KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Arastun Orujlu: Azərbaycanın yeganə quru yolu ilə əlaqəsi olan Naxçıvandan Türkiyəyə və İrana çıxış bağlandı

Arastun Orujlu: Azərbaycanın yeganə quru yolu ilə əlaqəsi olan Naxçıvandan Türkiyəyə və İrana çıxış bağlandı

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
309 0

Aşqabad Sammitinin ardınca ölkədə baş verənlərdən əsas nəzərə çarpan 2 məqam oldu:
– Azərbaycanın yeganə quru yolu ilə əlaqəsi olan Naxçıvandan Türkiyəyə və İrana çıxış bağlandı;
– Ölkənin hakimiyyətə sıx bağlı mediasında Rusiyanın ünvanına olan neqativ notlar qəflətən pozitiv mesajlarla əvəzləndi.

Burdan da təbii sual yaranır: Türkmənistan paytaxtında keçirilən sammitdə nə baş verdi ki, onun ardınca belə kəskin addımların atılmasına ehtiyac yarandı?
Ölkənin quru sərhədlərinin açılmaması azmış kimi, üstəlik sonuncu “nəfəsliyin” də bağlanması bir neçə səbəblə izah oluna bilər:

1. Ölkədə gedən müzakirələrdə əsas səbəb kimi sərnişin daşımalarından əldə olunan böyük gəlirlərin AZAL-ın nəzarətində saxlanılması göstərilir.
2. Digər bir səbəb kimi iqtisadi vəziyyətin çətinləşməsi üzündən ölkəyə Rusiyada yaşayan azərbaycanlıların bir hissəsinin kütləvi dönüşünün qarşısını almaq cəhdi deyilir.

3. Bu da istisna deyil ki, Türkiyə ilə sərhədlərin bağlanmasını Aşqabadda keçirilən görüş zamanı Rusiya prezidenti Putin tələb edib.
4. Rəsmi qurumlar tərəfindən səbəb olaraq göstərilən COVİD-19 pandemiyası.

Bu başdan deyim ki, 4-cü bənddə göstərilən rəsmi izah son dərəcə absurd olduğundan heç bir müzakirə predmeti ola bilməz.
1-ci bənddə göstərilən səbəb inandırıcı olmasa da bir məqamı etiraf etməyə məcburuq: nə qədər təəccüblü səslənsə də ölkə hakimiyyətinin yürütdüyü “siyasətdə” şəxsi, həm də bəzən çox kiçik maraqlar hər zaman dominantlıq təşkil edib və bu gün də etməkdədir.

2-ci bəndlə bağlı müəyyən fikirlər var və onlar heç də tam əsassız deyil. Məlumdur ki, Rusiyanın Yaxın Şərq və “Şərq-Qərb dəhlizinə nəzarət” siyasətində Azərbaycan mühüm geosiyasi məkan kimi nəzərdən keçirilir. Belə olduqda da Moskva rəsmi Bakıdan onun maraqlarına tam uyğun olan addımların atılmasını istəyir.

Amma Əliyev hakimiyyəti bunu həm obyektiv (Türkiyə, Qərb), həm də subyektiv (hakim klanın maraqları) səbəblərdən edə bilmir. Bu halda da Moskva özünün Azərbaycan siyasətində iki addımdan birini atmalı olacaq: Bakıdakı hakimiyyəti özünə tam loyal olan digərilə əvəzləmək və ya Azərbaycana hərbi müdaxilə etmək.

Məlumdur ki, ikinci yol təkcə sərt beynəlxalq reaksiya ilə deyil, həm də “ikinci cəbhə” açan Rusiyanın Ukraynadakı onsuz da kövrək mövqeyinə neqativ təsir edə bilər. Bundan başqa da Cənubi Qafqaza hərbi müdaxilə Moskvanı ən azı Türkiyə, amma həm də NATO ilə açıq münaqişəyə cəlb edə bilər. Bu isə Rusiya üçün fəlakət demək olardı.

Deməli, Moskva Azərbaycanda daxili destabilizasiya yaratmaq təhdidi ilə rəsmi Bakını öz iradəsinə tabe edə, bu da mümkün olmadıqda isə onu dəyişə bilər. Amma bunun üçün Moskvanın Azərbaycandakı 5-ci kolonunun gücü kifayət etməyə bilər ki, bu halda da yanvar ayında Almatıda tətbiq olunmuş sxemə ehtiyac yarana bilər.

Xatırladım ki, Qazaxtana destabilizasiya yaratmaq məqsədilə oraya xüsusi dəstələr gətirilmişdi ki, sonda da onlar xaricdən göndərilmiş diversantlar və terrorçular kimi təqdim olunmuşdu. Amma sonda təkcə Almatıda 20 min terrorçu olduğunu iddia edən Rusiya əlaltısı Tokayev onlardan nəinki həbs olunmuş birini, hətta öldürülənini də təqdim edə bilməmişdi.

3-cü bəndə dair bunu qeyd etmək vacibdir ki, Rusiya (həm də İran) üçün Cənubi Qafqazda əsas rəqib Türkiyədir və hər iki ölkə Ankaranın regiondan mümkün qədər təcrid olunmasında maraqlıdır. Xüsusilə də Madrid Sammitindən sonra NATO-da mövqeləri möhkəmlənən Türkiyə hər iki ölkə üçün indi daha ciddi rəqabət təşkil edir.

Bütün bunlara baxmayaraq, ölkə vətəndaşlarının öz ölkəsinə rahat gəlib-gedə bilməsinin qarşısının alınması heç bir səbəblə əsaslandırıla bilməz. Ölkənin quru sərhədləri açılmalıdır, milli təhlükəsizlik üçün təhdidlərin profilaktikası və aradan qaldırılması üçün isə müvafiq dövlət orqanları səfərbər olunmalı və cavabdehlik daşımalıdır.

Arastun Orujlu Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir