KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: Əliyev və Ərdoğanın Zəngəzurla bağlı bəyanatlarından sonra

Aqşin Kərimov: Əliyev və Ərdoğanın Zəngəzurla bağlı bəyanatlarından sonra

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
132 0

Əliyev və Ərdoğanın Zəngəzurla bağlı bəyanatlarından sonra açılan atəşlər

Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Bakıda Zəngəzur dəhlizinin açılmasının vacibliyi barədə bəyanatlar səsləndirdikdən sonra Bakı-İrəvan sülh gündəliyi durduğu yerdən yenidən sürüşdü.

Bakı ilə İrəvan Azərbaycan-Ermənistan sərhədinin Laçın, Zəngilan, Gədəbəy, Naxçıvan istiqamətlərindəki atışmaları sülh prosesinin yubadılması kimi qiymətləndirməkdə davam edəcəklər.

Sərhəddəki insidentlər adi hərbi yerdəyişmələrə hesablanan xarakterdə deyil, bu təxribatların regional güclər müstəvisində kimin dəyirmanına su tökməsinə diqqət etmək lazımdır.

Azərbaycan Ermənistanla danışıqlarda güclü əldir, onun regional avtoritetlər siyahısında iddialı strategiyası və hərbi cəhətlər üzrə cızdığı xətlər İrəvanın neorevanşist meyillərinə qahmar duranların da qarşısında maneələr yaradır.

Cənab Ərdoğanın yenidən prezident seçilməsindən sonra Türkiyənin Azərbaycanın daha uzunmüddətli təhlükəsizlik zəmanətçisinə çevrilməsi regionda Ankaranın maraqlarının genişlənməsinə qarşı çıxanların sancısını gücləndirir.

Sancı keçirənlərin içərisində Türkiyə ilə tərəfdaşlıq münasibətlərinə malik olanlar da var. Məsələn, Moskva və Vaşinqton Ankara ilə əməkdaşlıqda maraqlı olsalar da, onların strateji məntiqləri fərqli parametrlərə söykənir. Təsviri belə təqdim etmək olar ki:

1. Regionda Türkiyə və Rusiya arasındakı əməkdaşlıq dalğasını elə tarixi kontekstdən doğan rəqabət də müşayiət edir;

2. ABŞ Türkiyənin NATO əsaslı genişlənməsi məsələsinə töhfə verdiyini alqışlayır, lakin məsələ sırf Ankaranın strateji maraqlarına gələndə qırılmalar baş verir;

3. Ankara regionda Moskva ilə əməkdaşlığı NATO ilə müttəfiqlik prinsiplərindən üstün tutur, o, Kremlin vasitəsilə maraqlarını təmin edən formatlara görə narahatlıq keçirmir;

4. İran Türkiyə və Azərbaycanın iştirak etdiyi bütün formatları zədələməyə çalışır;

5. Avropa İttifaqı genişmiqyaslı geoiqtisadi paketə malik olsa da, ittifaqın əsas üzvü Fransa həmin ideyaları doğrayaraq ondan özünə pay götürür və müqavimət oxunu həm rəqibi Böyük Britaniyaya, həm də Bakı-Ankara strateji müttəfiqliyinə yönləndirir.

Qeyd etmək lazımdır ki, regionda güc olmaq uğrundakı savaşın mahiyyəti Azərbaycan dövləti ilə Qarabağda yaşayan erməni əhali arasındakı dialoqa çomaq soxmaq cəhdləri ilə yeni fon qazanır.

Bu dəliyin daxilində Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Türkiyənin strategiyasını zədələmək missiyası yerləşdirilib, amma uğur qazana bilmir.

Yeri gəlmişkən, Azərbaycanın istər Rusiya, istərsə də Qərblə ortaq məxrəcə gəldiyi nöqtələr var, lakin tərəflərin strateji dühası fərqli meyarlara dayanır.

Rusiya Azərbaycanla Qarabağ erməniləri arasında danışıqlardan məmnun deyil, o, bu prosesi qırıb bərqərar edəcəyi yerdə fərqli bir yanaşmaya hörmət gözləyir.

Qərb isə bu danışıqlardan məmnundur, lakin o, Azərbaycanın sərhədlərinin delimitasiyası kontekstinə Rusiyanın Azərbaycana dəstəkləyici mexanizmləri qədər yaxın deyil.

Prosesi qaraltmaq üçün indi də Vedi rayonunun Arazdəyən istiqamətindən Naxçıvanın Sədərək rayonundakı mövqelərə atəş açılır. Bu, Azərbaycan və Ermənistan arasındakı davamlı sülhün reallaşmasına risklər yaradır və genişmiqyaslı hərbi eskalasiya üçün zəmin formalaşdırır.

Arazdəyəndəki metallurgiya zavodu barədə ortaya atılan iddialar isə Ermənistanın ABŞ-nin dəstəyini almaq ideallarına qarmaq atmasıdır. Çünki ABŞ də Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşır, mümkündür ki, İrəvan Vaşinqtonun gözündə risk faktoru kimi Azərbaycanı göstərmək üçün ortaya təzadlı informasiyalar buraxır.

Hələlik sərhədin müxtəlif istiqamətləri üzrə elə də yüksək səviyyəli döyüşlər getmir, hərçənd, Azərbaycan tərəfi Ermənistanın atəş nöqtələrini susdurur, məhv edir. Ancaq bunun miqyası və müddəti genişlənə bilər.

Ümumi mənada Əliyevlə Ərdoğanın Ermənistanın regional “zəlzələ”dəki şkalasını sıfıra endirmək üçün vacib hesab etdikləri Zəngəzur dəhlizi ilə bağlı mesajlarından sonra atəşlərin açılması hərbi eskalasiya riskinin qalmasına dair proqnoz səsləndirməyə imkan verir.

Ən maraqlı məqamlardan biri Ərdoğanın Bakı səfərindən sonra İranın Zəngəzur dəhlizinə yaratdığı problemlər fonunda koridorun əhəmiyyətini “Pekin-London” xətti kimi xarakterizə etməsi idi. Görünür ki, regional mübahisələr qlobal dairənin içərisində şişərək böyüyəcək.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir