KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aqşin Kərimov: Əliyev-Tokayev danışıqları

Aqşin Kərimov: Əliyev-Tokayev danışıqları

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
251 0

Əliyev-Tokayev danışıqlarındakı ORTA XƏTT: Rusiya vəziyyəti mürəkkəbləşdirə bilər

Prezident İlham Əliyevin Qazaxıstana səfər edərək həmkarı Kasım Jomart-Tokayevlə görüşü geosiyasi ssenarilərin pisləşməsinə qarşı preventiv tədbirlər planını özündə ehtiva edir.

Azərbaycan və Qazaxıstan qarşılıqlı maraqları təmin edən yeni yollar kəşf etməyə, xarici siyasət vektorlarını yeniləməyə imkan verən potensialları ölçür.

Bakı və Astana Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun – Orta Dəhliz – ölçülərini qeyri-məhdud və aşkar maraqla müəyyən edirlər. Əliyevlə Tokayevin müzakirələrində Orta Dəhlizlə bağlı tezislər mühüm əhəmiyyət kəsb edir.

Çindən Avropaya seçim marşrutlarının həlledici aspektləri Orta Dəhlizin şərtidir, bu mənada Azərbaycanla Qazaxıstanın həmin tabloda mühüm əhəmiyyətə malik olması beynəlxalq güclərin bu ölkələrə diqqətini artırır.

Azərbaycanla Qazaxıstan Şimal-Cənub Nəqliyyat Dəhlizi istiqamətində iştirakdan da üstünlük əldə etmək istəyirlər. Qısası, hər iki ölkənin həm Şərq-Qərb, həm Şimal-Cənub qlobal tədarük zəncirlərindəki iştirakı onların müxtəlif tərəfdaş ölkələrlə münasibətlərdəki yerini xeyli yaxşılaşdırır.

Qlobal nəqliyyat marşrutlarındakı mövcudiyyət Azərbaycanla Qazaxıstanı dərin inteqrasiyaya sövq edir və tərəflər bunu siyasi təhlükəsizliyi gücləndirmək üçün fərqli ssenarilər qismində istifadə edirlər.

Beləliklə, Bakı ilə Astana Orta Dəhlizi ikitərəfli münasibətlərdə növbəti mərhələ, çoxtərəfli əlaqələrdə isə strateji tərəfdaşlıq kimi inkişaf etdirirlər.

Əliyevlə Tokayevin danışıqlarının nəticəsində ikitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsinə xidmət etmək üçün Ali Dövlətlərarası Şuranın təsis edilməsi potensialların tərəfdaşlıq qismində irəliyə aparılmasına və onun dayanıqlılığını təmin etməyə xidmət edəcək.

Ancaq planlar tərtib olunan təqvim üzrə getməyə bilər, çünki Çin, Qərb və Rusiya regiona atdıqları qarmaqların sayını çoxaldıblar.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra böyük “balıq”lar Mərkəzi Asiya və Qafqazda alternativlər axtarırlar ki, bir itkini digər cəbhə ilə kompensasiya etsinlər.

Bu, Orta Dəhlizi ticari maraqlar çərçivəsindən kənara çıxararaq onu geosiyasi arenaya keçirir. Görünən odur ki, Şərqlə Qərbin (hər iki mənada) bağlantısını təmin edən Orta Dəhlizin strateji ipləri Çinin əlindədir və bu, Pekinin Mərkəzi Asiyada nüfuz qazanması ilə bərkiyəcək.

Çin Dəhlizin infrastruktur prioritetlərini formalaşdırmaqda iddialı namizəddir, maliyyə yükü isə Dəhliz üzrə geostrateji maraqların Çinin əlinə keçməsinə şərait yaradır.
Ehtimal vermək olar ki, Əliyevlə Tokayev Çinin ekspansiya siyasətinin və bunun Rusiya ilə Qərbdə yaratdığı qıcıqların doğura biləcəyi nəticələri müzakirə ediblər.

Fikirləşmək üçün əsaslar var ki, daha çox Rusiyanın oynaya biləcəyi oyunlar müzakirələr sırasında ön planda tutulub, çünki Orta Dəhliz ümumilikdə Rusiyadan yan keçir.

Rusiya əlini gücləndirmək üçün bu Dəhlizin özünə xeyir gətirən formada şaxələnməsi üçün geosiyasi situasiyanı mürəkkəbləşdirən addımlar ata bilər.

Türkiyənin proseslərdəki yeri də maraq doğurur, onu deyək ki, bu ölkə Orta Dəhlizin Avropa ucunda dayanır. Ankara bu marşrutu təkcə Mərkəzi Asiya ilə daha güclü iqtisadi əlaqələr qurmaq üçün deyil, həm də öz strateji mövqeyini yaxşılaşdırmaq üçün bir yol kimi görür.

Əliyevin Astanaya səfəri Zəngəzur dəhlizi layihəsinin Orta Dəhlizdəki yerini dəqiqləşdirmək, strateji miqyasını ölçmək baxımından da önəmə sahibdir. Yəqin ki, Rusiya üçün Zəngəzur koridoru xüsusi dəyərdir – Orta Dəhlizdə pay sahibi olmaq üçün. Bu məsələdə Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Rusiyanın maraqları ilə kəsişən addımlara getməkdə maraqlı deyil.

Ümumiyyətlə, Bakı-Ankara tandemi Zəngəzur dəhlizi uğrundakı beynəlxalq rəqabətin iqtisadi impulslarından narahat deyil, onları düşündürən budur ki, həmin rəqabət təhlükəsizlik mühitinə necə təsir göstərə bilər.

PROQNOZLAR:

Əliyevin Astanaya səfərindən sonra Azərbaycanla Qazaxıstan öz ərazilərindən keçən nəqliyyat hiperlinklərinin cəlbediciliyini gücləndirmək üçün əllərində olan alətlərdən istifadə edəcəklər.

Danışıqların növbəti raundu Türkmənistanla ola bilər, beləcə, ümumiyyətlə Türk Dövlətləri Təşkilatı qismində strateji maraqlar önə çıxacaq. Bunun nəticələri isə qlobal rəqabətin hansı istiqamətə gedəcəyi ilə aydınlaşmağa başlayacaq.

Aqşin Kərimov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir