Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfansında Ukrayna ilə bağlı Moskvanın yanaşmalarını təkrar etdi və verdiyi qərarlara sistemli haqq qazandırmaq hekayələrini davam etdirdi.
Putin Rusiyanın Ukraynada nail olduğu ərazi uduşları çərçivəsindəki tələblərə əsaslanaraq Kiyevlə sülh danışıqlarının mümkünlüyünü vurğulayır. Bir sözlə, Putin Ukraynanın demilitarizasiyası və neytrallığı da daxil olmaqla Rusiyanın iddialarını təkrarlamaqla Moskvanın maksimalist ideallardan çəkinmədiyini ortaya qoyur.
Putin bu idealların özünü doğruldacağına Qərbi inandırmaq üçün “Oreşnik” raketinin eksklüzivliyindən danışır və beləliklə hərb meydanında NATO-nun Ukraynaya dəstəyinin mənasız olduğu fikirlərini tirajlayır.
Beləliklə, Putin Ukraynanı tam təslim olmağa səsləyir. O, “Oreşnik”i Qərb silahları ilə “duel səhnəsindəki üstünlüklərlə” xarakterizə etməklə, Rusiyanın qalib gələcəyi, Ukrayna və Qərbin qətiyyətini geridə qoyduğu rəvayətlərini genişləndirir.
Prinsip etibarı ilə, Rusiya liderinin bəyanatlarında Ukrayna ilə bağlı yeganə yeni təzahür “Oreşnik”in gücünü təbliğ etməkdən ibarət oldu. Digər mövqelər isə əvvəlki fikirlərin və təbliğatın məzmunca davamı idi.
Putinin mətbuat konfransında başqa yeniliklər isə Suriyada Rusiya-İsrail gizli əlaqələrinə eyhamlar vurmaq idi. Onun İsraili prosesdən ən üstün mövqeli dövlət kimi çıxmasını əsaslandırması bu baxımdan təsadüf sayılmır.
Bununla Putin Türkiyənin aşkar üstünlüklərini gözardı edərək Rusiyanın Suriyada geosiyasi itkilər vermədiyini əsaslandırmağa çalışır, sonrakı proseslərdə İsraillə əməkdaşlıq konturlarını cızmış olur.
Putinin İran qoşunlarını Bəşər Əsəd rejimini müdafiə edə bilməməkdə diplomatik mətnlə ittiham etməsi də mümkün Rusiya-İsrail sövdələşmə səyləri üçün cədvəl hazırlamaq planıdır.
Çünki faktiki olaraq Suriyada Rusiya-İran müttəfiqlik xətti dağıldı və indi Moskva Suriyadakı nizamlama çərçivələrinə daha çox İsraillə danışıqlar aparmaqla nüfuz etməyə həvəslənir.
Buna digər sətiraltı sübut kimi Putinin kürd xalqının öz müqəddəratını təyin etmək hüququndan böyük bir şövqlə danışmasını göstərə bilərik.
Rusiyanın kürd silahlı qrupları ilə əməkdaşlıqdan uzaqlaşması Suriya münaqişəsinin ilkin mərhələlərində hiss edilmişdi. Bununla belə, Rusiya Türkiyənin PKK-nın Suriya daxilindəki törəmələr olduğuna dair fikirlərini də bölüşmürdü.
Düzdür, PKK ümumilikdə kürdlərin hər birini təmsil etmir, lakin Putin kürdləri gələcək döyüşə hazır qruplar kimi “Suriyadakı vəziyyətin real amili” olduğunu vurğulamış olur.
Deməli, Rusiya kürd amilinə aydın bir hərəkətlə proyeksiya etməyi optimal variant kimi nəzərdən keçirir. Bununla Kreml regionda əhəmiyyətli və təsirli tərəf olmağı hədəfləyir.
Ona görə də, Rusiyanın həm Suriya hakimiyyətinin formalaşmasında, həm ölkədəki nüfuz dairələrinin bölünməsi prinsiplərində maraqlı olan tərəflərin ziddiyyətləri üzərində kürd faktoru ilə oynamaq səylərini proqnozlaşdıra bilərik.
Ehtimal ki, Rusiya, kürdlərin dövlət qurmaq ambisiyalarını açıq şəkildə dəstəkləyən planın hazırlanması zərurətlərini hiss edir,
Bununla yanaşı, İsraillə perspektiv razılıqların konseptual hazırlıqlarını kürdlər üzərindən qurur, çünki Təl-Əvivlə Moskvanın bu istiqamətdəki prioritetləri oxşar cəhətlərə malikdir.
Aqşin Kərimov