KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Aqşin Kərimov: Blinken-Lavrov danışıqları: Hədələr davam edir

Aqşin Kərimov: Blinken-Lavrov danışıqları: Hədələr davam edir

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
191 0

Hindistanın paytaxtı Nyu-Dehli şəhərində keçirilən G20 sammitində Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Antoni Blinken arasında görüş keçirilib.

Ukraynadakı müharibə səbəbindən mövcud ziddiyyətləri daha da dərinləşdirən ABŞ ilə Rusiya mövqelərini konseptual baxımından bir-birinə yaxınlaşdırmaqda çətinlik çəkirlər.

Blinkenin Lavrovla görüşündən sonra jurnalistlərə verdiyi açıqlama belə söyləmək üçün əsasdır.

Blinken bildirib ki, rusiyalı həmkarına “təcavüzkar müharibəni dayandırın, ədalətli və davamlı sülh yarada biləcək mənalı diplomatiya ilə məşğul olun” deyib.

Rusiya da, ABŞ də Ukraynadakı müharibənin yekunlaşmasını istəyirlər, ancaq təhlükəsizliyə yanaşmadakı ziddiyyətlər döyüşləri dayandırmaq əvəzinə, daha da körükləyir.

ABŞ Prezidenti Co Baydenin Ukraynaya sarsılmaz dəstəyini ifadə etməsi və bunun silah ixracı ilə müşayiət ediləcəyini bildirməsi ABŞ daxilində də narazılıqlar yaradır.

Konqresdən gələn səslər “Bayden bizim təsdiqimizi almamaqla Konstitusiyanı pozur” formasında şəkillənə bilər, hərçənd ki, bunun özü də mübahisəli məqamdır.

Daxili intizamsızlıqla bağlı ABŞ-də hədsiz presedentlər yoxdur, çünki Konqres prezidentlik institutunu mühakimə etmək, media isə məxfi məlumatları, sövdələşmələri yaya bilmək potensialında olduğundan Vaşinqtonun hüquqi prosedurları tapdalaması ilə bağlı deyilənlərin inandırıcılıq gücü azdır.

İstənilən halda, Ukraynadakı müharibə ABŞ-ni də, Rusiyanı da strateji maraqlar baxımından incəldir.

ABŞ-nin bir ildən çox davam edən müharibənin həllində üstün mövqeyə çıxmaması, Rusiyanın qlobal həmlələrlə üz-üzə qalması, hərbi güc reputasiyasının pisləşməsi bunun sübutudur.

Rusiyanın qitələrarası ballistik raketləri, sualtı gəmiləri, nüvə silahları, hava hücumundan müdafiə sistemləri hələ də nəhəng hesab edilsə də, bu, həmin silahların Ukrayna müharibəsindəki iştirakına əsas yaratmayıb. Üstəgəl Rusiyanın Ukrayna meydanındakı silahlarının NATO silahları yanındakı acizliyi onun arsenalında olan və hələ müharibədə tətbiq edilməyən arsenalına olan şübhələri də artırır.

Lakin Qərb üçün şübhələr faktlar toplusu deyil, yəni qeyri-müəyyənlikdir, belə natamam təsəvvürlər özü Rusiyanın eskalasiyanın miqyasını genişləndirmək qorxularını artırır.

Belə qorxunun motivləri Rusiyada da var, çünki hərbi-taktiki, iqtisadi cəhətdən artan problemlər Qərbin Kiyevə yardımı fonunda Moskvanın zəifliyini göstərə bilər. Kreml bu riskləri nəzərə alaraq İrandan silah idxal edir, Çinə də böyük ümidlər bəsləyir.

Ukraynada davam edən müharibənin ssenarisindəki uzunmüddətli perspektivləri ABŞ üçün də, Rusiya üçün də çətinlikləri çoxaldır.

Lakin iki nəhəng bir-biri üzərində güclü təsirlərə malik olduğunu göstərmək üçün Ukraynadakı müharibədən istifadə etməkdə israrlıdır. Çinin Ukrayna lövhəsində yerləşdirilmək ehtimalları isə kartları dəyişmək həddinə qalxa bilər.

Hər halda, ABŞ də, Rusiya da qətiyyətlərini göstərmək üçün müxtəlif üsullarla hədələmələrə və dünyanı daha təhlükəli sulara itələmək cəhdlərini göstərən bəyanatlara üstünlük verirlər.

Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Tədbirləri haqqında Müqavilədə (START) iştirakını dayandırması Kremlin Qərbə qarşı şantajıdır. Maraqlıdır, bəs Qərb hərbi təyinatlı bu şantaja necə cavab verəcək ki, Rusiya neytrallaşsın?

Hələlik Qərbdə vahid yanaşmanın şahidi olmuruq, ən yaxşı halda onlar Ukraynanı silahlandırmağı davam etdirməyi üstün tuturlar. Lakin bunun NATO-nun birgə müdafiə qabiliyyətinə daxil olan xərclər səviyyəsinə çatmamasında maraqlıdırlar. Bununla belə, suala cavab olaraq deyə bilərik ki, ABŞ də Rusiyaya cavab olaraq analoji şantaj üsullarına əl atacaq.

ABŞ ilə Rusiyanın bir-birini didməsi Ukraynanın ağrılarını şiddətləndirir. Ukraynanın ehtiyatı tükənir, üstəgəl Rusiyanın sənaye şəhəri Baxmutu ələ keçirmək səylərində irəliləməsi Kiyev üçün növbəti ağır sınaqları təqdim edir.

Müharibənin yekununu şantajlar deyil, döyüş meydanındakı real vəziyyət və onun nəticələri müəyyənləşdirəcək.

Ona görə də Blinken-Lavrov görüşü həlledici bir təsirə malik deyil, bu, sadəcə, güclərin radikal mövqeyinin perspektiv üçün hansı riskləri daşıya biləcəyinə dair nəbz yoxlanışı idi. Danışıqların müddətinin 10 dəqiqə davam etməsi də bu fikri gücləndirir.

Ancaq supergüclərin də öz parametrləri və siyasi etikası var, məsələn, tükənmək və yorulmaq həddində bir-birilə dil tapa bilmək təcrübəsi…

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir