KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aqşin Kərimov: Bayden-Tramp “savaşı”

Aqşin Kərimov: Bayden-Tramp “savaşı”

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
29 0

Çin, Rusiya-Ukrayna, Yaxın Şərq və Cənubi Qafqaz səhnəsi

ABŞ-də prezidentliyə namizədlər Co Bayden və Donald Tramp iyunun 27-də debatda üzə-üzə gəldilər. Bu bir daha Vaşinqtonun beynəlxalq siyasəti ilə əlaqədar hekayələri aktuallaşdırır.

Çin problemi

Bayden və Trampın beynəlxalq rəqabətdə Çini geridə qoymaq üçün süni intellekt sahəsinə baxışları oxşardır.

Bayden hesab edir ki, ABŞ-nin texnologiya sektoruna və süni intellektə sərmayə qoyması milli təhlükəsizlik məsələsidir. Bayden süni intellekt idarəetməsinə federal yanaşma yaratmaq üçün ilkin səylərə nəzarət edib və Çinin qabaqcıl texnologiyalarının inkişafını ləngitmək üçün addımlar atıb.

Tramp süni intellekt və kibertəhlükəsizliyi inkişaf etməkdə olan sahələr kimi milli strategiyalar qismində xarakterizə edir. O, süni intellektin inkişafını Çinlə silahlanma yarışı kimi qələmə verir.

Ümumiyyətlə, Çin Baydenin hakimiyyətdə olduğu dövrdə ABŞ-nin qlobal maraqları üçün böyük təhlükələr yaratmağa nail olub. Bu azmış kimi, Çin Tayvanı ram etmək üçün səylərini əsirgəmir. Şübhə yoxdur ki, Pekin yaxın aylarda və illərdə Tayvan üzərində suverenliyini təmin etmək məşqlərini davam etdirəcək. Bu isə ABŞ ilə Çin arasında strateji rəqabətin şiddətini artıracaq. Bu baxımdan, ABŞ-də növbəti prezidentin administrasiyası qarşısında duran ən ciddi xarici siyasət problemi Çin olacaq.

Deməli, ABŞ-də növbəti prezidentin kim olması Vaşinqtonun Çinlə getdikcə güclənən mübahisəli münasibətlərini sonlandırmayacaq və Ağ Ev daha fərqli problemlərlə üzləşəcək.

NATO – Baydenlə Trampı “düşmən” edən amil

Bayden ABŞ-ni NATO-nun müdafiə və təhlükəsizlik sahəsində çempion kimi saxlamağın tərəfdarıdır. O, ABŞ-nin maraqlarına uyğun olaraq, NATO-ya kollektiv müdafiə təminatı kimi baxır, Alyansı Çin və Rusiyadan gələn təhdidlərə qarşı cavab tədbiri həyata keçirəcək çəkindirmə aktı kimi qiymətləndirir.

Tramp isə bundan əvvəl NATO-nu tənqid edib və ABŞ-nin Alyansdan çıxması ilə hədələyib.

Tramp müdafiə xərclərinin NATO-nun saxlanılması üçün deyil, daha çox ABŞ-nin maraqlarını qorumaq və kosmik rəqabəti həll etmək üçün artırılmasının tərəfdarıdır. Bayden də, Tramp da ABŞ milli təhlükəsizlik və müdafiə strategiyasını Çin, Rusiya ilə böyük güc rəqabətinə yönəltsələr də, onların metodları fərqlidir. Ona görə də Trampın maliyyə öhdəliklərini bəhanə gətirərək ABŞ-ni NATO kimi müdafiə alyansından çıxmaqla hədələməsi faktı mövcuddur.

Yaxın Şərq

Baydendən fərqli olaraq, Tramp İranın Yaxın Şərqdəki davranışlarına ultramühafizəkar cavab verməyi üstün tutur. Ona görə də Tramp prezident seçilərsə, HƏMAS-İsrail müharibəsi fonunda İranın Yaxın Şərqdə böyüyən əzələlərinə qarşı daha sərt addımlarla cavab verə bilər. Üstəlik, Trampı Baydendən fərqləndirən başqa bir cəhət onun İsrailə hədsiz simpatiyasıdır. Ona görə də Tramp ABŞ-nin İsrailə, Səudiyyə Ərəbistanına dəstəyini iki nəticə üçün istiqamətləndirməyi hədəf seçir:

– Ayrıca Fələstin dövlətinin olmaması yanaşmasının reallaşması,

– ABŞ-nin İrana qarşı qarşıdurma mövqeyinin güclənməsi.

Rusiya-Ukrayna müharibəsi

İkinci Dünya müharibəsindən sonra Avropa ən dağıdıcı savaşa şahidlik edir. Rusiya-Ukrayna müharibəsi Qərbin Rusiyaya genişmiqyaslı, çoxsaylı və misli görünməmiş sanksiyalar tətbiq etməsinə gətirib çıxarsa da, Moskva Ukraynadan istədiyini qoparmaqda inadkarlıq göstərir. Üstəlik, Rusiyanın Qərbdə gözlənilənlərin əksinə olaraq, iqtisadiyyatını sabit saxlaması, milli valyuta olan rublu möhkəmləndirməsi Qərb qarşısında Ukrayna naminə xərclərin artırılması məcburiyyətini yaradır. Lakin ABŞ və müttəfiqlərinin Ukraynanı silahlandırması və Kiyevi maliyyələşdirməsi Vaşinqtonda birmənalı qarşılanmır.

Bayden düşünür ki, Rusiyanın qələbəsi Avropanın qalan hissəsi üçün təhlükə yaradır. ABŞ bu təhdidlərin qarşısını almaq üçün Ukraynanın Rusiyaya qarşı müdafiə səylərini lazım olduğu qədər dəstəkləyəcəyini bəyan edir.

Tramp isə bu mövqedədir ki, yenidən prezident seçilsə, ABŞ-nin Ukraynaya əlavə yardımını təsdiqləmək öhdəliyi götürməyəcək. Beləliklə, Tramp ABŞ-nin Ukraynaya davamlı dəstəyinin perspektivini şübhə altına alır və bildirir ki, o, münaqişəni tez bir zamanda həll edə bilər. Amma bunu necə edəcəyi barədə konkret bir formul təqdim etmir.

İqlim dəyişikliyinə dair ziddiyyətlər

Bayden iqlim dəyişikliyi ilə mübarizəni ABŞ-nin qlobal maraqlarının sütunu kimi inkişaf etdirir. Tramp isə dəfələrlə iqlim dəyişikliyi mövzusunu şübhə altına alıb və Birləşmiş Ştatları əsas qlobal iqlim səylərindən geri çəkməyi vəd edib. Bunlar Trampın prezident seçiləcəyi təqdirdə ABŞ-nin iqlim dəyişikliyi ilə mübarizənin kontekstinə qlobal maraq qatmayacağı ilə nəticələnə bilər.

Cənubi Qafqaz

Baydenlə Trampın beynəlxalq münasibətlərdə ABŞ-nin yeri barədəki fərqli fikirlərinə baxmayaraq, ABŞ-nin Cənubi Qafqazdakı siyasətinin dəyişəcəyi ehtimalları azdır. Fərq o məsələdə üzə çıxa bilər ki, Tramp indiki administrasiyadan fərqli olaraq Ermənistana dəstək çıxan xəttə girməz. Ancaq Trampın yeni ideyalarla ABŞ-nin Cənubi Qafqazda Azərbaycan-Ermənistan sülh gündəliyinə təsir imkanları qazandırması cəhdləri görünə bilər.

Bundan başqa, Tramp üçün Gürcüstan mövzusu, demokratlardan fərqli olaraq, başqa gündəliyin formalaşdırılması ilə nəticələnə bilər. Çünki Tramp ABŞ-nin elan etdiyi demokratik ideal və prinsipləri ABŞ-nin genişlənmə siyasəti üçün əsas saymır və Gürcüstanın Rusiya ilə əlaqələri yaxşılaşdırması onun nəzərində təhlükəli tendensiya kimi görünməyə bilər.

Azərbaycanla əlaqələrə isə ABŞ-dəki prezident dəyişikliyi ciddi təsir göstərən deyil. Uzağı, Tramp Bayden administrasiyasından fərqli olaraq, Azərbaycana qarşı təzyiq kampaniyasını azaltmağa çalışa bilər. Bundan savayı, Vaşinqton-Bakı əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qədər qaldırılması üçün böyük səylər mümkün Tramp administrasiyasında müşahidə oluna bilər.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir