KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: HƏMAS-İsrail toqquşması və Cənubi Qafqaz

Aqşin Kərimov: HƏMAS-İsrail toqquşması və Cənubi Qafqaz

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
153 0

HƏMAS-la İsrail arasında genişmiqyaslı toqquşmaların regional bağlarda hansı qırılmalar yaradacağı beynəlxalq gündəmdə ağırlıq təşkil edən mövzular sırasında yer almaqdadır.

Çünki Yaxın Şərqdəki eskalasiya ssenarilərinin yenidən səhnəyə çıxması tək İsrail-Fələstin mübahisəsini əhatə etmir.

Bu hərbi toqquşma strateji zəkalarda optik illüziya ilə reallıq arasındakı fərqləri aşkar şəkildə üzə çıxarıb, digər regionlardakı barıt çəlləklərini də partlatmağa qadirdir.

Bəlkə də çoxları bu məntiqin üzərindən sükutla keçir, amma çox sadə texniki səbəb var: Yaxın Şərqdəki oyunçularla digər bölgələrdəki oyunçular eynidir. Dəyişən sadəcə regionun coğrafi və geostrateji yerləşməsi ilə əlaqəli davranışlardakı texniki fərqliliklərdir.

Yaxın Şərqdəki iki “səssiz” oyunçu

Öncəliklə qeyd etmək yerinə düşər ki, Yaxın Şərqin əsas oyunçuları ABŞ, Böyük Britaniya, Rusiya, İsrail, Türkiyə, Səudiyyə Ərəbistanıdır. Ancaq adıçəkilən dövlətlərin maraqlarının toqquşan və ya birləşən tərəflərindən doğan boşluqlar regionda iki gücü alternativ kimi inkişaf etdirir. Bunun biri Çin, digəri isə Hindistandır.

Özünəməxsus oyunçuluq xarakteri olan bu iki oyunçunun rəqabət dozası bir-birlərinin ayağını çəkən fürsətlər yaratmağa söykənir. Bir-birilə rəqib olan Çin və Hindistan Cənubi Qafqaz orbitinə də daxil olublar, birinci daha geniş maraqlar qurur, ikinci isə regional genişlənməsini Ermənistan faktoru üzərindən həyata keçirir. Çin bu rəqabətdə Hindistandan bir neçə addım öndədir, onun “Bir kəmər, bir yol” beynəlxalq ticari-iqtisadi layihəsinin topdağıtmaz şəbəkə formasını alması Hindistanı alternativlərə baş vurmağa təhrik edir.

İsrail-Fələstin münaqişəsi niyə qızışdı?

Hindistanın belə tutumu ABŞ üçün sərfəlidir. Buna görədir ki, İsrail-Fələstin qarşıdurması başlamamışdan öncə G20 sammitində Hindistanı Körfəz ölkələri və Avropa ilə birləşdirəcək dəhlizin Asiya, Yaxın Şərq və Avropa arasında ticarət əlaqələrini (IMEC layihəsi) genişləndirmək üçün mühüm platforma olacağı barədə razılıq əldə edildi. Bu, daha çox ABŞ-Hindistan birgə beyin məhsuludur, məqsəd Çinin yüksələn maraqları önündə baryerlər formalaşdırıb bunu Pekinə qarşı cəbhə xətti kimi qurmaqdır.

Məhz bu layihənin elanından sonra Yaxın Şərqin yenidən qanlı hadisələrə şahidlik etməsi diqqət çəkməyə bilməzdi. Burada versiyanın nüvəsi o məntiqə köklənir ki, toqquşmalar Çinə sərf edir. Bu mənada ki, məlum toqquşmalar ABŞ ilə Hindistanın Çinə qarşı yaratmaq istədiyi bədxassəli şişləri ilkin etapda aradan qaldırır.

Bu, Çin üçün əməli-nəzəri olaraq dönüş nöqtəsinin rüşeymidir, vəziyyətin belə həddi Cənubi Qafqazdakı regional və beynəlxalq oyunçuların məntiqini itiləməyə imkan verir.

Azərbaycan təhdid kanallarından birini bağladı

Burada diqqətlə vurğu edəcəyimiz nüans hansı oyunçunun hansı supergücün yanında olmasını müəyyən etmək prinsipinə dayanmalıdır.
Bu artıq labirintdir, yeganə strateji müttəfiq Azərbaycanla Türkiyədir, digər əməkdaşlıqlar və sövdələşmələr isə situativ yanaşmaları özündə ehtiva edir. Bu məqam Cənubi Qafqazla əlaqədar oyunçuların paradiqmalarını müəyyən etməkdə hesablama xətaları yarada bilər.
Cənubi Qafqaz regionunda təhdid üçün kanallardan biri bağlanıb, Azərbaycan Qarabağda antiterror tədbirləri həyata keçirərək bölgədə sülh və təhlükəsizliyin strateji aspektlərini təmin etmiş oldu. Ancaq Cənubi Qafqazda digər təhdid qapıları bağlanmayıb, misal üçün Ermənistan və Gürcüstanla əlaqədar olan niyyətlər qabarıqlaşır.

Fransa, İran əsas oyunçuların rəqibi rolunda

HƏMAS-İsrail toqquşmaları fonunda Cənubi Qafqazla Yaxın Şərq vahid məkan kimi qavranılır. Diqqətlə izlənilməlidir ki, Rusiya, ABŞ, Çin və Hindistanın açıq və görünməyən rəqabətlərinin arasında Fransa, İran kimi dövlətlər özlərini hansı nöqtəyə yerləşdirmək istəyəcəklər.
Azərbaycan bu nöqtədə Ermənistana sülh sazişini imzalamaq üçün təzyiqlərini artıra bilər, çünki Bakının nəzərindəki regionda digər oyunçuların ambisiyalarına qalıq imkanlar qapadılmalıdır.

Hərçənd ki, İsrail-Fələstin münaqişəsinin geniş miqyaslara sızması aydın şəkildə bir neçə fazanı göstərir.

Birincisi, bu münaqişə Rusiyanın Ukraynada apardığı hərbi kampaniyadan Qərbin diqqətini yayındırır və Moskva postsovet məkanında təsirlərini genişləndirmək imkanlarını şaxələndirən kanallar arayır.

İkincisi, ABŞ Yaxın Şərqdə Çinin böyüyən maraqları qarşısındakı çətinliklərini Cənubi Qafqazla kompensasiya etmək planlarını aktuallaşdırır.

Üçüncüsü, Çin və Hindistanın Yaxın Şərqlə Cənubi Qafqaz arasında mühüm paralellər təşkil edib, ayrı-ayrılıqda maraqlarını nəhəngləşdirməsi halları müşahidə edilir.

Hadisələrin xronologiyasına diqqət ayırsaq görürük ki, İsrail-Fələstin konfliktinin hərbi fazada davam etməsi İranın Suriya və İraqda aktivliyini artırması ilə nisbi uyğunluq təşkil edir.

Digər bir məqam: bu yaxınlarda Suriya Prezidenti Bəşər Əsəd Çinə səfər etdi. Bu səfərdən sonra, belə demək mümkünsə, Pekinin Suriyaya əli uzandı – Suriya münaqişəsində Çinin oyunçuluq qazanmaq şansı regionda fırtına yaradan amillərdən biridir.
Hadisələrin hansı istiqamətdə inkişaf etməsi İsraillə HƏMAS-ın döyüş meydanındakı nəticələrindən asılı olacaq. Lakin bu nəticəyə gələnə qədər Cənubi Qafqaz sabitlik oxundan bir qədər tərpənə bilər.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir