Prezident İlham Əliyevin Çinə səfəri və Çin Sədri Si Cinpinlə görüşü gözlənilir. “Kaspi” qəzetində Azərbaycam-Çin münasibətləri ilə bağlı analitik məqaləm dərc olunub. Həmin məqalədən bəzi tezisləri təqdim edirəm:
1. Azərbaycanla Çinin bir-birinə uğurlu tərəfdaş kimi yanaşması iki ölkənin maraqlarını geoiqtisadi müstəvidə uyğunlaşdırır. Əsasən də:
– Çin və Azərbaycanın “Bir kəmər, bir yol”, Orta Dəhliz layihələrindəki maraqları strateji tərəfdaşlığı iqtisadi-ticari imkanlar və qarşılıqlı investisiyalar üzərində cəmləyir,
– Çin, Mərkəzi Asiya və Azərbaycan indi Orta Dəhlizin “Bir kəmər, bir yol” layihəsində rolunu artırmaq üçün daha yaxından işləyirlər ki, bu da daha səmərəli ticarət marşrutlarını inkişaf etdirməkdir,
– Bu, Çinin Azərbaycanın strateji proyekti olan Zəngəzur dəhlizi layihəsinə böyük rakursdan baxmasına təkan verir.
2. Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda deyib:
“Biz dəmir yollarımızı müasirləşdirdik, hətta Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsinə əlavə investisiya yatırdıq. Hazırda onun yükötürmə qabiliyyəti 5 milyon tondur. Zənnimizcə, Çindən gələn yüklərin bir hissəsi Zəngəzurdan, Zəngilan istiqamətindən keçə bilər”.
Bu bəyanat, Azərbaycanla Çinin strateji tərəfdaşlığında nəqliyyat dəhlizlərinin təhlükəsizliyinə və fasiləsiz fəaliyyətinə diqqət yetirilməsi fonunda şərh oluna bilər. Nəticə olaraq isə Çinin Zəngəzur dəhlizinə yanaşmaları onun rəqibləri ilə mübarizə kontekstində diqqət çəkir.
İqtisadi-ticari imkanlar, dəhlizlər üzərindən qurulmuş əlaqələr sistemi iki ölkənin müdafiə sahəsindəki əməkdaşlığını da şərtləndirir. İlham Əliyev Forumda Azərbaycanla Çinin müdafiə sahəsində əməkdaşlıqla bağlı dialoqa başladığını xatırladıb.
Azərbaycanın alternativ qlobal güc kimi inkişaf edən, geoiqtisadi konsepsiyaları nəhəng geosiyasi rıçaqlara çevirməyi bacarmış Çinlə müdafiə sferasındakı əməkdaşlıq perspektivinin iki geosiyasi aspekti var:
– Çin Cənubi Qafqazda Azərbaycanın maraqları ilə uyğunlaşan rolunu genişləndirir,
– Azərbaycan ambisiyalı güclərə qarşı alternativ tarazlıq yaradır.
-Azərbaycan ilə Çin arasındakı hərbi əməkdaşlıq, hərbi təhsil, texnologiya mübadiləsi və birgə istehsal sahələrində konkret addımlarla müşayiət olunacaq. Bu əməkdaşlıq, hər iki ölkənin geosiyasi potensialını gücləndirərək, regional təhlükəsizliyin təmin olunmasına töhfə verəcək.
3. Çinin geosiyasi məcəlləsi Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki konfliktlərin nəticəsində növbəti dünya nizamını ərsəyə gətirməyi hədəfləyir. Azərbaycanın Çinlə əlaqəli siyasəti onun Çin geosiyasətinin beynəlxalq aləmdəki üstünlüklərinə istinad etməyi prioritetləşdirir. İlham Əliyevin Çinə səfərinin praktikası və məntiqi yalnız bir regionda (Cənubi Qafqaz) müştərək maraq yaratmaq səyləri ilə məhdudlaşmır. Bu səfər beynəlxalq münasibətlər sistemindəki nizamın yenisi ilə əvəzlənməsinə təkan verən proseslərə strateji baxışı aktuallaşdırır. Yəni:
– İlham Əliyevin Çinə səfəri böyük geosiyasi koda malikdir və Azərbaycanın maraqlarının yeni dünya nizamı konsepsiyalarına uyğunlaşdırılmasını vurğulayır,
– Başqa yandan Çinin regiondakı təmsilçilik hüququnun hansı aspektlərə söykəndiyini göstərməklə İlham Əliyevin səfərinin məqsədində aydınlaşdırıcı xətlər görünər.
4. Çinin xarici siyasəti onun qlobal əlaqə siyasətinə əsaslanır. Çinin siyasətində 2015-ci ildən bu yana “qonşuluq” kimi terminlər az, “qlobal” və ya “əlaqə” kimi digər coğrafi kateqoriyalar isə daha çox əhəmiyyət kəsb edir. Bu, həmçinin, təşəbbüsün coğrafi və sektorlararası əhatə dairəsinin daha güclü şəkildə vurğulandığı “Bir kəmər, bir yol” Təşəbbüsü üzrə fəaliyyət planının dərcində də öz əksini tapıb. Çinin qurduğu əlaqələr üzərindən rəqiblərinə qarşı rəqabəti onu cənuba doğru yeni geosiyasət növü yaratmasına stimullaşdırır. Bu xüsusda, Çinin Tayvan ətrafında intensivləşən hərbi təlimləri onun genişlənmə arealı üçün lazım olan ideya və təcrübələrini beynəlxalq arenaya yayılmasını şərtləndirir.
İlham Əliyevin Çinə səfərdən öncə “Vahid Çin” siyasətinə dəstəyini ifadə etməsi Azərbaycanın Pekinin Tayvan üzərindəki suverenliyini təmin etməyə üstünlük verdiyini göstərir.
Ehtimal ki, bağlı qapılar arxasında Çinin Azərbaycana dəstəyi ilə Azərbaycanın Tayvan məsələsində Pekinin mövqeyini paylaşması arasında sinxronluq qurulacaq.
Aqşin Kərimov