KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Aqşin Kərimov: İran İsrailə qarşı “qisas” qışqırsa da, müharibədən qorxur: Beş səbəb

Aqşin Kərimov: İran İsrailə qarşı “qisas” qışqırsa da, müharibədən qorxur: Beş səbəb

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
103 0

İsrailin Dəməşqdə yerləşən İran konsulluğuna qarşı əməliyyatı iki dövlət arasındakı birbaşa mübarizəni tətikləyir.

İran yeddi SEPAH əməkdaşının həlak olduğu hərbi əməliyyatlara görə İsrailə qarşı qisas vəd edir. Həmin vədlər İranın cari strategiyasının kritik tərkib hissəsi kimi görünür.

Yəni İran bu dəfə regional münaqişələrdə artıq vəkil qüvvələri ilə deyil, daha çox birbaşa iştirak etməyi öhdəlik kimi nümayiş etdirir.

Bir sözlə, İsraillə İranın bir-birinə qarşı çoxdankı strategiyaları dəyişməyib. İranın “qisas əməliyyatları”nı həyata keçirmək çətinləşsə də, o, bunun öhdəsindən gəlmək üçün əlindən gələni edəcək.

Hələlik İranın İsrailin diplomatik korpuslarına qarşı intensivləşə biləcək mümkün aqressiv əməliyyatları Tehranın gündəmində ağırlıq təşkil edir.

Bunu İranın ali dini rəhbəri Seyid Əli Xameneinin hərbi müşaviri general Yəhya Rəhim Səfəvinin dilindən səslənən təhdidlərdə aşkar şəkildə görmək mümkündür.

Bununla belə, İran özü də daxil olmaqla, onun regiondakı proksi qrupları, rejimin daxili tərəfdarları İsrailə qarşı genişmiqyaslı əməliyyatlarda tərəddüd içərisindədirlər.

Hərçənd, SEPAH və onun media orqanları İsrailə qarşı müharibə və çevik reaksiya üçün səslərini ucaldırlar, amma İranda konkret ölçülü bir yanaşmanın tərəfdarı olanlar da az deyil.

Onlar İsrailə qarşı zərbələrin İranı birbaşa münaqişəyə sürükləmək üçün tələ ola biləcəyi barədə xəbərdarlıq edirlər. İranın bu istiqamətdəki ümumi narahatlıqlarını beş izahda göstərə bilərik.

Birincisi, İran İsraillə birbaşa münaqişəyə girməkdən yayınır və regional eskalasiyaya girə bilmək qorxusunu yaşayır.

İkincisi, İran İsrailin kritik infrastrukturlarına qarşı hər hansı effektiv zərbələr endirə bilmir.

Üçüncüsü, İsrail ötən ilin dekabr ayından bəri 18 yüksəkrütbəli SEPAH zabitinin ölümünə səbəb olub ki, bu tendensiya İslam Respublikasını çaşqınlıqlara salır.

Dördüncüsü, İranda daxili vəziyyət stabil deyil, həm saray intriqaları, həm də ölkədə tüğyan edən iqtisadi-sosial problemlər Tehranı ehtiyatlı mövqeyə dəvət edir.

Beşincisi, Tehranın qisası üçün digər mühüm maneə – İranın qeyri-məhsuldar kəşfiyyat məlumatları fonunda İsrailin Yaxın Şərqdəki hərəkətlərinin yüksəlməsidir.

Hərçənd, İran da Yaxın Şərqdə himayəsində olan qeyri-dövlət aktorları vasitəsilə İsrailin hücum və müdafiə qabiliyyətini zəiflətmək əməliyyatlarına başlamağı hədəfləməmiş deyil.

İranın bu məqsədlə Yaxın Şərqdə hər tərəfdən topladığı qüvvələr silsiləsi İsrail üçün ciddi siqnal sayıla bilər.

Lakin məsələ burasındadır ki, İsrail öz müdafiəsini təmin edəcək güclü kəşfiyyat məlumatlarına sahib olmaq bacarığını əlində saxlayır.

Düzdür, HƏMAS-ın İsrailə hücumundan sonra İsrailin kəşfiyyat orqanları ilə əlaqədar bəzi miflər dağılsa da, ümumilikdə Təl-Əvivin rəqibi qarşısında böyük üstünlüklərə malik olduğu şübhəli görünmür.

PROQNOZLAR

İranın Yaxın Şərqdəki maraqları süquta uğramayacaq, amma o, İsrailin nüfuz dairəsində olan arenalarda fəaliyyət göstərməkdə çətinlik çəkməyə davam edəcək.

İran qisas üçün uyğun hədəf tapmaq səylərini davam etdirəcək. İsrailin isə İrana daha böyük zərbələr endirmək üçün yeni qiymətləndirmələri əməli müstəvidə icra oluna bilər.

Aqşin Kərimov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir