KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Aqşin Kərimov: Əliyev-Ərdoğan müzakirələrinin hərbi-siyasi alqoritmləri

Aqşin Kərimov: Əliyev-Ərdoğan müzakirələrinin hərbi-siyasi alqoritmləri

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
213 0

Prezident İlham Əliyev Ankaraya səfər Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşdü.

Liderlərin müzakirələrindəki qapalı məqamları Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Föqvəladə Zirvə görüşü çərçivəsində gün işığına çıxa bilər.

TDT liderlərinin Zirvə görüşünün kodu “fövqəladə” alqoritmi ilə daha aydın açılır.

Yəni təcili qərarlar verilməli, strateji dərinliklərdə hesablanan risklərin, gözlənilən proseslərin nəticələrinə hazırlıqlar görülməlidir.
Əliyevlə Ərdoğan regionda iki dövlətin maraqlarını TDT kontekstinə yüksək sürətlə daşımaq üçün atılacaq addımları dəqiqləşdiririlər.

Bunun üçün birinci növbədə Azərbaycanla Türkiyənin strateji müttəfiqliyindən irəli gələn strateji müdafiə istehkamları möhkəmləndirilməlidir.

Rusiya-Ukrayna müharibəsinin təsirlərinə, İranın nüvə silahı əldə etməyə yaxınlaşmasına, supergüclərin region uğrunda artan mübarizəsinə reaksiya olaraq Azərbaycanla Türkiyə əməkdaşlığın bütün sferalarını daha da irəliyə aparmaq çağırışı ilə qarşı-qarşıyadır.

Əsasən müdafiə sənayesi sahəsində və hərbi-təhlükəsizlik miqyasında ən güclü əməkdaşlığın zamanı çatıb.
Əliyevlə Ərdoğanın əyləşdiyi müzakirə masasına qoyulan qovluqlarda həmin istiqamət xüsusilə diqqət çəkir.

Bakı-Ankara müttəfiqliyi regional təhlükəsizlikdə kəsişən qlobal ölçüləri hansı formaya salmağın yollarını axtarır.

Bu təcili və ağıllı siyasi qərarlarla idarə ediləbilən formatın içərisində tutulur və Əliyevlə Ərdoğan mövqeləri bir daha tutuşdururlar.

Liderlərin müzakirəsindəki hərbi aspektlər strateji müttəfiqlik əlaqələrindəki hazırlıq səviyyəsinin yoxlanılması, davamlılığı, təhdidlərə hansı formada cavab verməyin koordinatlarını müəyyən edəcək.

Bu mənada hətta gözləniləndir ki, Azərbaycanla Türkiyə arasındakı əməkdaşlığın hərbi-siyasi istiqamətlərində yeni səhifələr vərəqlənsin.

Çıxarılacaq qərarlar TDT-nin əhatə etdiyi coğrafiyanın təhlükəsizlik zolağı içərisində böyüməsinə də tutarlı işarələr verə bilər.
TDT-nin alternativ güc mərkəzi olması üçün hələ xeyli məsafə qət edilməlidir, ancaq bu Təşkilat artıq beynəlxalq münasibətlər sisteminin içərisində üst mövqelərə çıxmaq əzmini nümayiş etdirir.

Bunun gözlənilən perspektivlərindən nəticə qoparmaq üçün Qərb, Rusiya və Çin strateji maraqlarının oxlarını TDT coğrafiyasına yönləndirirlər.

TDT Mərkəzi Asiyada şiddətli xarakter alan rəqabətə çevik və operativ reaksiyalar verməlidir ki, bu, regionu poliqona çevirməkdən qorusun.

Cənubi Qafqaz və Mərkəzi Asiya arasındakı bağlantını bərkidəcək Zəngəzur dəhlizi layihəsinin açılması zərurətlər siyahısındadır.
Bu dəhliz Azərbaycan və Türkiyənin strateji maraqları əsasında TDT-nin strateji qorunması vasitəsi kimi dönüş nöqtəsi yarada bilər.

Lakin bu nöqtəyə çatana qədər dəhlizə qlobal güclərdən kimin üstün imtiyazlarla nəzarət etməsi xeyli strateji çətinlikləri meydana çıxarır.

Azərbaycanla Türkiyə TDT çərçivəsində həmin çətinliklərin öhdəsindən gəlmək bacarıqlarını inkişaf etdirəcəklər.
Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkisi ərəfəsində də risklər artmaqdadır.

Azərbaycan həmin risklərin aradan qaldırılmasında öz töhfəsini verməyə hazır kimi görünür, çünki Türkiyənin istikrarsız bir zəminə ayaq basması ehtimalı daha böyük çətinliklər yarada bilər.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir