1. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri iki dövlətin maraqlarının Cənubi Qafqaz regionunda perspektivdə necə yerləşdirilməsi ilə əlaqədar şəkildə təhlil edilə bilər.
2. Putin Ukraynanın Rusiya ərazilərinə hərbi müdaxiləsi fonunda ölkəsinin Ukraynada apardığı hərbi kampaniyanın zəiflədilməməsinə nail olmağa çalışır.
3. Hələlik nə Rusiyanın, nə də Ukraynanın apardığı hərbi əməliyyatlar özlüyündə müharibədə qalib gələcək həlledici istiqamətdə inkişaf edir:
– Ancaq Rusiya Ukraynada itirə biləcəyi aktivlərini fərqli regionlar hesabına kompensasiya etmək planlarına girişib,
– Bu mənada Putinin Azərbaycana səfərini ümumilikdə Rusiyanın strateji məqsədlərə nail ola bilmək gözləntiləri fonunda siyasi əməliyyat kimi qiymətləndirilə bilər.
4. Cənubi Qafqazda aktorların iştirak səviyyəsi genişlənib, regionda Rusiyanın sıxışdırılması prosesindən tutmuş, Yaxın Şərqdə baş verən tektonik hərəkətlərin təsirlərinə qədər böyük miqyaslı geosiyasi qaydalar müəyyənləşdirilir:
– Yəni Putinin Bakı proqramı Yaxın Şərq bölgəsinin qaynar qazana düşməsi, Cənubi Qafqazın bundan ala biləcəyi “nəsiblər”, Qərbin Cənubi Qafqazdan sonra Mərkəzi Asiyada Rusiyanı sıxışdıracaq tendensiyalara başlayacağı ilə əlaqədar şəkildə müzakirə oluna bilər.
5. Putin Rusiyanın üzləşdiyi boşluqları doldurmaq üçün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Moskvanın etibarlı moderatorluq statusuna İlham Əliyevi inandırmağı da qarşısına məqsəd qoyub:
– Bu, Azərbaycanın Ermənistanla əlaqələrdəki istiqamətlərin xarakterinə böyük ölçüdə təsir edir,
– İrəvanın Putinin səfəri ərəfəsində və hətta Putin Bakıda olarkən sərhəddə törətdiyi təxribatlar Bakı üçün geosiyasi siqnallardır.
6. Azərbaycanın maraqlarındakı Türkiyə ilə strateji müttəfiqlik müstəvisi də Putin üçün diqqətəalınası məqamdır. Buna görə də, Prezident İlham Əliyevlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Putinin səfərindən öncəki telefon danışıqlarının dərin qatlarında Rusiya amilinin də qabardığını deyə bilərik:
– Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli formatda özlərini Ermənistanın poliqon olmasının və İrəvanın təxribatlarının yarada biləcəyi geosiyasi nəticələrə kökləməkdə maraqlıdırlar,
– Bu cəhətdən Azərbaycanın İranla da fikir ayrılıqlarının həll etməsi vacib xətt kimi önə çıxır.
7. Putinin müzakirə masasına daşıyacağı başqa məsələ Rusiyanın Qarabağda konsulluq açmaq arzularının ifadəsi şəklində ortaya çıxa bilər:
– Rusiya bununla işğaldan azad edilmiş ərazilər üzrə diplomatik və siyasi aktivlər əldə etməyə çalışır,
– Lakin konsulluq mövzusu daha çox simvolikdir,
– Qarabağda Rusiya konsulluğunun açılmasında Rusiyanın fərqli bir məqsədi də ola bilər, bu, həmin ərazilərdəki demoqrafik tərkibdə rusların da iştirakına işarə verən niyyətin ifadə forması kimi başa düşülür.
8. Azərbaycan regionda özünün iştirak etdiyi teatrlar boyunca təşəbbüsləri ələ almağı bacarıb.