhlizinin” iştirakçısı olmağı tələb edir.

İvanişvili maraqlarının təmin olunacağı halda Rusiya təsiri altına düşən həm də Azərbaycan üçün həyati əhəmiyyət daşıyan və ölkənin Qərblə (həm də Türkiyə ilə) iqtisadi əlaqələrini təmin edən kommunikasiyalar olardı. Bura da təkcə nəqliyyat əlaqələri deyil, həm də enerji daşıyıcıları ixracını həyata keçirən layihələr daxildir.

Ermənistan:

44 günlük müharibədən sonra xarici siyasət vektorunu Qərbə doğru yönəldən İrəvan da Gürcüstandakı mübarizənin Rusiyanın xeyrinə həllində maraqlı deyil. Bu, Ermənistanın tam izolyasiyası və Rusiya orbitində qalması demək olardı. Amma eyni zamanda da Rusiya tərəfdaşlarının Gürcüstanda qısa zamanda məğlub olması Moskvanı taktikasını dəyişməyə vadar edə bilər.

Bu halda da Moskva Ermənistana təsirini daha artırmağa və Paşinyan hökumətini dəyişməyə təhrik olunardı. Bundan sonra hakimiyyətə gələcək rusiyapərəst revanşistlər həm də Azərbaycan-Ermənistan münasibətlərinin indiki məcrasını dəyişə və iki ölkə arasında yaranmış kövrək sabitliyi poza bilərlər.

Amma hələlik Moskva xətti tərəfdarlarının bütün spektr boyu səfərbərliyi nəinki gözlənilən nəticəni vermir, hətta ona yaxınlaşmaq üçün də güc toplamağa kifayət etmir. Hər belə uğursuz cəhd isə təkcə onsuz da dağınıq vəziyyətdə olan erməni müxalifətini daha da zəiflətməklə yanaşı, həm də Paşinyan hökumətini gücləndirir.

Nəticədə Ermənistan hökumətinin opponentləri siyasi mübarizə resurslarını səmərəsiz xərcləməli olurlar. Bu, həmçinin müxalif düşərgədə daxili ziddiyyətlərin dərinləşməsinə və yeni parçalanmalara gətirib çıxarır. Deməli, erməni müxalifətinin növbəti həmlələri indikindən daha zəif olacaq.

Bir o şərtlə ki, bölgədəki kövrək hərbi-siyasi vəziyyət dəyişməsin. Xüsusilə də Azərbaycanla Ermənistan arasında. Bunun üçün isə Moskvanın təkcə Ermənistandakı deyil, həm də Azərbaycandakı mövqeləri zəifləməlidir. Həmin halda sülh müqaviləsinin imzalanmasının sürətlənməsi də mümkün ola bilər.

Beləliklə, indiki məqamda həm Ermənistanda, həm də Gürcüstanda gedən daxili mübarizədə hələlik “həlledici döyüş” ərəfəsində taktiki gedişlər müşahidə olunmaqdadır. Bu mərhələdə tərəflərin həm də bir-birinin siyasi mübarizə resurslarını tükəndirməyə çalışması görünür. Odur ki, son nəticə haqda danışmaq hələ tezdir.
Arastun Orujlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir