“Pələng”in düşərsizliyi, Ukraynadakı müharibə, Azərbaycanın tutduğu yol – Bir ilin yekununa dair
2022-ci ili başa vururuq, Pələng ilində Azərbaycan xarici siyasət prioritetlerini həm situativ hallara uyğun olan taktiki maraqlar, həm də uzunmüddətli strateji hədəflər üçün müəyyənləşdirdi.
Situativ gedişatların labüdlüyü 2022-ci ilin qaynar qazanlardakı suların daşaraq regional təhlükəsizlik mühitini yandırmasından irəli gəlirdi. Məsələn “Pələng”in ilk ayında Qazaxıstanda başlayan iğtişaşlar postsovet məkanı üçün ciddi siqnal idi və Bakı burada maksimal ehtiyatlı davranış sərgiləmək çağırışı ilə üzləşmişdi.
Bütün bunlara baxmayaraq, Azərbaycan xarici siyasət kursunda Qarabağ mövzusunda açıq qalan məsələlərin həllini, Ermənistanla sərhədlərin delimitasiyasını ikinci dərəcəli prioritet elan etmədi və İrəvana qarşı tələblərini daha da sərtləşdirən mərhələyə başladı.
Lakin bəşəriyyətin siyasi sinirinə sərt bir toxunuş da başladı, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, müharibənin gedişatında ağırlaşan döyüşlər, qlobal iqtisadiyyatın bu zəlzələ nəticəsində tektonik dəyişikliklərə məruz qalması Azərbaycanı balanslı siyasətdə daha diqqətli olmağa vadar etdi.
Azərbaycan özünün milli-strateji maraqlarını humanitar prinsiplərlə birləşdirərək Ukraynaya yardımlar edir və bunu elə tərzdə həyata keçirir ki, Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinə xələl gəlməsin. Hərçənd ki, Kreml daxilində Bakının duruşundan xoşlanmayan qüvvələr də az deyil.
Qlobal dövranın Ukraynadakı şiddətli döyüşlər səbəbindən dünya müharibəsi təhlükəsi istiqamətinə yuvarlanması təhlükəsi Rusiyanın öz rəqiblərinə başqa regionlarda da diş göstərməsinə gətirib çıxarır.
Rusiya ilə Qərbin maraqlarının toqquşan maraqları yüz illər boyunca taleyin xoş üzünü görməyən, bəxtinə başıbəlalı güzəran yazılmış Cənubi Qafqaza da sirayət edir, Ukraynadakı müharibənin başlanğıcından sonra isə Moskva və ABŞ arasında kəskinləşən gərginlik Azərbaycan-Ermənistan sülh gündəliyinə də təsirsiz ötüşmədi.
Ukraynadakı müharibə Qərb üçün bir yoxlama idi və Rusiyanın hansı regionda problemlər yarada bilmək potensialını ölçmək üçün barometr oldu, ona görə də ABŞ, Avropa İttifaqı həm açıq, həm də gizli təmaslarla Moskvanın Cənubi Qafqazdakı rıçaqlarını əlindən almaq istədilər.
Ancaq Rusiyanın region üzərindəki dərinə işləmiş tarixi, siyasi və hərbi ambisiyalarını kökündən baltalamaq elə də asan məsələ deyil, hərçənd ki, Qərb bir nöqtədə Bakı-İrəvan gündəminin tənzimlənməsində təşəbbüskarlıqda önə çıxmağı bacardı.
ABŞ bunu Avropa İttifaqı vasitəsi ilə reallaşdırırdı, lakin İttifaqın moderatorluğu elə Moskvanın özünə də dəhşətli ziyan vura biləcək limitdə deyildi.
Ancaq bir nöqtədən sonra Moskva limitlərin keçəcəyini başa düşərək və prosesdə ABŞ-nin gizli əlinin regionda qüvvələr nisbətini dəyişə bilmək imkanını dərk edərək yenidən təşəbbüskarlığı ələ almağı bacardı.
Açıq-gizli çəkişmələr, nəhənglərin Cənubi Qafqaz meydanında baş-başa gəlməsi Azərbaycanı qorxutmadı və Bakı istər 10 Noyabr Bəyanatının müddəalarının, istərsə də sərhədlərə dair planların icra edilməsi üçün hərbi tədbirlərə əl atmaqdan belə çəkinmədi.
Bu mənada 2022-ci ildə Qarabağda iki antiterror əməliyyatı keçirildi, nəticədə Fərrux yüksəkliyi, Fərrux kəndi, Qırxqız və Sarıbaba yüksəkliklərinə nəzarət bərpa edildi.
