Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-a səfəri, Dövlət Departamentinin rəhbəri Entoni Blinkenlə görüşməsi Qərblə Rusiya arasında bütün cəbhələrdə misli görünməmiş qarşıdurma fonunda izah edilməlidir.
Ermənistanın perspektivə dair arzusu özünü Rusiyanın caynağından çıxarıb ABŞ-ın ağuşuna atmaqdan ibarətdir, amma bu addım Ermənistanın taleyini qaranlıqlara sürükləyən hadisələrlə müşayiət olunacaq.
Rusiya və ABŞ-ın Ermənistan uğrundakı savaşı tərəflərin İrəvanı etibarlı tərəfdaş kimi nəzərdən keçirməsindən irəli gəlmir, erməni kartı hər ikisinin əlində bir vasitədir, daha doğrusu Ermənistan tərəflər üçün “faydalı axmaq” rolundadır.
Ermənistanda Nikol Paşinyanın hakimiyyətdən devrilməsi üçün planların dövriyyədə olduğu zamanda İrəvan üzünü ABŞ-a tutaraq Moskvadan gələn təhdidləri önləmək istəyir, amma bu əbəs olacaq. Hərçənd ki, Mirzoyanın səfəri zamanı ABŞ-Ermənistan strateji dialoqunun bərpa ediləcəyi və mülki nüvə əməkdaşlığına dair anlaşma memorandumunun imzalandığı açıqlanıb.
Dünyada baş verən proseslər, Cənubi Qafqazdakı reallıq isə Ermənistanı kiminsə qucağında əyləşmək siyasətindən çox, onu Azərbaycan və Türkiyə ilə münasibətləri bütün parametrlər üzrə normallaşdırmağa məcbur edir.
Həmin sənədin imzalanması sadəcə ABŞ-Ermənistan münasibətlərində diplomatik mexanizmin tərkib hissəsidir və bu, Ermənistan üçün xilas yolu hesab oluna bilməz.
Çünki İrəvanla Vaşinqton arasında 1997, 2007, 2017-ci illərdə də bu cür saziş imzalanıb, bu, Ermənistana nə əlahiddə üstünlük verib, nə də İrəvan üçün ABŞ tərəfindən tənzimlənən qoruyucu mexanizmə çevrilib.
İmzalanacaq sənəd “Metsamor” atom elektrik stansiyasının istismarına töhfə verə bilər, lakin bu da ancaq Rusiya-ABŞ-Ermənistan formatında birgə istismarı mümkün edəcək.
Çünki Rusiyanın “Rosatom” şirkəti “Metsamor”u Ermənistan hökuməti ilə birgə idarə edir, buna görə də Kremlin iqtisadi rıçaqları əldən verəcəyini düşünmək sadəlövhlük olar.
Digər yandan Ermənistanla Rusiya arasında əlavə bir neçə nüvə reaktorunun tikintisinə dair razılıq da mövcuddur.
Qarışıq situasiya ilə üzləşən Ermənistanın Rusiyanın çətiri altından çıxıb ABŞ-a sığınması ən azından mümkünsüzdür, ta o zamana qədər ki, Moskva xarici siyasət konsepsiyasına köklü dəyişiklik etsin və ekspansiya niyyətlərindən əl çəkdiyini bəyan etsin.
Rusiyanın köklü siyasətini əhəmiyyətli dərəcədə redaktə etməsinə dair üfüqlərdə işartı yoxdur, ona görə də, Ermənistan Cənubi Qafqazdakı yeni reallıqların şərtləri çərçivəsindən kənara çıxaraq revanşizm üçün ümid yerləri axtarmaq sevdasından vaz keçməlidir.
Postmünaqişə gerçəkliyi Ermənistan üçün Azərbaycan və Türkiyənin diktələri altında hərəkət etməkdən başqa seçim yolu qoymur, burada Rusiyanın da təzyiq mexanizmləri rola sahibdir.
Lakin nə ABŞ, nə Rusiya Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin öz qlobal strateji iradələrindən kənara sıçrayan addımlar fonunda tənzimlənməsini istəmir.
ABŞ və Rusiyanın nə istədiyi yox, prosesə necə töhfə verəcəyi Azərbaycan-Türkiyə ikilisinin gündəliyindədir, Bakı da, Ankara da, diktəedici ideyalardan uzaq olan bütün praqmatik təkliflərə açıqdır.
Əgər Ermənistan özünü Moskvanın qabığından çıxarsa, Rusiya-Ermənistan münasibətlərinə yenidən baxılması zəruriliyi ortaya çıxacaq və qəzəbli Kremlin cavabı başqa cür olacaq.
Aqşin Kərimov Kafkassam