KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Aqşin Kərimov: İran Suriye kazanını niye ısıtıyor

Aqşin Kərimov: İran Suriye kazanını niye ısıtıyor

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
191 0

İran “Suriya qazanı”nı isidir: Bakı-Tehran gərginliyindəki görünməyən tərəf

Prezident İbrahim Rəisi 2011-ci ildən, Suriya münaqişəsi başlayandan bəri bu ölkəyə səfər edən ilk İran dövlət başçısı oldu.

Bununla da İran Suriyada cəbhəsini genişlətmək istədiyini bəyan edir və bunu regional aktivlərini artırmaq üçün istifadəyə yönəldir.

Tehranın Yaxın Şərqdəki ən yaxın müttəfiqi və mühafizə etdiyi Bəşər Əsəd də İrana aparıcı rol verməyə çalışmaqla ona vəfa borcunu yerinə yetirir.

İran-Suriya münasibətlərində dönüş nöqtəsi regional palitraya genişmiqyaslı təsirlər göstərə bilər. Rəisinin səfəri zamanı iki dövlət arasında imzalanan sənədlərin aspektləri Suriyadakı digər oyunçuları, əsasən də Türkiyə, ABŞ və İsraili prosesləri xüsusi diqqətlə izləməyə vadar edir.

İran Suriyada ABŞ, İsrail və Türkiyənin təsirlərini daraltmaq üçün müttəfiqlik etdiyi Rusiyaya və proksi qüvvələrinə arxalanır, ancaq Tehranın prosesdə ipləri əlinə alması çətindir.

Çünki nə Türkiyə, nə də ABŞ Suriyada yaratdığı nüfuz çevrəsini İrana güzəştə gedəndir. Hərçənd ki, Tehran indi Suriya hakimiyyətinin nəzarətindən kənar ərazilərin xəritəsini dəyişməkdə israrlı görünür.

İranın özünün nəzarətində olmadığı ərazilərə keçid üçün tezislərini Suriya ilə imzaladığı “Uzunmüddətli strateji əməkdaşlıq haqqında” anlaşma memorandumunda axtarmaq mümkündür. İran bununla Suriyanın neft, aviasiya, dəmiryol və kənd təsərrüfatı da daxil olmaqla geniş spektrinə nüfuz etməyi planlaşdırır.

Ancaq İran Suriyada təkdir, hətta müttəfiqi Rusiya ara-sıra Tehranın maraqlarını Türkiyə və İsrailə qurban verməyə hazırdır – təki Moskva Ankara və Təl-Əvivlə regionda toqquşmasın.

İran indi Yaxın Şərqdə siyasi komponentlərini bərkidən Çinlə əməkdaşlıq sferasında oyun qurmaq istəyir, ancaq uzunmüddətli perspektivdə Pekin-Tehran əlaqələrinin regional cəbhəsi uğur qazanmaya bilər.

Burada Çinin vasitəçiliyi ilə İran və Səudiyyə Ərəbistanının münasibətlərinin normallaşmasına da fikir vermək lazımdır.

Rusiyadan əhəmiyyətli dəstək ala bilməyən Tehran Suriyada İran-Çin-Səudiyyə Ərəbistanı üçbucağında cəbhə formalaşdıraraq bunu rəqiblərinə qarşı müqavimət çarxı kimi fırlatmağı hədəfləyir.

Rəisinin Suriyada İsrailə qarşı müqavimət qüvvələrini birləşdirmək çağırışı Səudiyyə Ərəbistanı və Çindən dəstək almaq məqsədlərinə xidmət edirmiş kimi səslənir.

Lakin bu dəstək olsa belə, bu, Suriyadakı cəbhə xətlərini dəyişdirmək səviyyəsinə qalxa bilməz.
İranın Suriya siyasətinin prioritetləri öz daxilindəki iqtisadi çətinlikləri yüngülləşdirmək məqsədi də daşıyır, ikitərəfli əlaqələri möhkəmləndirən sənədlərin iqtisadi komponentləri belə deməyə əsas verir.

Ümumilikdə komponentləri birləşdirəndə belə fikir ağla gəlir:

İran müqavimət oxundan Yaxın Şərqdən Cənubi Qafqaza qədər uzanan coğrafiyada təsirlərini artırmaq üçün istifadə edə bilər.

Burada nəticələr İranın Suriyada rəqiblərinə qarşı gözlənilən mümkün hücumlarından asılı olacaq. Çünki İran-Suriya münasibətlərindəki irəliləməni ABŞ və İsrailə qarşı hərbi ritorik vəziyyət, Türkiyə əleyhinə isə diplomatik-siyasi həmlə kimi qiymətləndirmək mümkündür.

Suriyadakı cəbbəxananın artırılmasına cəhdlər Azərbaycan-İran gərgin münasibətlərindəki ritorik hədlərin perspektivini izah etməyə kömək edə bilər.

Azərbaycanla İran arasındakı risk faktorları, bunun geosiyasi təsirləri Yaxın Şərq və Cənubi Qafqaz arasında bağlantı yaradılmasına gətirib çıxarır.

Təkcə Suriya deyil, Yaxın Şərqin daha bir qanlı gölməçəsi İraqla bağlı gedişatlar da Azərbaycan-İran münasibətlərinin genişmiqyaslı gərginliyi içərisində yer alır.

Çünki Azərbaycan İraq Kürdüstan Regionu ilə əlaqələri itiləşdirir, Türkiyənin regiondakı maraqlarına dəstəklər verir.

Bu İranı narahat edir, ona görə ki, kürd amili üzərindən yürüdülən siyasətin İran üçün acı nəticələri ola bilər. Ona görə də İran rəqib kimi baxdığı ölkələrin iki cəbhədə – Yaxın Şərq və Cənubi Qafqazda – işini çətinə salmaq istəyəcək.

Qərb bu hadisələrə diqqətlə yanaşmalıdır, əgər İranın nüvə ambisiyaları fonunda regional maraqlarını böyütməsi onu narahat edirsə, Azərbaycan və Türkiyəyə dəstək vermək məcburiyyətini hiss edəcək.

Aqşin Kərimov, kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir