KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Aqşin Kərimov: Qazaxıstandakı hadisələr, “Turan” və Britaniya

Aqşin Kərimov: Qazaxıstandakı hadisələr, “Turan” və Britaniya

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
346 0

Qazaxıstanda cərəyan edən proseslər göstərir ki, beynəlxalq güclərin rəqabəti özünü yeni coğrafiyaya fokuslayır.

Bu ilin yayında Əqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsindən sonra dünya siyasi sistemində qütbləşən tərəflərin obyektivlərini Mərkəzi Asiyaya tuşlaması tendensiyasını aydın müşahidə etdik.

Qazaxıstandakı mitinqlər (söhbət aksiyaların niyə başlamasından getmir, biz daha çox “bu etirazlardan kim karlı çıxmaq istəyir tezisi” üzərində fikir yürüdürük) Mərkəzi Asiya uğrunda savaşın əməli müstəvisidir, bu, hələ başlanğıcdır.

Əfqanıstan Mərkəzi Asiyaya açılan pəncərədə böyük strateji əhəmiyyətə malik cəbhə idi, ona görə də proseslərin ardıcıllığı belə deməyə əsas verir ki, qlobal siyasi sistemə yeni düzən gətirmək üçün yarış başlayıb.

Regiondakı qıfıllara açar salmaq istəyən ölkələrin başında Böyük Britaniya dayanır, London proseslərdən özünü kənarda saxlamış kimi görünsə də, strateji baxışının alt qatından daha uzaq hədəflərin nəfəsini duymaq olur.

Hazırda qlobal şərtlər dövlətlər üçün uzunmüddətli strategiya ortaya qoymağa əlverişli deyil, beynəlxalq güclər daha çox situasiyaya uyğun davranış sərgiləyirlər.

Ancaq Britaniya bir qədər fərqlidir (Çin də) onun siyasətinin məzmunu və forması daha dərindir.

Əlqərəz, Britaniya “Brexit”dən sonra oxları zəngin təbii sərvətlərin cəmləşdiyi Asiya məkanına çevirdi və onun xarici siyasətində Qazaxıstan da bəlli bir çəki qazandı.

Mərkəzi Asiyaya coğrafi uzaqlıq Britaniyanı Çin və Rusiyaya qarşı rəqabətdə geri sala bilər, ancaq London inadkar şəkildə israrlıdır. Ona görə də belə mürəkkəb situasiya Birləşmiş Krallığı qlobal fəaliyyətdə yeni sınaqlarla üz-üzə qoyur.

Britaniyanın regionun təhlükəsizliyinə dair strategiyası yoxdur, çünki maraqlar tam təmin edildikdən sonra siyasi təlatümlərin bətnindən doğan təhlükəsiz mühit mümkündür.

Britaniya hələ Avropa İttifaqının üzvü olarkən Qazaxıstanla strateji partnyorluq qurmaq üçün cəhdlər edirdi.

Bunun ən azından 2 səbəbi var idi:

1. Qazaxıstan Britaniya qoşunlarının Əfqanıstandan çıxarılmasına böyük rol oynamışdı,

2. Britaniya Qazaxıstan iqtisadiyyatında ən böyük investorlardan biridir.

Ümumiyyətlə Britaniyanın Mərkəzi Asiya üzrə siyasətini Qazaxıstan mərkəzli kimi xarakterizə etmək olar.

London hələlik digər Mərkəzi Asiya ölkələrinə eyni şövqlə yanaşmasa da, bunun yaxın perspektivdə dəyişəcəyinə dair işartılar var. Məsələn, 2019-cu ildə Britaniya ilə Özbəkistan arasında müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanıb.

Qazaxıstan və Özbəkistanda infrastruktur layihələri Britaniya şirkətləri üçün cəlbedicidir buna görə də, London həmin ərazilərə əlavə gəlir mənbəyi kimi baxır.

Mərkəzi Asiya ölkələrindən olan Türkmənistanın da sərmayə qoyuluşuna böyük ehtiyacı var ki, Britaniya həmin fürsəti də əladən buraxmaq niyyətində deyil.

Qırğızıstan və Tacikistanla bağlı yanaşma isə məhduddur, amma bu çərçivələrin genişlənəcəyi şübhəsizdir.

Rusiyanı narahat edən səbəblərdən biri də Britaniyanın ekspansiyasıdır, təsadüfi deyil ki, Qazaxıstan hadisələrindən sonra Kremlin qeyri-rəsmi ruporları tərəfindən Britaniya şirkətlərinin Qazaxıstanda iştirakına qarşı fikir səsləndirildi.

Britaniya Rusiyanın qürrələndiyi nüvə silahlarına qarşı Avropada ən güclü immunitet qazanmış ölkədir (digəri Fransadır, amma Fransa Moskva ilə əlaqələrdə gərginlik xəttini seçmir).

Britaniya Asiya qitəsi uğrunda qlobal savaşda özü üçün bufer zona yaradır. Bu, çoxlarımızın “Turan” kimi başa düşdüyü Türk Dövlətləri Təşkilatıdır.

Bununla da London:

1. Maraqlarını rahat şəkildə təmin etməyə çalışır,

2. Təşkilata üzv olan Mərkəzi Asiya ölkələrinin içərisinə nüfuz etmək istəyir,

3. Türkiyə ilə Azərbaycanın bu məsələlərdə ön plana çıxmasına “yaşıl işıq” yandırır.

4. Azərbaycan-Türkiyə-Pakistan üçbucağının hərbi güc kimi formalaşdırılmasını dəstəkləyir.

Müstəmləkəçiliyin irsi Britaniyanın istənilən cəbhədə varlığı imperiya ənənələrinin daşıyıcısı olan Rusiyaya təbii ki, rahatlıq verə bilməz.

Nəticə:

1. Qazaxıstandakı hadisələr həm də Britaniya ilə Rusiyanın, Britaniya ilə Çinin rəqabətidir,

2. Rusiyanın “SSRİ nostalgiyası” “soyuq müharibə”ni geri qaytarır, bu isə Mərkəzi Asiya regionunu barıt çəlləyi halına gətirir ki, bu da yeni münaqişələri qaçılmaz edir.

Aqşin Kərimov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir