KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Aqşin Kərimov: Abdullahian-Fidan danışıqları: Əməkdaşlıqdan çox, rəqabət

Aqşin Kərimov: Abdullahian-Fidan danışıqları: Əməkdaşlıqdan çox, rəqabət

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
178 0

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Tehrana səfər edərək iranlı həmkarı Hüseyn-Əmir Abdullahianla görüşü iki dövlətin maraqlarının strateji uzlaşdırılması baxımından əhəmiyyət kəsb edir.

Hər iki ölkə bir-birlərinin regional davranışlarının monitorinqini apararaq perspektiv hərəkət trayektoriyalarının hansı yöndə olacağını hesablayır.

Çünki İranla Türkiyənin maraqlarının bir-birilə toqquşduğu və ortaq nöqtələr olduğu platformalar mövcuddur, yəni tərəflər bir-birinin regional konsepsiyalarında rəqabət-əməkdaşlıq motivlərini yüksəldirlər.

İranın Suriya və İraq oxunda müqavimət hərəkatını gücləndirmək meyilləri Türkiyənin strateji maraqları baxımından Ankaraya faydalı iş əmsalı təqdim etmir.

Hərçənd, İranın İraqda PKK-ya qarşı hərəkətlərini yeni hərbi əməliyyat moduna kökləməsi Türkiyənin yükünü bir qədər azaltmış olar. Fidanın İraqda və Suriyadakı PKK kartına qarşı Türkiyə siyasətinin mövqeyini təkrar etməsi mənalıdır.

Bununla belə, Türkiyənin PKK-nı məhv etmək iddiaları ilə İranınkı bir-birilə uyuşmur, ona görə ki, strateji zəkalar fərqlidir. Məsələn, Fidanın İraqın Kərkük bölgəsindəki türkmanların sülh və təhlükəsizlik içində yaşamaq barədəki çağırışı İranın xətti ilə uyuşmur.
Hər bir halda, Tehran-Ankara xəttindəki diplomatik fazaya yeni xeyir-dua verilməsi ikitərəfli əməkdaşlığın ruhunu təzələmək baxımından cəlbedicidir.

Tərəflər bu məsələdə iqtisadi-ticari platformada səmərəli əməkdaşlıqdakı qarşılıqlı yüksəlişi indikator hesab edirlər. Təsadüfi deyil ki, Abdullahian-Fidan danışıqlarında iki ölkə arasındakı gələcək ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılmasının hədəflər sırasında olduğu vurğulanıb.

Bunun mexanizmlərinin hazırlanması bir az vaxt aparacaq, ona görə danışıqların növbəti mərhələsi prezidentlər səviyyəsində keçiriləcək ki, daha geniş gündəliyi əhatə edən vərdişlərə yiyələnsinlər.

Türkiyə ilə İranın müştərək maraqlar üçün bazasını inkişaf etdirməsinin regional çəkisi əhəmiyyətlidir, lakin iki ölkənin təhlükəsizlik mövzularındakı, regional baxışlarındakı fərqliliklər ortadakı cari situasiyanı həlledici şəkildə dəyişə bilməkdən uzaqdır.

Bunu çox rahat şəkildə Abdullahianın timsalında İran siyasətinin ali təlimatları sırasında qeyd olunan “Qafqazda geosiyasi dəyişikliklərə dözməyəcəyik” mövqeyinin təkrarlanmasından görmək mümkündür.

Bu, Cənubi Qafqazın vizyonu fonunda Ankara ilə Tehranın geniş regional rəqabət sahəsini əhatə edəcək tezisin səsləndirilməsidir. Fidanın səfərindən sonra İran mediasında tirajlanan yazıların xarakterinin rəqabət rejimindəki fikirləri əhatə etməsi də diqqət çəkir.

Qeyd edək ki, Türkiyənin İsraillə əlaqələrində yeni səhifə açmasının İran üçün minus cəhətləri mövcuddur. Çünki İsrailin Türkiyə ilə əməkdaşlığındakı dərinləşən məzmun Təl-Əvivin regional maraqlarını Cənubi Qafqaz-Mərkəzi Asiya zolağında böyüdür.

Bu, İranın regional ambisiyalarının önündəki maneələrdir, ona görə də Abdullahianın Qafqaz oxundakı dəyişikliklərin qəbuledilməz olduğunu söyləməsi digər regionlar üzrə Türkiyə-İsrail ruhuna qarşı fikir kimi səslənir.

Türkiyə ilə İran arasındakı rəqabətə güc verəcək başqa bir amil siyasi islamın xarici siyasətdəki təzahürləridir. Düzdür, Türkiyə dünyəvi dövlətdir, ancaq regional maraqları onu islam amilini siyasətin nüvəsində tutmağa təşviq edir, bu isə İranın özünəməxsus şiəlik və bu baza əsasında formalaşdırdığı proksi qüvvələrə qarşı ideoloji müqavimət oxu yaradır.

Sadalanan məsələlərin rəqabət üzrə təsnifatı belə bir nəticə çıxarmağa imkan verir ki, tərəflər bir-birinə qarşı kəşfiyyat fəaliyyətini gücləndirəcəklər.

Fidanın İran səfərindəki ştrixlər iki ölkənin maraqlarının çoxaldığı regionlarda hərəkətliliyin artırılması ehtimallarını səsləndirməyə imkan verir.

Hakan Fidanın Abdullahianla mətbuat konfransında iranlı həmkarı ilə Yaxın Şərq, Cənubi Qafqaz, Əfqanıstan, Rusiya-Ukrayna müharibəsini müzakirə etdiyini bildirməsi hansı regionlarda aktivlik dərəcəsinin artacağına işarədir.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir