KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Aqşin Kərimov: Rusiyada çevriliş cəhdi: Proses hara aparır?

Aqşin Kərimov: Rusiyada çevriliş cəhdi: Proses hara aparır?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
202 0

Rusiya-Ukrayna müharibəsinin Kremlin daxilində yaratdığı hərbi-siyasi çatlar “Vaqner” özəl hərbi şirkətinin çevriliş etmək cəhdləri ilə aydın şəkildə üzə çıxır.

“Vaqner”in rəhbəri Yevgeni Priqojin, onsuz da, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova qarşı qəzəbini gizlətməyib.

Ukraynadakı müharibədə Rusiyanın taktiki məğlubiyyətlərini kompensasiya edən “Vaqner” Priqojinə daha böyük səlahiyyət və vəzifə üçün yollar açmağa şərait yaratdı.

Qısası, yaranan vəziyyət Priqojini ruhlandırır, siyasi hakimiyyətə qarşı cəsarətləndirir. Onun Rusiya elitasındakı avtoriteti Rusiya Müdafiə Nazirliyində rəhbər dəyişikliyinə məcbur etmək üçün qiyama zəmin hazırlayan faktorlardan birinə çevrilib.

Kim bilir, bəlkə də, Priqojinin hakimiyyətdəki rəsmi təmsilçilik qazanmaq uğrundakı iddiaları daha böyük ambisiyalara dayanır, məsələn, ola bilsin ki, Priqojin ümumilikdə Rusiya Prezidenti Vladimir Putini devirib onun kreslosunda əyləşməyi özü üçün uyğun sayır.

Priqojin əsəbidir, necə deyərlər, gözünü qan tutub, onun Çeçenistan rəhbəri Ramzan Kadırovla da sarsıntılı münasibətləri mövcuddur, indi “Vaqner” rəhbəri silahlı üsyan etməklə mümkün hədəflərdən biri kimi Kadırovu qisas əməliyyatının qurbanı seçir.

Hələlik ordu ilə “Vaqner” arasındakı qarşıdurmanın əsl nəticələri qeyri-müəyyən olaraq qalır, Priqojinlə Müdafiə Nazirliyi hərəsi öz arşını ilə prosesləri istədikləri oxa doğru çəkməyə çalışır.

Baş verənlərin işığında Rusiyanın hərbi rəhbərliyinin, yoxsa “Vaqner”in Rusiyanın maraqları üçün şəri təcəssüm etdirdiyi haqqında aydın fikirlər yaranmır. Ancaq Putinin xalqa müraciətində keçmiş dostu Priqojinə xəyanətkar damğası vurması bir çox mətləblərin üstünü açır.

Putinin çıxışı zamanı əsəbiliyi, gərginliyi üz mimikalarından tutmuş səs tonunda, ümumilikdə ritorikasında aşkar şəkildə sezilirdi, hərçənd, hələ də dəqiq deyil ki, Priqojin Putinə qarşı müqavimət oxu yaradır, yoxsa əsas məqsədi Şoyqu-Gerasimov tandemini zərərsizləşdirməkdir.

Hər halda, Putin “Vaqner”in silahlarını Moskvaya tuşlamasını daxili təlatüm kimi qiymətləndirərək ona qarşı lazımi tədbirlər görüləcəyini açıqlayır.

Rusiyanın hakimiyyətdə rəsmi təmsilçilik hüququ olan hərbi-siyasi elitasında da parçalanma olduğu danılmazdır.

Hətta mümkündür ki, Rusiya ordusundakı bir qrup Priqojinə təlimatlar verərək onu yönləndirir və nəticə əldə edilərsə, idarəetmədəki bölgüdə ona müstəsna səlahiyyətlər tanıyacaq vədlər verir. Ordudakı bəzi birləşmələrin “Vaqner”in tərəfinə keçmək məlumatları həmin fikri gücləndirəcək xüsusiyyətlərə malikdir.

Putinin açıqlamasındakı notlar hakimiyyət daxilindəki çəkişən tərəflərdə “Vaqner”i dəstəkləyənlər üçün siqnaldır, görünür ki, Rusiya lideri rəqabətin ortasında öz kürsüsünü itirəcəyi həyəcanına qapılıb.

Rusiya hərbi-siyasi üfüqlərindəki faktiki vəziyyət vətəndaş müharibəsi təhlükəsi yaradan “dəlilik” əlamətlərini göstərir. “Dəlilik” Moskvanın Ukraynadakı maksimalist məqsədlərinə xələl gətirir, Kiyevin əks-hücum əməliyyatlarının sürətlənməsinə şərait yaradır, Rusiyanın cəbhə xəttindəki müdafiə qüvvələrini parçalayıb bölməyə zəmin verir.

İndi Putinin əlinə fürsət düşüb ki, hakimiyyət daxilindəki rəqiblərinə qarşı təmizləmə əməliyyatına başlasın, hakimiyyətini möhkəmləndirmək üçün yeni-yeni rıçaqlar əldə etsin və Rusiya xalqını vahid imperiya məqsədləri ətrafında toplamaq üçün fikirlərində inandırıcılıq gücünü artırsın.

Putin “Vaqner”i xəyanətkar kimi xarakterizə etdikdən sonra proseslərdən qalib çıxsa, ehtimal ki, Priqojinin Qərbin təlimatlarını yerinə yetirdiyi barədə tezislər hazırlanaraq dövriyyəyə salınacaq.

Hərçənd, Priqojinin qalibiyyət əmsalının çətin olacağını proqnozlaşdırmaq mümkündür, çünki Putin əlindəki səlahiyyətləri belə, aşaraq ən sərt üsullar tətbiq etmək əmrini verə biləcək şəxsdir.

Ancaq Kreml daxili çevrilişə “hamilə” buraxılmağa hazırlanır, Putinlə şəxsi əlaqələri sayəsində zənginləşən Priqojini Putin ələ keçirsə, bağışlamayacaq, çünki Rusiya lideri ən ağır cəzaları özünün xəyanətkar gördüyü şəxslərə qarşı kəsir.

Putin qələbə qazansa, “Vaqner”i söküb yenidən yığacaq, yox, əgər Priqojin hədəfinə çatsa, onunla sövdələşmədən qaçmayacaq.

Hadisələri Qərb diqqətlə və həssaslıqla izləyir, Rusiya daxilindəki çaxnaşmaların regional konfiqurasiyaya təsirlərini ölçür və elə bir ssenari hazırlayır ki, Kremldəki “atışma”lar Moskvanın regional ambisiyalarını söndürsün.

Priqojin Qərb üçün ələ düşən ən yaxşı fürsətdir, görünür ki, o, Rusiyadakı çevriliş cəhdini Moskva-NATO danışıqlarının predmetində özünün əlini gücləndirən faktor kimi nəzərdən keçirir.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir