KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: Makron NATO-nu parçalayır yoxsa kollektiv müdafiəyə çağırır?

Aqşin Kərimov: Makron NATO-nu parçalayır yoxsa kollektiv müdafiəyə çağırır?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
130 0

Parisdə keçirilən Ukraynaya dəstəklə əlaqədar sammitdən sonra Fransa Prezidenti Emmanuel Makronun bəyanatı rezonans doğurdu.

Cənab Makronun NATO-nun Ukraynaya dəstəyi fonunda Alyansın cəbhə xəttinə qoşun göndərə biləcəyini istisna etməməsi Kremlin sərt reaksiyalarına səbəb oldu.

Hərçənd ki, Qərbin özündə də Makronun bəyanatı birmənalı qarşılanmadı və NATO-nun Ukraynaya qoşun yerləşdirmək planının olmadığı çevik bir şəkildə bəyan edildi.

Makron özü də bilir ki, NATO qoşunlarının Ukraynaya dislokasiya edilməsi Alyansın Rusiya ilə birbaşa qarşıdurma xəttinə girməsidir.

Üstəgəl, Makron Ukraynadakı müharibənin tezliklə bitəcəyinə dair əlamətlərin olmadığını görür və fürsətdən istifadə edərək Fransanı gələcəkdə Avropa İttifaqının jandarmı roluna mindirmək istəyir.

Makronun Avropanın inhisarçı “təhlükəsizlik zəmanəti” olmaq ehtirası ABŞ Konqresinin Ukraynaya yardım paketini təsdiqləməməsi ilə daha da alovlanır.

Ancaq Makron ümumi bir narahatlığı da bölüşür: Rusiya Ukraynada qələbə qazansa, münaqişə Avropanın dərinliklərinə doğru irəliləyəcək və onun qarşısını almaq müşkülə çevriləcək.

Yəqin, Fransanın dövlət zehniyyətli şəxsləri Makrona başa salıblar ki, Rusiyanın Avropadakı kəşfiyyat-agentura şəbəkəsi Ukraynadakı qazanclar fonunda qarşısıalınmaz səviyyədə aktivləşə bilər. Bu ssenari Avropa təhlükəsizliyi üçün kritik məqamı ifadə edir və Makron “heç nəyi istisna etmək olmaz” deməklə qabaqlayıcı tədbirə çağırış edir.

Ancaq Makron NATO-nun Kiyevi dəstəkləmək üçün qoşun göndərmək addımından çəkindiyini də başa düşür. Elə isə sual ortaya çıxır: Makron NATO-da fikir ayrılıqlarını dərinləşdirmək missiyasını yerinə yetirir, yoxsa həqiqətən, praktiki kollektiv müdafiə mexanizmi təşkil edir?

Bu iki suala cavab axtarışları Fransanın məramı ilə əlaqədar bir nöqtəyə aparıb çıxarır. Yəni Paris NATO daxilindəki dərinləşən fikir ayrılıqlarını yönləndirərək kollektiv müdafiə proqramını öz hegemonluğu altına salmağa çalışır.
Yəqin ki, Parisin məqsədi NATO-ya paralel Alyans formalaşdırıb bunu dünya nizamının damarına yeritməkdir.

Yelisey sarayı belə məqsədi ona görə gündəmə gətirə bilər ki, qlobal geosiyasi nüfuz dairəsindəki itkilərini alternativlərlə kompensasiya etsin.

Paris həm ABŞ və Böyük Britaniya, həm də Rusiya tərəfindən həyata keçirilən aktlarla sıxışdırılır. Buna görə də Parisin Rusiya ilə yanaşı, Qərbdən də “qisas” almaq istəyi başadüşüləndir.

Yəni Fransanın təşəbbüsündə “bölücülük əsasında birləşdiricilik” elementləri nəzərə çarpa bilər.

Lakin Parisin istəyi reallaşmaq ərəfəsində olsa belə, onun ümumi olaraq performansı və dayanıqlılığı şübhəli görünəcək.

Çünki Rusiya Avropada alternativ hərbi alyans qurulması planını özünə qarşı qarşıdurma xətti kimi qiymətləndirməyə davam edəcək.

Bu isə Avropada Moskva ilə birbaşa toqquşma qorxusunu artıran məqamdır, ona görə Parisin öndərliyi altında hansısa bir qurumun təsisi az ehtimal olunandır.

Aqşin Kərimov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir