KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Aqşin Kərimov: Putin niyə “Qarabağın statusunu Ermənistan müəyyən edib” dedi?

Aqşin Kərimov: Putin niyə “Qarabağın statusunu Ermənistan müəyyən edib” dedi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
154 0

Rusiya Prezidenti Vladimir Putinin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan bəyanatı diqqət çəkir.

Rusiya lideri deyib:

“Əgər İrəvan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırsa, onda söhbət nədən gedir? Bütün məsələlərin əsas məğzi budur: Qarabağın statusunu Ermənistanın özü müəyyən edib”.

Putinin bəyanatı Rusiya-Ermənistan gərginliyinin yüksəldiyi, Moskvanın Ağdam-Xankəndi yolu ilə Qarabağa ərzaq yükü ilə dolu TIR göndərməsi fonunda parlaqlaşır.

Rusiya liderinin dilindən çıxan sözlər geniş regional miqyasda onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün nəticəsi kimi nəzərəçarpacaq dərəcədə əhəmiyyətlidir.

Putinin Azərbaycana dəstək ifadə edən bəyanatının alt qatında Rusiyanın üzləşdiyi geosiyasi riskləri Bakı-Ankara müttəfiqliyi hesabına kompensasiya etməyə girişmək cəhdi dayanır.

Kremlə görə, itkiləri bərpa edə biləcək alternativlərdən biri də Azərbaycan-İran yaxınlaşmasının təmin olunmasıdır, bu, xüsusilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətin işığında lazımlıdır.

Amma Rusiya üçün Ermənistan bitmiş sayılır, ən azından, ona görə ki, Kremlin portfelində İrəvanın çəki itirməsi Moskvanın geniş ambisiyaları ilə əlaqəlidir.

Rusiya mövqeyinin Türkiyə ilə üst-üstə düşməsi üçün çalışır, Putinin “Qarabağ Azərbaycandır” ekvivalentində bəyanat səsləndirməsi Bakı-Ankara-Moskva üçbucağındakı razılaşmaların motivləri kimi görünür.

Moskva regional təzyiq aparatını üçtərəfli formatda əldə olunmuş razılıqların çərçivəsində islahata məruz qoyaraq Ermənistanı hədəf taxtasına dırmaşdırır.

Bu mənada Putinin Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı “Qarabağı özünüz Azərbaycan ərazisi kimi tanımısınız” tonundakı mesajı Moskvanın İrəvanı cəzalandırmaq ehtirasından xəbər verir. Həm də buna işarədir ki, sən Qərbə tərəf əyilməsən və mən dediyimi etsən, sonrasına baxa bilərik.

İstənilən şəraitdə, Rusiya ilə Ermənistan arasındakı gərginliyin motivləri Azərbaycana fürsət təqdim edir ki, özünün regional strateji yanaşmalarını bərkitsin.

Lakin bu o demək deyil ki, Azərbaycan Rusiyanın regionda başlada biləcəyi genişmiqyaslı toqquşmalarda maraqlıdır, çünki təhlükəsizlik arxitekturasının sarsıdılması Bakıya məqbul sayılmır.

Bu mənada Azərbaycanla Rusiya arasındakı təmaslarda Ermənistanın hansı şəkildə cəza alması mexanizmlərinin formalaşdırılması Moskva-İrəvan gərginliyinin növbəti raundunda daha da aktuallaşır.

Moskva bu mərhələdə Azərbaycanla Ermənistan arasındakı danışıqları dalana dirənmiş kimi təqdim edərək görüş təşkil etməyə cəhd göstərir.

Buna qədər Rusiyanın Qarabağda başqa nələrə hazırlaşdığını da gözardı etmək olmaz, çünki Moskvanın regional siyasətinin kökü dəyişməyib.

İndi Moskva gələcək Azərbaycan-Ermənistan danışıqlarına qədər çalışacaq ki, Azərbaycan hökuməti ilə Qarabağdakı ermənilərin təmaslarında moderator olsun.

Qarabağa Rusiya Qızıl Xaç Cəmiyyətinin yük daşıması həmin mətləbi qeyd etməyə imkan yaradır.

Azərbaycan Rusiya ilə bağlı siyasətinin düzgün kursunu tapmağa çalışır, Bakı üçün bu elə şəkildə olmalıdır ki, Qərbin Azərbaycanın təhlükəsizliyi ilə bağlı bəzi konstruktiv meyillərini dağıtmasın.

Hər halda, Putinin bəyanatından sonra Ermənistan sərhədlərindəki hərəkətliliyi yüksək həyəcana səbəb olacaq səviyyədə hiss etməyə başlayacaq.

Bu müddətdə Paşinyanın Rusiya ilə bağlı tövrünü müsbətə doğru dəyişdirə bilməsi ehtimalı təəccüblü variant kimi səslənməməlidir.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir