KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq eyni məkan kimi

Aqşin Kərimov: Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq eyni məkan kimi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
174 0

Qərb, Rusiya və Çin özlərinin geosiyasi yerlərini və imkanlarını genişləndirmə planında Mərkəzi Asiya, Yaxın Şərq, Cənubi Qafqaz regionlarını eyni ox üzərindəki yağlı tikə kimi süzürlər.

Bu rəqabətin arasında mövqe tutub maraqlarını şəkilləndirən Türkiyə hər üç tərəflə oynayır, İran isə rəqabətin şiddətlənməsini yeni münaqişələrin yaranması üçün tətikləyir, bununla da özünün qeyri-dövlət aktorlarının yetişdirilməsi üçün münbit zəmin yetişdiyini düşünür.

Buna görə də adıçəkilən qlobal aktorların və Türkiyə, İran kimi regional oyunçuların Mərkəzi Asiya, Yaxın Şərq və Cənubi Qafqaz üzrə maraqları bir-birini tamamlayan müstəvi kimi qavranıla bilər. Maraqlar tamamlanmayanda isə regional risklərin nəzəri hissələri yeni təhlükələr istehsal edən zavoda bənzəyir.

Mərkəzi Asiyada Rusiyanın təsirləri azalmayıb, ABŞ isə Ukraynadakı müharibə fonunda bu regionda maraqlarını böyütməyə çalışır. Lakin ABŞ Yaxın Şərq cəbhəsində uğursuzluğa düçar olur, onun yerini Rusiya və Çin doldururlar.

Vaşinqton uğursuzluqdan yaranan boşluqları Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan coğrafiyada strateji bağlantılar, müxtəlif potensiallar hesabına əvəzləməyə çalışır. Ağ Evdəki həmin niyyət Rusiya ilə Çinin maraqlarına adekvat deyil. Ona görə də deyə bilərik ki, Rusiya da, ABŞ də, Çin də bir-birilə əlaqəli regionlarda maraqları birləşdirəcək platforma təsis edib yeni əməkdaşlıq modeli qurmağa can atırlar.

Deməli, Yaxın Şərq, Mərkəzi Asiya, Cənubi Qafqazı bir blokda birləşdirməkdən ötrü daha çox əlaqə qurulmağa cəhd göstərilir və region ölkələri səmərəli formatların hamısını özlərinin maraqları kontekstində tuturlar.

Hər üç regionun qlobal əhəmiyyəti onların zəngin sərvətləri fonunda böyük rəqabət meydanına çevrilməsi ilə prioritetləşir.

Qlobal ipləri öz tərəfinə çəkmək üçün genişmiqyaslı rəqabət olsa da, adıçəkilən regionlardakı dövlətlər bunu da əməkdaşlıq platforması qurmaq çağırışı kimi dəyərləndirirlər.

Bu, Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra sürətlənən tendensiyadır, beləliklə, Cənubi Qafqaz-Mərkəzi Asiya-Yaxın Şərq üçtərəfli oxundakı dövlətlər tədricən bölünməz coğrafi məkan kimi qiymət qazanır.
Təbii ki, burada xoşbəxt və firavan gələcəkdən söz açmaq müşküldür, ona görə ki, həmin bölgələr üzərindəki maraqların intensiv fazada irəliləməsi öz yedəyində xeyli sayda risklər daşıyır.

Üstəgəl, sözügedən regionlarda rəqabəti düşmən münasibətlərə söykəyən İsraillə İranın da kəskinləşən mübarizəsi regional mühitdəki rəngləri tündləşdirəcək.

Qərb, Rusiya, Çin həmin regionları əhatə edən niyyətlərini daha aydın şəkildə göstərmək üçün cürbəcür manevrlərini əsirgəməyəcəklər, hətta ağlagəlməz ssenarilərin belə, işə salınması mümkündür.

Strateji diqqətlərin itilənməsi Azərbaycanın və Türkiyənin böyük önəm verdiyi, qlobal oyunçuların marağında olduğu Zəngəzur dəhlizi layihəsinin yuxarıda qeyd edilən üç coğrafiya üzrə əhəmiyyətini böyüdəcək.

Zəngəzur dəhlizi layihəsi Çinlə Avropa İttifaqı arasındakı beynəlxalq ticarət marşrutunu şaxələndirəcək Orta Dəhlizin mənasını gücləndirən faktordur, bu isə Pekinin qlobal maraqlarını stimullaşdırır.

Beləliklə, Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq getdikcə daha çox ortaq məkan kimi görünəcəklər.

Bir regiondakı kritik proses digər bölgələrə həmişəkindən daha çox təsir edəcək.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir