Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin iştirakı ilə sammit keçirildi, bu tədbir daha çox Suriyadakı nüfuz dairəsinin yenidən şəkilləndirilməsindən ötrü üç dövlətin vahid qərara gəlməsinə hesablanmışdı.
Sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyanın şimalında hərbi əməliyyatlar keçirməkdə israrlı və qətiyyətli olmasını bu sitatla bəyan etdi:
“Milli təhlükəsizliyimizi təhdid edən şər yuvalarını Suriyadan söküb atmaqda qərarlıyıq”.
Türkiyə keçirəcəyi antiterror əməliyyatları üçün Astana prosesi çərçivəsində Rusiya və İrandan siyasi dəstək gözləyir, Moskva ilə Tehranın Ankaraya baxış bucağındakı nisbət bir-birindən fərqlənir.
Türkiyə ilə Rusiyanın Suriyaya dair açıq-gizli müştərək maraqları mövcuddur, bunu Ankara-Tehran kontekstində isə səsləndirmək olmur.
Ərdoğanın İranın ali dini lideri Seyid Əli Xamenei ilə keçirdiyi görüşdə ikincinin Suriyada antiterror əməliyyatı mövzusunda keçirdiyi narahatlığı dediyimizin bariz nümunəsi hesab etmək olar.
Tehran Suriyada Türkiyənin qüvvələr nisbətində üst mövqeyə çıxmasına qarşıdır və Ankaranın təhlükəsizlik yastığı yaratmaq cəhdlərini Suriyanın ərazi bütövlüyünün pozulması kimi interpretasiya edir.
Türkiyənin Suriya üzrə cari hədəfləri:
1. Tel-Rıfat və Münbiçin PKK-dan təmizlənməsi,
2. Türkiyə-Rusiya razılaşmasının nəticəsi olan İdlibdəki atəşkəsin davam etdirilməsinə nail olmaq.
Rusiya Prezidenti Vladimir Putin Suriyada əməkdaşlığın vacib kilid nöqtələrinin müzakirə edildiyini bildirməklə aşağıdakı mesajı vermis oldu: Hər üç ölkənin Suriyadakı qırmızı xətlərini tapdalamamaq şərtilə hərbi hərəkətlilik başadüşüləndir.
Bunu sammitin nəticəsi olaraq qəbul edilən ortaq bəyanatın mətnində də duymaq mümkündür. Sənədə əsasən, hər üç dövlət Suriyada dönüş nöqtəsi yaradılmasından ötrü prinsipial mövqedə dayanırlar.
Hərçənd ki, cənab Putin problemlərin siyasi və diplomatik yolla həllində üç ölkənin həmfikir olduğunu söylədi. Amma bu, adi diplomatik etiket qaydasıdır və sonrakı hərbi-siyasi aktivliyə təkan verəcək tezisin məzmunundan başqa bir şey deyil.
Hesablama aparsaq, hasil edə biləcəyimiz qənaət bundan ibarətdir ki, İran, Türkiyə və Rusiya Suriyada digər güclərin (Qərbin) geopolitik maraqlarının eqoist tərzdə təzahürlərinə qarşı səylərini birləşdirir, lakin yerdə qalan mövzularda rəqabət şəraitində fəaliyyət göstərirlər.
İran Prezidenti İbrahim Rəisi də eyni mövqeni ifadə etdi, bir daha Suriyanın suverenliyi məsələsini önə çəkdi və bununla Ərdoğana mesajını çatdırdı.
Yuxarıda Tehran, Ankara və Moskvanın Suriyada Qərbi sıxışdırmaq cəhdlərinə toxunduq, mövzu üzrə əlavə şərhə ehtiyac olduğundan bəzi məqamları qeyd etmək yerinə düşər.
Tehranda keçirilən zirvə görüşündə İran-Türkiyə-Rusiya üçbucağı vahid bir nöqtəyə çəkic vurdular: Hər üç prezident Fərat çayının Şərq sahilindəki terror qruplaşmalarının fəaliyyətindən narahatlıqlarını dilə gətirdi.
Bununla da Fərat çayının işarə edilən zonasında ABŞ-ın həmin qruplaşmalara dəstək verdiklərini dilə gətirir və perspektiv üçün Ağ Evin həmin bölgədəki maraqlarını zəiflətmək planlarını işləyirlər.
Fəratın Şərq sahili deyərkən, çayın Suriya torpaqlarına girdiyi Karkamışdan, İraq sərhədinə bitişik olan Cizrəyə qədərki zolağın cənubu nəzərdə tutulur.
Bu uzun bir zolaqdır, ABŞ qüvvələri ilə paralel olaraq PKK-nın nəzarətində olan zonadır.
Məsələ o qədər də sadə deyil, həmin bölgə üzrə Türkiyə, Rusiya və İranın da maraqlarını eyni müstəvidə inkişaf etdrməsi çətindir.
PROQNOZLAR:
1. Türkiyə Suriyanın şimalında gizli şəkildə həyata keçirdiyi kəşfiyyat əməliyyatlarını açıq hərbi hərəkətlilik səviyyəsində nümayiş etdirəcək.
2. Rusiya Türkiyə ilə bir yerə qədər razı olacaq və sonrakı proseslər üçün mütləq yeni təmaslar baş tutacaq.
3. İranın isə Türkiyəyə dəstəyi formal xarakter daşıyacaq.
4. ABŞ-ın bölgədən sıxışdırılması baş tutmayacaq.
Aqşin Kərimov Kafkassam