Azərbaycan 10 Noyabr Bəyanatına uyğun olaraq Laçın şəhərinə, Zabux və Sus kəndlərinə nəzarəti bərpa etdi və sərhədin Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində Ermənistanın təxribatlarına cavab olaraq genişmiqyaslı hərbi əməliyyatlar keçirdi.
Bakı bunlarla həm Qarabağdakı qanunsuz silahlı erməni dəstələrinin çıxarılması üçün əlindən gələni edəcəyini, həm də sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizlik məsələsində nə qədər israrlı olduğunu bəyan etdi.
Bu ən çox Ermənistanı, Fransanı və İranı narahat etdi, bəlkə də, Tehranın Bakıya qarşı ritorikasını sərtləşdirməsi İrəvanın himayədarı Fransanın da maraqlarına cavab verirdi.
2022-ci ili Azərbaycan-İran münasibətlərindəki gərginliyin pik həddə çatması müşayiət etdi, Tehran aşkar şəkildə regional sülh üçün əngəl olduğunu göstərən addımlara gedərək Araz çayı boyunca genişmiqyaslı təlimlər fonunda Bakıya hədələr yağdırdı.
Daxilindəki çürükləri kəsib atmaq əvəzinə, xarici düşmən axtarışında olan İran Azərbaycana meydan oxumağın əbəs olduğunu özü də gördü.
Birincisi, Bakı hər hansı təhdid qarşısında əyilən deyil və qamətini dik saxlayaraq, müdafiə qalxanını qaldırıb adekvat cavab vermək gücünə sahibdir.
İkincisi, Türkiyə ilə yanaşı, istər İsrail, istər Qərb, istər Rusiya Azərbaycanın yanında dayandılar, yəni Tehran cürət edib hər hansı ərazi müdaxiləsi həyata keçirmək potensialına malik deyildi.
Tehranın Bakıya qarşı əzələ nümayişinə Azərbaycan iki hərbi, bir siyasi mesajla cavab verdi:
1. Azərbaycan İranla sərhəddə hərbi təlim keçirdi, bunun ardınca isə Azərbaycan-Türkiyə birgə təlimi gəldi;
2. Azərbaycan İsraildə səfirlik açmaq qərarını verdi.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına cəhdlərin edildiyi bir zamanda kimlərin buna maneə yaratdığı və kimlərin bunu dəstəklədiyi açıq göründü – ən azından, İranın timsalında müşahidə qabiliyyətimiz daha da itiləndi.
Pələng ili Ukraynanın bəxtinə qara yazıldı, indinin özündə belə, postsovet məkanına neqativ təsirlər göstərir, lakin Azərbaycanın xarici siyasəti, bu siyasətin Qarabağ və Şərqi Zəngəzurdakı nəticələri, ümumilikdə Cənubi Qafqaza müsbət təzahürləri fonunda Qərbdən də Bakıya dəstəklər artır. Fransanı çıxmaq şərtilə Avropa İttifaqı və ABŞ-nin Azərbaycan haqqında qərəzli görünən, üzdə olan bəyanatları isə Bakı ilə münasibətlərin ruhuna xələl gətirmək qabiliyyətində deyil.
Çünki Qərb Azərbaycanın enerji resurslarının cazibəsindədir, üstəgəl Bakının strateji tərəfdaşı Böyük Britaniya Azərbaycana qarşı hər hansı nəticə əsaslı ciddi fəaliyyətə başlanılmasına icazə verməz.
2022-ci il dekabrın 12-də Şuşa-Xankəndi yolunda başlayan və bu günə qədər davam edən aksiyalarla Azərbaycan dövləti və xalqı təbii sərvətlərinin qanunsuz istismarına yol verməyəcəyini birlikdə nümayiş etdirir. Ancaq Bakı əleyhinə kəskin mövqedə dayanan Rusiyadan çox, Fransadır, bu mənada 2023-cü ildə Azərbaycan Fransa ilə əlaqələrini yenidən nəzərdən keçirməyə gedə bilər.
Azərbaycanın 2022-ci ildəki nailiyyətləri 2023-cü ildə öz təsirlərini daha aydın şəkildə göstərə bilər, ən azından, nəzərə alaq ki, Prezident İlham Əliyev artıq Qərbi Azərbaycana qayıdış proqramının hazırlanması ilə bağlı tapşırıqlar verib.
2023-cü il Azərbaycan Ermənistana təzyiqlərini artıran məzmuna yeni forma və ölçü verə bilər.
2022-ci ildə Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyət dairəsinin genişlənməsinə, ölkənin Çinlə münasibətlərinin inkişafına təkan verən addımlar da atdı və gələcəkdə də bu addımını Türkiyə ilə strateji maraqlar kontekstində nəzərə alacaq.
Aqşin Kərimovkafkassam