KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Aqşin Kərimov: İki Putin var (idi)…

Aqşin Kərimov: İki Putin var (idi)…

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
21 0

Rusiya-Ukrayna müharibəsinin gedişatında Rusiyanın öz qoşunlarını Kiyev vilayətindən çəkməsi və Vladimir Putin-Volodimir Zelenskinin Türkiyədə görüşünün keçiriləcəyi ehtimallarının artdığı zamanda Qərb mətbuatı köhnə mövzuya müraciət edib.

Prinsipcə köhnə, kəmiyyətcə gündəmə uyğunlaşdırılan mövzu bundan ibarədir ki, Rusiya Prezidenti Vladimir Putinin oxşarı mövcuddur.

Ukrayna müharibəsi fonunda ortaya atılan həmin iddianın həqiqət tutumuna dair fikirlərimizi açıqlamamışdan öncə, bu informasiyanın hansı nəticələrə hesablandığını qeyd etməyə çalışaq.

Nəzərə alaq ki, bu tip informasiyalar Qərbin yüksək səviyyəli və dünya mətbuatında elitar mətbuat orqanları vasitəsilə deyil, ikinci, üçüncü dərəcəli media resursları vasitəsilə dövriyyəyə buraxılır.
Qərb kəşfiyyatı həmişə Rusiya ilə informasiya müharibəsini ön plana çıxarır, bu tezislər Ukrayna müharibəsi fonunda yeni tələblər və tapşırıqlar ortaya qoyur.

Qərb bu sahədə Rusiyadan qat-qat üstündür və Rusiyanın təbliğat-kəşfiyyat resurslarının tirajladığı məlumatlar onların kölgəsində qalır.

Qərb Ukraynadakı müharibədə Rusiyanı sarsıdıcı məğlubiyyətə düçar etməyin formullarını əvvəldən hazırlayıb və bunun istiqamətlərindən biri də, Vladimir Putinin Rusiya ictimai fikrində imicinin zədələnməsi tezisləri təşkil edir.

Açığı “Rusiya xalqının gözündəki Putin” mövzusu üzərində işlənilən propaqanda materialları öz bəhrəsini vermir, əksinə, Ukraynadakı müharibə Putinin Rusiya ictimai-siyasi rəyində reytinqini qaldırıb.

İlk cümləmizdə Putin-Zelenski mümkün görüşü kontekstində Türkiyə amilinə vurğu etməyimiz isə əbəs deyildi, bəli indi Putinin dublyorunun olması haqqında iddiaların bir ucu da rəsmi Ankaranın etibarının sarsılmasına yönəldilən oxdur.

İddianın motivi: Putin sui-qəsdən qorxduğu üçün oxşarından istifadə edir. Bu, həm də o deməkdir ki, Türkiyəyə gələcək şəxs Putin yox, onun oxşarı olacaq, axı sui-qəsd ehtimalından bərk qorxuya düşən biri başqa ölkəyə necə gedər?! Lakin bu, mümkün deyil, çünki birbaşa təmaslarda Putinin oxşarı yox, məhz özü səhnəyə çıxar.

Ən azından beynəlxalq rəydə “saxta Putin” iddiası keyfiyyətcə yeni dəyər qazanır və müxtəlif manipulyativ fikirlərin daim gündəmdə qalması üçün əlavə cığır açır.

Putinin dublyorunun olub-olmamasına gəlincə, nəzərə alaq ki, dünyanın fövqəldövlətlərinin liderlərinin oxşarının olması mümkündür və bu ideya təkcə Putin haqında deyil, digər liderlər haqqında da səslənir.

Liderlərin oxşarlarının olması və zamanla onları dövriyyəyə salması təəccüblü gəlsə də, bu, dövlətlərin adi təhlükəsizlik prosedurudur. Mümkündür ki, bu hal liderlərin kortejlərində də müşahidə edilir, əsl lider bir avtomobildə, oxşarı isə digərində əyləşir və bu, mümkün təxribata qarşı preventiv tədbirdir.

Sırf Putinin özünün isə oxşarı təbii ki, var(idi).

Putinin 2020-ci ilin fevralında TASS agentliyinə verdiyi müsahibədə dublyorunun olmasını etiraf edib.

Putin bildirib ki, Çeçenistan müharibəsi zamanı, terrorizmlə mübarizədə ona dublyorundan istifadə təklif edilsə də, o, bundan imtina edib. Putinin etirafı göstərir ki, Kreml başçısının ən azından keçmişdə oxşarı olub və indi də belə oxşarların mövcudluğu şübhə doğura bilməz.

YEKUN:

Türkiyənin Rusiya ilə də, Ukrayna da isti münasibətləri və sülh danışıqları üçün vasitəçiliyi Qərb siyasi sistemindəku bəzi ölkələri narahat edir.

Çünki onların Rusiyaya baxışı ilə Türkiyəyə baxışı arasında elə kəskin fərq yoxdur, hərçənd ki, Türkiyə NATO üzvüdür.

Aqşin Kərimov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.