KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Arastun Orujlu: Avropa Birliyi – Mərkəzi Asiya əməkdaşlığı bizə nələri vəd edir!?

Arastun Orujlu: Avropa Birliyi – Mərkəzi Asiya əməkdaşlığı bizə nələri vəd edir!?

Kafkassam Editör Kafkassam Editör - - 21 dk okuma süresi
50 0

“Zəngəzur dəhlizi” ilə başlayaraq onunla da bitən “geosiyasət” və ya Avropa Birliyi – Mərkəzi Asiya əməkdaşlığı bizə nələri vəd edir!?

Mərkəzi Asiyanın (bundan sonra MA) türkdilli dövlətlərinin Kiprdə (Cənubi Kipr) səfirlik açmaq barədə Avropa Birliyi (bundan sonra AB) ilə anlaşması Azərbaycanın siyasi həyatında xeyli müzakirələr doğurur. Kimsə həmin addımı türk dünyasına qarşı demarş kimi dəyərləndirdi, kimsə də hətta “xəyanət” adlandırır.

Bəzi türkiyəli ekspertlər isə baş verənlərin geosiyasi fəlakət olduğunu bildirirlər. Bəs əslində baş verən nədir? Nədən MA ölkələri, o cümlədən də 4 türkdilli dövlət bu addımı atdı? Ümumiyyətlə, ictimai-siyasi dairələr üçün sanki gözlənilməz olan bu qərarın arxasında hansı amillər, səbəblər və maraqlar dayanır?

Bunun üçün hər şeydən əvvəl AB – MA əlaqələrinin inkişaf dinamikasına nəzər salmaq zəruri olardı. Həmin əlaqələr isə heç də yeni deyil. Siyasi və iqtisadi baxımdan Rusiya ilə Çin arasında rəqabət meydanı olan regionun AB ölkələri ilə də daim əhəmiyyətli iqtisadi əlaqələri mövcud olub.

Regionun xarici ticarət dövriyyəsində 2023-cü il də daxil olmaqla AB-nin payı 30% təşkil edib, 2024-cü ildə isə həmin əlaqələr daha 23% artıb. Bunun əsas hissəsini təşkil edən Qazaxıstan neftinin ixracının 70% AB-nin payına düşür. Bununla da AB Çinlə bu sahədə rəqabətə başlayıb.

Xatırladım ki, 2020-ci illərin əvvəllərinədək MA ölkələrinin ticarət dövriyyəsində birincilik Rusiyaya məxsus olsa da, sonrakı dövrdə Çin irəli çıxıb. Bu da öz növbəsində həmin ölkələrin həm də siyasi baxımdan Rusiya və Çin arasında “sıxılmasına” zəmin yaratmışdır.

Bunun ən bariz nümunəsi 2022-ci ilin yanvarında guya “dövlət çevrilişi həyata keçirmək istəyən terrorçulara qarşı mübarizə” adı altında Qazaxıstana hərbi müdaxilə edən Rusiyanın sayılı günlər ərzində Çin tərəfindən sıxışdırılaraq çıxarılması olmuşdur.

Belə məhdud siyasi seçim imkanları ilk növbədə MA ölkələri üçün pozitiv heç nə vəd edə bilməzdi. Görünür elə həmin səbəbdən də Çinlə Rusiya arasında manevr etməyə məcbur qalan MA ölkələrinin xarici siyasətində “balans” amili daim üstünlük təşkil etmişdir.

Amma regionun coğrafi mövqeyi və keçdiyi tarixi-siyasi təcrübəsi ona başqa alternativlər vəd etmirdi ki, bu da MA ölkələrinin uzun müddət onlarla təhdid dilində davranan Rusiya ilə ondan daha ciddi təhdid mənbəyi olan Çin arasında manevrdən artıq imkan yaratmırdı.

Bu mənada AB ilə Qazaxıstan arasında 2020-ci ildə və 2024-cü ildə Qırğızıstanla imzalanan, həmçinin 2024-cü ildə Tacikistanla başladılan danışıqlar və Özbəkistanla qurulan təmaslar AB ilə region ölkələri arasında siyasi əməkdaşlığın sürətlənməsinə yol açmışdır.

AB ilə MA arasında qurulan yeni (siyasi) münasibətlər formatında ilk növbədə əsas rol oynayan ölkələr isə AB-nin aparıcı güc mərkəzləri olan Almaniya və Fransa idi. Bu əlaqələrin inkişafında açar rol oynayan mühüm hadisələrdən biri də 2023-cü ildə baş vermişdir.

Bu, “Avropa Birliyi – Mərkəzi Asiya Əlaqələrinin Genişləndirilməsinə Dair Birgə Yol Xəritəsi” adlanan sənədin imzalanması idi. Sənəddə 5 prioritet istiqamət üzrə (siyasi dialoq, təhlükəsizlik, kritik materiallar və enerji, nəqliyyat və rəqəmsal əlaqələr, humanitar) 79 fəaliyyət planı nəzərdə tutulmuşdur.

Müqayisə üçün qeyd edək ki, cəmi 4 il ondan əvvəl (2019) “Avropa Birliyinin Mərkəzi Asiya Üzrə Strategiyası” adlanan sənəddə cəmi 3 prioritet istiqamət – regional əməkdaşlıq, sabitlik və idarəetmə, iqtisadi artım və kommunikasiyalar) nəzərdə tutulmuşdur.

Buradan aydın görünür ki, AB-nin MA regionuna dair öncədən planlaşdırılmış strateji əməkdaşlıq proqramı mövcud olub və həmin proqram da mərhələli şəkildə həyata keçirilib. Bunlardan başqa Transxəzər layihələr, təhsil və maarifləndirmə sahəsində də əməkdaşlıq daim mövcud olub.

Məsələn, Azərbaycanda dövlət səviyyəsində boykot olunan “Erasmus” təhsil proqramı uzrə AB 2021-27 illər üçün MA ölkələrinə 73 milyon Avro həcmində vəsait ayırıb. Bundan başqa orta təhsil, səhiyyə və gənclərin işlə təmin olunmasına dair müvafiq əməkdaşlıq proqramları da həyata keçirilir.

Bütün sadalananlar AB ilə MA ölkələri arasında həyata keçirilən əməkdaşlıq planlarının və proqramlarının heç də hamısı deyil. Odur ki, bu lin 3-4 aprelində Səmərqənddə keçirilən “Birinci Avropa Birliyi – Mərkəzi Asiya Sammiti” və onun qərarları heç də sürpriz kimi görünməməlidir.

Bəs AB ilə MA ölkələri arasında qurulmaqda olan çoxşaxəli əməkdaşlıq yaxın və uzaq prespektivdə tərəflərə, həmçinin də Mərkəzi Asiyaya qonşu olan region ölkələrinə nələri vəd edir? O cümlədən də Cənubi Qafqaza, onun bir parçası olan Azərbaycana və həmçinin də Türkiye’ye

4 aprel 2025 tarixdə imzalanan AB-MA birgə bəyanatında deyilir:

“Biz sülh, təhlükəsizlik və demokratiya naminə əməkdaşlığa, beynəlxalq hüquqa, o cümlədən BMT Nizamnaməsinə və bütün dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətin əsas prinsiplərinə tam hörmət etməyə sadiqik.”

Bəyanatdan siyasi etiket naminə və şablon olaraq yazılmış “demokratiya” sözünü çıxarsaq, göstərilən qalan bütün məsələlər Rusiya və Çin arasında yerləşən MA ölkələrinin hamısı üçün strateji əhəmiyyət kəsb edir. Xüsusilə də ərazi bütövlüyünün təmin olunması.

Bunun praktikada necə təmin olunacağı və AB-nin həmin məsələlərdə hansı real dəstəyi verə biləcəyi isə başqa bir müzakirənin predmetidir. Amma hər halda Rusiya və Çin kimi dövlətlərlə qonşu olanların hamısı üçün göstərilənlər yetərincə həssas məsələdir. Xüsusilə də Qazaxıstan üçün.

Çünki istər Çinin, istərsə də Rusiyanın regiona olan iqtisadi təsirləri fonunda mədəni, siyasi və hətta hərbi ekspansiyanın da mümkünlüyü daim nəzərdə saxlanılmalıdır. Qazaxıstan isə bütün bu məsələlərdə MA “zəncirinin” ən kövrək həlqəsidir. Özü də təkcə coğrafi mövqeyinə görə deyil.

Regionun qalan ölkələrini Rusiydan ayıran və Çinlə ən uzun sərhəddə malik olan Qazaxıstan həm də litium, berillium, manqan kimi zəruri metallar ehtiyatları baxımından dünyanın əsas ölkələrindən olmaqla yanaşı, həm də son illərdə 43% göstərici ilə dünyada ən böyük uran istehsalçısı olub.

Qazaxıstanın təsdiqlənmiş neft ehtiyatlarının həcminin isə 30 milyard barel olması bildirilir. Bundan başqa ölkə almaz, sapfir, yaqut, gümüş, qızıl və platin ehtiyatlarına da malikdir. Qazaxıstanda həm də böyük həcmdə dəmir ehtiyatlarının olması bildirilir.

Ümumiyyətlə, mövcud olan təbii ehtiyatların 70% malik olan Qazaxıstan bu baxımından ən zəngin ölkələrindən biridir ki, bu da onun təkcə üstünlüyü deyil, daha çox hədəfə gəlməsinə şərait yaradır. Xüsusilə də etnik və regional müxtəlifliyə malik olan oturuşmamış dövlətçilik sistemi olmayan bir ölkə kimi.

Buraya Özbəkistanın və Türkmənistanın da malik olduqları təbii ehtiyatları əlavə etdikdə bütövlükdə regionun cəlbediciliyi mübahisə doğurmur. Elə həmin səbəbdən də MA regionunun dünya güclərinin istisnasız olaraq hamısının diqqət mərkəzində olması tamamilə anlaşılandır.

Amma belə cəlbedicilik MA-nın həm də “fillərin döyüş meydanına” çevrilməsinə zəmin yaradır. Həmin səbəblər də region ölkələrini balanslı xarici siyasət yürütməyə məcbur edir. Eyni zamanda da mövcud rəbii resursların hasilatı üçün zəruri olan maliyyə vəsaitlərinə və texnologiyalara ehtiyac baxımından.

Hər bir halda regiona artan maraqlar yeni risklərlə yanaşı bu ölkələrin manevr imkanlarını da genişləndirir. Hərçənd müasir dünyada mübarizə təbii ehtiyatlara sahib və ya şərik olmaqla yanaşı, həm də mühüm qlobal kommunikasiyalara nəzarət və ya təsir uğrunda gedir.

Bu mənada da MA regionu mühüm geosiyasi əhəmiyyət kəsb edir. Çünki ABŞ-ın bugünkü administrasiyasının yeni xarici siyasət prioritetləri fonunda fəaliyyət imkanlarını diversifikasiya etməyə çalışan AB üçün Çin ən mühüm iqtisadi və ticari partnyora çevrilir.

Çin-Avropa ticarət əlaqələrinin təmin edilməsi üçün əsas kommunikasiya seçimlərindən biri də xeyli dərəcədə MA ölkələri üzərindən keçən “Şərq-Qərb Dəhlizi”dir. Qarşılıqlı maraq kəsb edən Çin-Avropa iqtisadi əlaqələri MA regionunda sabitliyin qorunmasına müəyyən dərəcədə təminat versə də,

Eyni zamanda onların arasında regiona təsir uğrunda rəqabti də arxa plana keçirmir. Hələlik isə MA təsir uğrunda mübarizə əsasən regionu özünün “arxa bağçası” saymaqla bir-birini əsas rəqib kimi görən Çin və Rusiya arasında gedir. Həmin mübarizədə də hər bir ölkənin öz təsir vasitələri mövcuddur.

MA-nın əsas iqtisadi partnyoru Çin olsa da, regiona əsas siyasi təsir vasitələri hələlik Rusiyanın əlindədir. Bütün bunlarla yanaşı MA-ya təsir uğrunda mübarizəyə qoşulan AB ilə yanaşı regiona öz iqtisadi təsirini artıqmaqda olan ABŞ, Cənubi Koreya, Türkiyə və Yaponiya da var.

Gördüyümüz kimi, MA regionuna maraq göstərən (Rusiya və Türkiyəni çıxmaq şərtilə) ölkələrin hamısı yüksək texnoloji və iqtisadi resurslara malik olan potensial tərəfdaşlardır. Belə iddialar var ki, Rusiya ilə Türkiyə isə daha çox siyasi-ideoloji təsir vasitələrinə malikdirlər.

Hərçənd MA ölkələrinin son addımları həmin təsirlərin rellıqda iddia edildiyi dərəcədə olmadığına dəlalət edir. Özəlliklə də bu ölkələrin Kiprdə səfirlik açmaq haqda qərarı. Amma təkcə həmin qərar yox və bununla təkcə Türkiyənin ünvanına verilmiş mesajla deyil.

AB-MA birgə bəyanatında belə bir bənd də var: “Aİ və MA liderləri bütün beynəlxalq və regional forumlar çərçivəsində beynəlxalq hüquqa və yuxarıda sadalanan prinsiplərə hörmət etməyə sadiqdirlər. Bu kontekstdə Ukraynada BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq hərtərəfli, ədalətli və davamlı sülhün mümkün qədər tez əldə edilməsinin vacibliyini vurğuladılar”.

Bu isə Moskvanın Ukraynaya qarşı apardığı işğalçı müharibəyə kollektiv münasibətin açıq ifadəsidir. Başqa cür də ola bilməzdi. Rusiya prezidenti başda olmaqla bu ölkənin bir çox rəsmilərinin Qazaxıstana qarşı ərazi iddialarına, MA ölkələrini “kvazidövlət” adlandırmasına ən adekvat cavab elə budur.

Azərbaycanda AB-MA sazişi rezonans doğurdu, amma bu dəfə də tamamilə fərqli kontekstdə. Ictimai müzakirələr əsasən MA ölkələrinin Türkiyəyə xəyanəti, türk dünyasını parçalanması, AB-nin puluna satılması, Kiprdə səfirliklərin açılması ilə guya Türkiyəni işğalçı kimi tanınması kontekstində.

Yəni, hər zaman olduğu kimi, yenə də emosional-sentimental narrativlər önə çəkildi. Halbuki, həmin anlaşma özündə daha böyük geosiyasi yük daşıya bilər. Özü də ilk növbədə elə Azərbaycanın özü üçün. Amma hələlik MA ölkələrini bu sazişə sövq edən digər geosiyasi amillərə baxaq.

Əvvəlki yazıda qeyd etdiyim kimi, MA ölkələri üçün tərəfdaşlıq dairəsini genişləndirmək hər mənada ciddi səbəblərdən qaynaqlanır. Onların bəziləri əvvəlki yazılarda artıq qeyd olunub. Digərlərinin anlaşılması üçün məsələyə bir qədər də geniş bucaqdan baxmalı olacağıq.

Bunun üçün aşağıdakı amillər nəzərə alınmalıdır:
1. Kommunikasiyalar. MA qlobal kommunikasiyalara çıxış baxımından imkanları məhdud olan regiondur. Dünya okeanı ilə əlaqəsi olmadığından əsasən quru yollarından istifadə etmək qaçılmazdır. Bəs bu sahədə vəziyyət necədir?

Regionun nəzəri baxımdan “böyük bazarlara” 3 mümkün çıxış imkanı var: Əfqanıstanla Pakistandan keçməklə cənuba, Rusiya və Cənubi Qafqaz üzərindən isə qərbə. Cənub istiqamətində çıxış etmək olar ki, istisna olunur, özü də təkcə cənub qonşularda hökm sürən ictimai-siyasi reallıqlardan yox.

Əfqanıstanın mürəkkəb coğrafi relyefi, eyni zamanda da zəif inkişaf etmiş nəqliyyat-kommunikasiya şəbəkəsi bu vəzifəni xeyli dərəcədə çətinləşdirir. Bundan başqa həmin istiqamətdə dünya okeanına çıxmaq üçün Pakistan üzərindən də keçmək tələb olunur. Burada başqa bir maneə də var.

Pakistan üzərindən keçən yol artıq planlaşdırılıb və Çinin iştirakı ilə çəkilməkdədir. Rusiya üzərindən Avropaya çıxış böyük məsafəyə uzanan dəmir yolu vasitəsilə mümkündür. “Orta Dəhliz” vasitəsilə çıxış isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından asılıdır.

Müqavilənin imzalanması isə hələlik heç üfüqdə də görünmür. Üstəlik də “Orta Dəhliz” Xəzər dənizindən sonra daha 3 ölkə – Azərbaycan, Gürcüstan (və ya Ermənistan), Türkiyə üzərindən keçir. Belə olduqda cənub istiqamətində daha bir variant nəzərdən keçirilməli ola bilər- İran üzərindən.

MA-dan (Türkmənistandan) başlayaraq İran üzərindən keçməklə dünya okeanına çıxmaq mümkün variantlardan biri sayıla bilər. İranın şərq sərhədləri boyu relyef Əfqanıstandan çox fərqlənməsə də, nəqliyyat imkanları daha genişdir. O cümlədən də ölkənin cənubunda yerləşən Çabahar və Bəndər-Abbas limanları.

Son illər ərzində Çinin iştirakı ilə hər iki limanın yükötürmə imkanları da xeyli artırılmışdır. Xüsusilə də Hörmüz boğazından kənarda (Oman körfəzində) yerləşən dərinsulu Çabahar limanının. Bu liman həmçinin eyni zamanda həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizinin mühüm elementi ola bilər.

Bunu da qeyd etmək yerinə düşərdi ki, Pekinlə Tehran arasında imzalanmış 25 illik strateji əməkdaşlıq sazişinə əsasən İranda infrastruktur layihələrinin inkişafına 400 milyard ABŞ dolları həcmində investisiya qoyuluşu nəzərdə tutulur. Bu da o deməkdir ki, AB-MA sazişi Çinin də susqun iştirakı ilə imzalanıb.

Söhbət təbii ki, şərti olaraq iştirakdan gedir. Bu da tamamilə mümkündür. Xüsusilə də Avropa-Çin iqtisadi əlaqələrinin inkişafında hər iki tərəfin maraqlarının üst-üstə düşdüyü dönəmdə. Belədirsə, o zaman xarici siyasətində ehtiyatla davranan MA ölkələrinin hədəfləri anlaşılandır.

Bu ölkələrin Kiprdə səfirliklərini açması qərarına gəldikdə isə bunun bir neçə səbəbi var:
– MA ölkələri AB ilə tərəfdaşlıq qurmaqla qismən də olsa Rusiya və Çin təsirlərini kompensasiya etməyə çalışırlar. Bunun nə dərəcədə səmərəli olacağı isə başqa məsələdir.

– AB ilə əlaqələr qurmaq üçün onların qarşısında Kipri tanımaq kimi bir şərt qoyulub. Səbəb kimi də AB-də qərarların konsensus əsasında qəbul edilməsi göstərilə bilərdi. Yəni, AB üzvü olan Kiprin tərəfindən AB-MA əməkdaşlığının əngəllənməsinin qarşısını almaq üçün lazım olduğu tövsiyyə edilib.

– Mürəkkəb iqtisadi və geosiyasi şərait onları buna vadar edib. Başqa səbəblər də ola bilər, amma əsas sual budur ki, MA ölkələrinin AB-dən gözləntiləri özünü doğruldacaqmı? Yüksək ehtimalla, qismən, amma AB MA ölkələrini xarici təhdidlərdən qoruya bilməyəcək. Hər bir halda bunun ən dəqiq cavabını zaman verəcək.

Hələlik isə vəziyyət belədir ki, həmin sazişlə MA ölkələri Avropaya inteqrasiyaya, AB isə Cənubi Qafqazda itirilmiş mövqeyini MA-da əvəzləməyə çalışır. Türk Dövlətləri Birliyinə gəlincə isə real iqtisadi-siyasi birlik kimi heç vaxt mövcud olmamış bu qurumun yaradılması hələlik təxirə salınır.

Eynilə “Zəngəzur dəhlizi”ndə ilişib qalmış Azərbaycan və Türkiyənin qlobal siyasətdə iştirakı kimi. Görünür, Türkiyədəki susqunluğun, Azərbaycanda isə aşırı qəzəblə dolu sərt ritorikanın ictimai şüura yeridilməsinin əsl səbəbi də elə budur.
Çünki həqiqəti gizlətməyin iki yolu var: susmaq və ya yalan danışmaq.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir