KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: Növbəti danışıqlara hazırlıq: Rusiya, yoxsa Avropa İttifaqı?

Aqşin Kərimov: Növbəti danışıqlara hazırlıq: Rusiya, yoxsa Avropa İttifaqı?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
211 0

 

Rusiyanın qılıncı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sevgisizliyini hiss edən Ermənistan Avropa İttifaqının monitorinq missiyasına bel bağlayır.

Rusiya KTMT qüvvələrinin regionda mövcudiyyətini istəsə də, Azərbaycanın təkidli reaksiyaları və qurum daxilindəki ölkələrdən dəstək alması hesabına bu reallaşmır.

Həmçinin Azərbaycan Rusiyanı da inandırır ki, KTMT-nin bölgədə peyda olması ziddiyyətləri daha da gücləndirə bilər, çünki bir-birinə əks qütbdə dayanan qüvvələrin üz-üzə dayanması yaxşı bir hal deyil.

Maraqların toqquşması fonu Azərbaycan-Ermənistan münasibətlərindəki problemlərin biryolluq həllini axsadır və ya onun əbədiləşməsinə cəhdləri sürətləndirir.

Danışıqlarda həlledici üstünlük qazanmaq istəyən münsiflər Qərbdə daha çoxdur, Rusiya isə bu məsələdə, demək olar ki, təkdir.

Yəni danışıqların təkbaşına moderatoru və çoxtərəfli vektorla (əsasən, ABŞ və Avropa İttifaqı, gizli oyunçu qismində isə Böyük Britaniya) vasitəçisi qalmaq uğrunda mübarizə gedir.

Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın müzakirələrinin növbəti raundunu təşkil etmək üçün mübarizənin yenidən qızışması diqqət çəkir.

Bir tərəfdən, ABŞ Avropa İttifaqına təkid edir ki, görüş Brüsseldə keçirilsin, digər yandan, aşkar şəkildə özünü mərkəzdə tutur, başqa tərəfdən də Rusiya növbəti danışıqların vasitəçisi olmağa çalışır.

Hələlik Rusiya yenidən təşəbbüsü ələ almış kimi görünür, artıq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əliyev-Paşinyan görüşünün razılaşdırıldığı barədə açıqlama verib.

Azərbaycan-Ermənistan sərhədindəki sonuncu insidentdən sonra Bakı ilə İrəvan arasındakı sülh gündəliyinin proqnozlaşdırıla bilən praqmatik xətlər üzrə davam etməsi çətinləşib. Çətinliyi danışıqların keçiriləcəyi məkanlarla bağlı tərəddüdlər də müşayiət edir.

İndi Azərbaycanda da, Ermənistanda da bu fikir hakimdir – insidentdən sonra ilk görüş Brüsseldə olsun, yoxsa Moskvada?

Azərbaycan üçün məkan seçimi mahiyyət baxımından elə də böyük əhəmiyyət kəsb etmir, çünki bu zamanadək olan görüşlər və onun davamı kimi cərəyan edən proseslərdə Bakı şərtlərinin miqyasını böyüdüb.

Ermənistan isə hər dəfə fərqli bəyanatlar səsləndirir, gah nala, gah mıxa vurur və özünü də, regionun təhlükəsizlik arxitekturasını da qeyri-müəyyənliyə doğru itələyir.
Azərbaycan üçün Rusiya mərkəzli danışıqlar ona görə yaxşıdır ki, 10 Noyabr Bəyanatının icrası ilə bağlı Moskvanı tələsdirsin və yeni şərtlərin formalaşdırılmasını tezləşdirsin.

Brüssel mərkəzli danışıqlarda isə Bakının marağını belə təsvir etmək olar ki, o, texniki və humanitar məsələlərin həlli üçün fərqli baxışlara nəzər salsın.

Ermənistana gəlincə, o fərqli düşüncədədir, belə ki, İrəvan Moskvadan qaçır, ara-sıra Brüssel orbitindən də yayınır, beləcə vaxt qazanmağa çalışır.

Avropa İttifaqı başqasının dili ilə deyil, sırf özünün məntiqindən çıxış edəndə o, sülh müqaviləsinin mümkün imzalanması üçün daha əlverişli mühit yaratmaq, zəruri mexanizmlər formalaşdıra bilər.

Ancaq İttifaq Ermənistana missiya göndərəndən sonra vəziyyət qəlizləşdi, Rusiyanın əsəbləri tarıma çəkildi və regional təhlükəsizlik atmosferi çirklənməyə başladı.

İstənilən vəziyyətdə yaxşı bir haldır ki, danışıqların yolu qapanmayıb. Kanalları açıq tutmaq üçün Rusiya da, Qərb də öz rollarına regionda cərəyan edən proseslər və onun mümkün nəticələri fonunda yenidən baxırlar.

Görünən budur ki, ABŞ ilə Avropa İttifaqı paralel şəkildə Azərbaycan-Ermənistan sülh sazişinin əldə olunmasına vasitəçilik etmək səylərində israrlı olduqları müddətdə Rusiya buna passiv qalmayacaq.

Azərbaycana emosiyalardakı od-alovu soyutmaq lazımdır, çünki regionda fərqli və yeni təhdidlər mövcuddur.

Buna görə də düşünmək olar ki, Azərbaycan Rusiyanın görüş təklifini geri çevirən xəttə getməyəcək və Brüsseldən öncə görüş Kremlin təyin etdiyi məkanda keçiriləcək. Hərçənd ki, Paşinyan bu görüşdən son anda imtina edə bilər.

Avropa İttifaqı Azərbaycanın sərhəddəki mümkün hərbi əməliyyatlarına əngəlləyici faktor kimi qalmaq istəyəcək.

İnandırıcı deyil ki, bu, Brüssel formatından Azərbaycanın tamamilə imtina etməsi həddinə çatsın.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir