Həmin gündən 33 il keçir, amma biz hələ də onu “Qara Yanvar”, “Qanlı Yanvar” və “Hüzn Günü” adlandırmaqda davam edirik. Bir tərəfdən baxdıqda belə də olmalıdır, amma tarixi proseslər zaman keçdikcə fərqli baxış tələb edir. Əks halda belə tarixi hadisələrin üzərindən “Allah rəhmət eləsin” deyib keçməkdə davam edəcəyik.
Halbuki, Milli Azadlıq Hərəkatımızın və onun tarixinin bir mərhələsi olan 20 yanvar hadisələri indiki birtərəfli münasibətdən daha dərin və geniş yanaşma tələb edir. Əks halda belə çıxır ki, 20 yanvar gecəsi tanklar qarşısına əliyalın çıxan həmvətənlərimiz yalnız onların memorialını ziyarət etmək və rəhmət oxumaq üçün şəhid olublar.
Hər bir şəhadət isə istər toplum, istərsə də ayrı-ayrı fərdlər üçün təkcə simvol deyil, həm də tarixin dərsi və xalqın mübarizə irsi olmalıdır. Bunlar olmadıqda elə həqiqətən də Şəhidlər Xiyabanını ziyarət edərək rəhmət oxumaqdan başqa heç bir nəticəsi olmur. Görünür, elə buna görə də 33 ildir “yerimizdə saymaqdayıq”.
ABŞ-da hər il yanvarın üçüncü bazar ertəsi Martin Lüter Kinq günü kimi qeyd olunan federal bayramdır. Həmin gün həm də Vətəndaş Hüquqları Hərəkatı günü kimi qeyd olunur. Bu isə o deməkdir ki, Martin Lüter Kinq günü milli mənşəyindən, irqindən və dinindən asılı olmayaraq bütün amerikalıların bayramıdır.
Çünki müasir ABŞ-da həmin dövrdə baş verənlər təkcə tarix və xatirə kimi deyil, həm də vətəndaş hüquqları uğrunda mübarizənin irsi, bu mübarizənin önündə getmiş Sara Parksın, Martin Lüter Kinqin və həmin mübarizədə həyatını itirənlərin tarixi-siyasi mirası kimi qəbul olunur. Başqa sözlərlə desək, ümummilli dəyər kimi.
Yeri gəlmişkən, Martin Lüter Kinq də daxil həmin mübarizədə həyatını itirənləri ABŞ-da “martyr”, yəni şəhid adlandırırlar. Şəhid mübarizənin simvoludursa, şəhidin mübarizəsinin özü tarixi irsdir. İstəsəniz, bunu qan yaddaşı da adlandırmaq olar. Yaddaş isə həm də xatırlamaq, yada salmaq deməkdir.
Amma təəssüf ki, bizdə həmin mübarizənin və ondan sonra baş verənlərin irsə çevrilməsindən daha çox bir günlük matəm, hüzn, yasa batmaq ənənəsi birmənalı üstünlük təşkil edir. Səhərisi gün isə həyat özünün ənənəvi axarına qayıdır. Ya da ki, bizim üçün ənənəviyə çevirdikləri axarına.
İrsin də bundan əsas fərqi ondadır ki, o (irs), bir günlük olmur. İrs istər ayrı-ayrı insanların, istərsə də bütövlükdə toplumun həyat tərzinə, mübarizə əzminə və nəhayət, xalqın kimliyinin bir parçasına çevrilir. Bunlar isə xalqın bügünkü həyatının, gələcək perspektivinin təyin olunmasında həlledici rol oyanayan amillərdir.
Tarix boyu bütün siyasi-ideoloji mübarizələr irs uğrunda aparılıb və həm də irs üzərində qurulub, dövlətlər özündən əvvəlkilərin varisliyinə sahib olmağa çalışıb. Bunun üçün qanlı savaşlar gedib. Eynilə insanlar varislik uğrunda mübarizə apardıqları kimi. İrsə sahib olan, varisliyə çata bilən isə təkcə bugünün deyil, həm də gələcəyin sahibi olur.
Söhbət özünə məxsus olan isrə sahib çıxa bilməməkdən və ya onu tamamilə yanlış şəkildə anlamaqdan getdikdə isə gələcək qaranlıq, ən yaxşı halda da dumanlı görünür. Odur ki, bütün şəhidlərimizə Allahdan rəhmət diləməklə yanaşı, özümüzə də onların irsinə sahib çıxa bilməyimiz üçün cəsarət və dəyənət arzulayıram.
P.S.: Mövzu yuxarıda qeyd etdiyim kimi əhatəli və dərindir, odur ki, bu haqda verilişlərin birində daha ətraflı danışmağı planlaşdırıram.
Arastun Orujlu