KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Aqşin Kərimov: İran və Pakistanın qarşılıqlı zərbələri: Səhnənin arxasındakı “dublyorluq”

Aqşin Kərimov: İran və Pakistanın qarşılıqlı zərbələri: Səhnənin arxasındakı “dublyorluq”

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
68 0

Yaxın Şərqdə və onun hüdudlarından kənarda geosiyasi gərginliyin, hərbi eskalasiyaların artdığı bir vaxtda Pakistan və İran bir-birlərinin ərazilərinə zərbələr endiriblər.

Qeyd edək ki, Pakistanın Bəlucistan əyaləti ilə İranın Sistan və Bəlucistan vilayəti arasında təxminən 900 kilometr uzanan qeyri-stabil bir sərhəd var.

Hər iki ölkə Bəluc bölgəsində silahlılarla döyüşür və onların ortaq separatçı düşməni olsa da, bir-birlərinin ərazilərinə zərbələr endirmələri qeyri-adi bir haldır.

İran və Pakistan silahlı qeyri-dövlət aktorlarının – Pakistanda “Ceyş əl-Ədl”, İranda Bəlucistan Azadlıq Ordusu və Bəlucistan Azadlıq Cəbhəsinin – sığınacaqlarını hədəfə alıblar. Hər bir ölkə digərini silahlılara sığınacaq verməkdə ittiham edir.

Bununla belə, İranla Pakistanın bir-birinin hava məkanını nümayişkaranə şəkildə pozması iki ölkə arasında hərbi-siyasi və diplomatik gərginliyə səbəb olsa da, onların ritorikasının müharibə həddinə çatacağını proqnozlaşdırmaq olmur.

Çünki İranla Pakistanın münasibətləri elə də kəskin bir tonda deyil, daha doğrusu, çətin və məhsuldar əlaqələr mövcuddur.

Ən maraqlısı isə budur ki, hava hücumundan bir neçə saat əvvəl İran və Pakistan Fars körfəzində ortaq hərbi təlim keçiriblər və İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Davosda Dünya İqtisadi Forumu çərçivəsində Pakistanın müvəqqəti baş naziri Ənvar-ul-Haq Kakar ilə görüşüb.

Elə isə sual olunur, nə baş verdi ki, Tehranla İslamabad yaxşı əlaqələri unudub qarşılıqlı pis ssenari ilə oynamağa başladılar?

İlk olaraq İran Pakistan ərazisində “Ceyş əl-Ədl” qruplaşmasının “qala”larını hədəfə alaraq onların mövqelərinə müxtəlif növ silahlardan aviazərbələr endirdi.

“Ceyş əl-Ədl” İran üçün problematikdir və bu qruplaşma İran ərazisində xeyli terrorun müəllifinə və ya icraçısına çevrilib.

Lakin İranın Pakistan ərazisindəki əməliyyatlarının tərzi Tehranın Yaxın Şərqdə əzələlərini şişirtməsinin işığında daha çox aydınlaşır.

Düzdür, Pakistana hücumlar və Pakistanın da qarşılıqlı cavablar verməsi birbaşa İsraillə əlaqəli deyil.

Tehran zərbələrini anti-İran terror qruplaşmalarını hədəf aldığını iddia etməsi ilə əlaqələndirir. Bu, Livanda “Hizbullah”, Fələstində HƏMAS kimi İsrailə qarşı olan qüvvələri maliyyələşdirən və təchiz edən İranın başqa regionda da daha cəsarətli birbaşa hərəkətlər edə biləcəyinə işarədir.

Ancaq İranla Pakistan arasında qarşılıqlı zərbələrin genişmiqyaslı hərbi eskalasiya yaratması zəif versiyadır, böyük ehtimalla bir-birlərini terrorçulara sığınacaq verməkdə ittiham edən bu iki ölkə diplomatik-siyasi yollarla vəziyyəti yoluna qoymaq səylərini üstün tutacaqlar.

İran elitasındakı savaş

İranda mart ayında Ekspert Assambleyasına seçki gözlənilir və SEPAH var gücü ilə dövlətüstü bir quruma çevrildiyini rəsmiləşdirməkdən ötrü prosesi ələ almağa çalışır. İranda daxili siyasi isteblişment qaynayanda SEPAH həm Xarici İşlər Nazirliyinin, həm də prezidentlik institutunun xarici ölkələrlə əlaqələri inkişaf etdirmək təşəbbüslərini bloklamaqdan ötrü sinov gedir.

SEPAH hərbi-siyasi və ruhani elitadakı mübarizəni qızışdırıb ona yön vermək üçün xarici cəbhədəki silahlarını işə salmaq təcrübəsinə malikdir, deməli, İranın Pakistana zərbələrinə bir də bu aspektdən qiymət vermək olar.

Bu məntiqlə, hərbi gərginlik İrana təkcə xarici təhdidlər qarşısında deyil, həm də daxili arena qarşısında gücünü nümayiş etdirməyə imkan verib.

Bununla belə, bu raket hücumlarının İranın əziyyət çəkdiyi fundamental təhlükəsizlik problemlərinin həlli olub-olmayacağı çox şübhəlidir. Bunu hətta bu hücumlardan sonra Pakistan sərhədində İran təhlükəsizlik qüvvələrinin əməkdaşlarının öldürülməsi də sübut edir.

NƏTİCƏ

Ancaq səbəbindən asılı olmayaraq, hərbi insidentlər İran-Pakistan genişmiqyaslı münaqişəsini nəzərdə tutmur. Çünki nə İran, nə də Pakistan digərinin rəsmi qüvvələrinə və ya aktivlərinə hücum edib.

Bunun əvəzinə, hər biri problemli hesab etdiyi cihad qüvvələrinə qarşı digərinin ərazisi daxilində hücumlar həyata keçirib.

Bununla belə, geosiyasi oyunçuların özlərinin qlobal strateji maraqları naminə İran-Pakistan gərginlik mənbələrinə hansı toxumları atacaqları da proseslərə təsir göstərə bilmək qabiliyyətini saxlayır.

Mənfi ssenaridə ilkin mərhələdə təhlükəli faktor belədir ki, Pakistanla İranın münasibətləri pisləşsə, bu, iki ölkənin ildə iki milyard dollarlıq ticarət dövriyyəsinə zərər vurmaq riski daşıyacaq.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir